“Prezident İlham Əliyevin qərarı öz bəhrəsini verməkdədir” Siyasət

“Prezident İlham Əliyevin qərarı öz bəhrəsini verməkdədir”

"Fövqəladə Hallar Nazirliyi əhalinin rahat yaşamasına öz töhfəsini verəcək"

Dünən Fövqəladə Hallar Nazirliyinin (FHN) yaranmasının 10 illik yubileyi münasibətilə genişləndirilmiş kollegiya iclası keçirilib.
Kollegiya iclası "Günəşli" yatağının 10 saylı dərin dəniz özülündə baş vermiş qəzada həlak olmuş neftçilərin və "Vixr-9" yanğınsöndürmə gəmisinin kapitanı Vyaçeslav Kryuçkovun xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
İclasda çıxış edən fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bildirib ki, ümummilli lider Heydər Əliyev hər zaman insanların təhlükəsizliyinə xüsusi diqqət yetirib, bu prinsip prezident İlham Əliyev tərəfindən davam etdirilir.
Kəmaləddin Heydərov qeyd edib ki, Azərbaycan daşqın, sürüşmə, zəlzələ və digər təbii fəlakətlər zonasında yerləşir: "2005-ci ilin dekabrında Fövqəladə Hallar Nazirliyi yarandı. Nazirliyin bir çox səlahiyyətlərini regional mərkəzlərə verdik ki, əhali Bakıya gəlmək məcburiyyətində qalmasın. Prezident İlham Əliyevin sərəncamı ilə ayrılan vəsaitlər hesabına çoxlu sayda yanğınsöndürən maşınlar, helikopterlər, hətta bu gün bizdən çox böyük olan ölkələrin parklarında olmayan təyyarə alındı. Eyni zamanda Tikintidə Təhlükəsizliyə Nəzarət, Su Ehtiyatlarının İdarə Olunması Agentliyi və digər agentliklər yaradıldı. Bu qurumlar əvvəllər ayrı-ayrılıqda fəaliyyətlərini effektli qura bilmirdisə, nazirliyin tərkibində effektli fəaliyyət göstərməyə başladı".
Nazir FHN-in Akademiyasının Azərbaycanda ən yaxşı təhsil müəssisələri sırasında olduğunu diqqətə çatdırb: "Bu Akademiyada yetişən mütəxəssislər gələcəkdə Azərbaycanın təhlükəsizliyini daha da etibarlı təmin edəcəklər. 10 il əvvəl prezident İlham Əliyevin verdiyi qərar öz bəhrəsini verməkdədir. Təbii fəlakətlər və texnogen qəzalar zamanı xilasedicilərin nümayiş etdirdikləri şücaət göstərir ki, gələcəkdə də Fövqəladə Hallar Nazirliyi əhalinin rahat yaşamasına öz töhfəsini verəcək".
Kollegiya iclasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov nazirliyin hərbi hissə komandirləri qarşısında tələb qoyub.
Kəmaləddin Heydərov bildirib ki, heç bir komandir əsgərlər arasında ayrı-seçkilik yaratmamalıdır: "Bu, istər gənc əsgər olsun, istərsə də xidmət müddətinin bitməsinə az qalmış əsgər olsun. Heç bir halda ayrı-seçkilik olmamalıdır".
Bir müddət öncə FHN-in Mülki Müdafiə Qoşunlarının N saylı hərbi hissəsində əsgər ölümünə toxunan Kəmaləddin Heydərov bu hadisədən çox kədərləndiklərini diqqətə çatdırıb: "İnanılmaz hadisə baş verdi. Orada nəzarəti güclü şəkildə həyata keçirməyən adamlar həbs edildilər".
Nazir qeyd edib ki, tədbirlər bundan sonra da davam edəcək: "Hərbi hissələrdə hər hansı kiçik nöqsan baş verərsə, həmin tabora, manqaya, hissəyə rəhbərlik edən zabit cəzalanacaq".


Kəmaləddin Heydərov bəzi rayon və şəhər icra hakimiyyətlərinin təmir-tikinti işləri zamanı yanğına davam gətirməyən materiallardan istifadə etdiklərini deyib.
Nazir qeyd edib ki, Bakının Binəqədi rayonunda yaşayış binasında baş vermiş yanğın zamanı yanğınsöndürənlər ölümlərini gözləri önünə alaraq çoxlu sayda insanları xilas etdilər: "Təəssüflər olsun ki, yanğında 15 nəfər həyatını itirdi. Təəssüflər olsun ki, nazirliyin müvafiq qurumlarının dəfələrlə rayon və şəhər icra hakimiyyətlərinin başçılarına xəbərdarlıq məktublarına, göstərişlər verməsinə baxmayaraq, bəzi rayon və şəhər icra hakimiyyətləri binaların əsaslı təmirində yanğına davamlı olmayan materiallardan istifadə edib. Biz sonra da gördük ki, icra hakimiyyətləri abadlıq zamanı yanğına davamlı olmayan materiallardan istifadə ediblər. Bu, istintaqda da üzə çıxır".
Tədbirdə prezident İlham Əliyev tərəfindən təltif edilən FHN əməkdaşlarına orden və medallar, diplomlar təqdim edilib.
Nazir qeyd edib ki, dövlət başçısının təltifləri görülən işlərə verilən qiymətdir: "Biz çalışmalıyıq ki, cavabdeh olduğumuz sahələrdə axsamalar olmasın, heç kəs Fövqəladə Hallar Nazirliyindən narazı qalmasın. Əməkdaşlarımızın səhvi insan ölümü ilə nəticələnə bilər. Ona görə bundan sonra özümüzə qarşı daha da tələbkar olmalıyıq".
Sonda prezident İlham Əliyevə müraciət qəbul olunub. Müraciətdə qeyd edilib ki, FHN 10 ildir ki, vətəndaşların təhlükəsizliyinin keşiyində dayanır və yubileyini böyük sevinc, qürur hissi ilə qeyd edir: "Cənab prezident, ölkə vətəndaşlarının təhlükəsizliyinin təmin olunması istiqamətində fəaliyyətinizi yorulmadan davam etdirirsiniz. Fövqəladə Hallar Nazirliyinə diqqət və qayğı da bunun bariz göstəricisidir. 10 il ərzində əldə etdiyimiz hər bir uğur Sizin diqqət və qayğınıza dayanır".
Müraciətdə vurğulanıb ki, FHN əhalinin təbii və texnogen qəzalardan qorunması üçün bundan sonra da bütün qüvvə və səylərini səfərbər edəcək, dövlət başçısının tapşırıqlarını layiqincə yerinə yetirəcək.