“Avropa təsisatlarının Azərbaycana qarşı qərəzli mövqeyi hər zaman özünü büruzə verib” Siyasət

“Avropa təsisatlarının Azərbaycana qarşı qərəzli mövqeyi hər zaman özünü büruzə verib”

Ramiz Aliyev: "Bu ədalətsiz yanaşma hazırda da davam edir"

Azərbaycan müstəqillik əldə etdiyi ilk illərdən beynəlxalq təşkilat və qurumlarla, siyasi institutlarla bərabərhüquqlu əsaslarla əməkdaşlıq edir. Hər ötən il bu əməkdaşlıqda yeni-yeni mərhələlər açılır, imkanlar ortaya çıxır. Ancaq təssüflər olsun ki, bəzi beynəlxalq təşkilat və qurumlar heç də hər zaman Azərbaycanla bərabərhüquqlu əməkdaşlığa maraq göstərmir, bizimlə şərt, təzyiq dilində danışmağa çalışır. Müntəzəm olaraq üzv olduğumuz beynəlxalq təşkilat və qurumlar tərəfindən ölkəmizə qarşı əsassız iddialar səslənir, qərəzli hesabatlar hazırlanır. Bir müddət əvvəl Avropa Şurası rəsmilərinin, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin müxtəlif cinayət əməllərinə görə həbs edilmiş bəzi şəxslərin azad edilməsi barədə Azərbaycana qarşı irəli sürdüyü tələbi buna misal göstərmək olar. Açıq-aşkar ölkəmizə qarşı qərəzli mövqeni ehtiva edən bu kimi addımlar haqlı olaraq etiraz doğurur, kəskin reaksiyalara səbəb olur.
Politoloq Ramiz Alıyev deyir ki, Avropa təsisatlarının Azərbaycana qarşı qərəzli mövqeyi hər zaman özünü büruzə verib və bu ədalətsiz yanaşma hazırda da davam edir: "Ancaq bunun qarşılığı olaraq Azərbaycan müstəqillik əldə etdiyi 20 ildən artıq bir müddət ərzində Qərb, Avropa təsisatları ilə uğurlu əməkdaşlıq edib, müxtəlif sahələr üzrə beynəlxalq təcrübəni öyrənərək onu qanunvericilikdə tətbiq edib. Xüsusilə, qeyd etmək lazımdır ki, ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan universal dəyərlərə sadiqliyini bəyan edib, insan hüquqları, söz və mətbuat azadlıqlarının, gender bərabərliyinin, mədəni sərvətlərin qorunması, yuvenial ədliyyənin tətbiqi və s. sahələrdə mövcud olan beynəlxalq konvensiyalara, sazişlərə qoşulub. Hazırda da bu siyasət prezident İlham Əliyev tərəfindən davam etdirilir. Bu illər ərzində nüfuzlu beynəlxalq təşkilatlara qoşulan, beynəlxalq sazişlərə qoşulan Azərbaycan dövləti üzv olduğu təşkilatların, imza atdığı sazişlərin öhdəliklərinə əməl edib, onların icrasını yüksək səviyyədə təmin edib. Azərbaycanda gender bərabərliyi yüksək səviyydə qorunub, söz və mətbuat azadlığının daha da inkişaf etdirilməsi üçün dövlət tərəfindən bütün lazımı şərait yaradılıb. Günümüzdə də ölkədə söz və mətbuat azadlığının təmin edilməsi, mətbuatın inkişaf etdirilməsi məqsədilə zəruri addımlar atılır. Azərbaycanda milli və hüquqi qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində də məqsədyönlü işlər görülüb. Ancaq təssüflər olsun ki, bəzi beynəlxalq təşkilatlar radikal müxalifət kimi bütün bu müsbət nailiyyətləri görməməzlikdən gəlir, əvəzində əsassız yerə hansısa qüsur, nöqsan axtarmağa çalışırlar...". Ramiz Alıyevin sözlərinə görə, Avropa İnsan Hüquqları Məhkəməsi doğurdan da haqq və ədalətin tərəfdarıdırsa, o halda Ermənistan qarşısında nə üçün hansısa tələb qoymurlar: "Halbuki Azərbaycandan fərqli olaraq Ermənistan Avropa Məhkəməsinin qərarlarını icra etmir. Baxmayaraq ki, Avropa Məhkəməsi Böyük Palatası "Çıraqov və başqaları Ermənistana qarşı" şikayət ərizəsi üzrə qərar çıxarıb. Lakin bu günə qədər işğalçı ölkə həmin qərarın icrası istiqamətində heç bir addım atmayıb. Burdan belə nəticəyə gəlmək mümkündür ki, Qərb, Avropa təsisatları hələ dövlətlərə qarşı ikili standartlardan yanaşırlar. Erməni lobbisinin maraqlarına xidmət edən həmin dairələrin başlıca məqsəd Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaq, onun nüfuzuna xələl gətirməkdir. Ancaq bir şeyi unutmaq lazım deyil ki, Azərbaycanla tələb, təzyiq dili ilə danışmaq olmaz, bu yolverilməzdir. Azərbaycan beynəlxalq təsisatlarla normal əməkdaşlıq etdiyi kimi öz milli maraqlarını, qanunvericiliyini də hər şeydən üstün tutur. Heç bir qüvvə Azərbaycanı öz qanunlarını pozmağa məcbur edə bilməz. Çünki Azəbaycanda qanunun aliliyi hər şeydən üstündür. Kimliyindən asılı olmayaraq hər kəs fəaliyyətini qanunlar çərçivəsində aparmalıdır və hər bir şəxs həmin qanunlar qarşısında bərabər hüquqa malikdir".