“Hökumətin müvafiq konsepsiyası var” Siyasət

“Hökumətin müvafiq konsepsiyası var”

Əli Həsənov: "Təqaüdçülərin, əlillərin, dövlət yardımı ilə həyatını quran insanların devalvasiyanın mənfi nəticələrindən qorunması istiqamətində tədbirlər aparılır"

"Söz və məlumat azadlığı Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğunun mühüm tərkib hissəsidir".
Bunu dünən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırılması münasibəti ilə keçirilən mərasimdə Azərbaycan Respublikası prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
Əli Həsənov bildirib ki, 2015-ci il Azərbaycan mətbuatı və ümumilikdə milli kütləvi informasiya vasitələri üçün uğurlu il olub və əlamətdar hadisələrlə yadda qalıb: "Söz və məlumat azadlığının daha da inkişaf etdirilməsi, KİV-in sərbəst fəaliyyətinə hərtərəfli dövlət dəstəyi sayəsində milli informasiya resurslarının kəmiyyət və keyfiyyət göstəriciləri daha da yüksəlib, onlar öz əhatə dairəsini və auditoriyasını genişləndirməyə müvəffəq olub, beynəlxalq informasiya məkanının fəal iştirakçısına çevriliblər. Qarşıdan gələn dövrdə də Azərbaycan dövləti KİV-in müstəqilliyinin gücləndirilməsi istiqamətində səylərini davam etdirəcək. Lakin KİV də yaradılmış əlverişli şəraitdən sui-istifadə hallarına yol verməməli, daha peşəkar, məsuliyyətli olmalı, Azərbaycan cəmiyyətinin inkişafına, ümummilli məsələlərin həllinə dəyərli töhfələr verməlidir".
Prezidentin köməkçisi qeyd edib ki, iyulun 21-də Azərbaycan prezidentiİlham Əliyev Mətbuat Şurası İdarə Heyətinin üzvlərini qəbul edib. Dövlət başçısı Azərbaycan mətbuatının keçdiyi inkişaf yoluna nəzər salıb, KİV-in inkişafına dövlət dəstəyi, mövcud problemlər və onların həlli ilə bağlı öz fikirlərini bölüşüb.
Əli Həsənov nəzərə çatdırıb ki, KİV əməkdaşları noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərdə fəal iştirak edib, bir çox KİV nümayəndəsi öz namizədliyini irəli sürüb, onlardan 11-i Milli Məclisin deputatı seçilib.
Əli Həsənov Azərbaycanda 5000-dən artıq KİV qeydiyyata götürüldüyünü və ya müvafiq dövlət orqanında qeydiyyatdan keçdiyini xatırladıb: Ölkədə 50-dən çox televiziya və radio kanalı, 300-ə yaxın dövri mətbu nəşri, 100-dən artıq jurnal, onlarla informasiya agentliyi, jurnalist təşkilatı, yayım şirkəti, 300-dən çox fəal internet saytı fəaliyyət göstərir".
Əli Həsənov bildirib ki, Azərbaycan prezidentinin sərəncamına uyğun olaraq Prezidentinin Administrasiyasına redaksiyalardan və jurnalist təşkilatlarından KİV əməkdaşlarının dövlət mükafatlarına layiq görülməsi ilə bağlı 800-ə yaxın təqdimat daxil olub, dövlət başçısının 15 iyul 2015-ci il tarixli sərəncamlarına əsasən Azərbaycan Milli Mətbuatının inkişafında xidmətlərinə görə 180 nəfər KİV əməkdaşına müxtəlif dövlət mükafatları və fəxri adlar verilib. Eyni zamanda KİVDF kütləvi informasiya vasitələrinə dövlət dəstəyini davam etdirib, 34 redaksiyaya yüksək məbləğdə maliyyə dəstəyi ayrılıb. Bundan başqa, Fond Novruz bayramı, Milli Mətbuat günü və Yenil illə əlaqədar 3, habelə ayrı-ayrı dövlət orqanları ilə 8 fərdi jurnalist yazıları müsabiqəsi keçirib, yüzlərlə jurnalist pul mükafatlarına layiq görülüb: "Azərbaycan prezidentinin sərəncamına uyğun olaraq jurnalistlər üçün inşa edilmiş 156 mənzillik binanın sənədləşdirmə işləri başa çatdırılıb və dekabrın 24-də jurnalistlərə müvafiq özəlləşmə sənədləri təqdim edilib. Jurnalistlər üçün digər 256 mənzillik binanın tikintisi davam etdirilir və 2016-cı ildə mənzillərin jurnalistlərə verilməsi planlaşdırılır".
Dünya neft bazarındakı vəziyyət Azərbaycana da təsir etdiyi8ni deyən Əli Həsənov bu təsiri minimallaşdırmaq üçün Azərbaycan hölkumətinin müvafiq konsepsiyaya malik olduğunu vurğulayıb.
Əli Həsənov bildirib ki, dövlət başçısı və komandası nikbin əhval-ruhiyyədədir.
Prezidentin köməkçisinin sözlərinə görə, süni qiymət artımının qarşısının alınması üçün müvafiq dövlət qurumları, Nazirlər Kabineti, İqtisadiyyat və Sənaye Nazirliyi və digər qurumlar zəruri tədbirlər həyata keçirirlər: "Hazırda Azərbaycan hökuməti devalvasiyanın mənfi nəticələrini aradan qaldırmağa çalışır. Xüsusən bazar iqtisadiyyatına çətin uyğunlaşan sosial təbəqələrin- təqaüdçülərin, əlillərin, dövlət yardımı ilə həyatını quran insanların devalvasiyanın mənfi nəticələrindən qorunması istiqamətində tədbirlər aparılır".
Kristofer Smit tərəfindən ABŞ Konqresinə təqdim olunan layihə barədə söz açan Əli Həsənov bunun bir konqresmenin təşəbbüsü kimi qiymətləndirildiyini deyib. Prezidentin köməkçisi qeyd edib ki, Kristofer Smittin anti-Azərbaycan təşəbbüslərinin isə sayı-hesabı yoxdur.
Əli Həsənov deyib ki, ABŞ-ın Azərbaycanla bağlı maraqlarını, münasibətlərinin əhəmiyyətini nəzərə alan Konqresin bu layihəyə dəstək verməyəcəyini güman edirik: "Bu təşəbbüs də yalnız Kristofer Smittin təşəbbüsü olaraq qalacaq".
Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayevin müəllifi olduğu "ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında" qanun layihəsinə gəlincə, Ə. Həsənov bildirib ki, hökumətin Rövşən Rzayevin layihəsinə münasibəti də ABŞ-dakı bir konqresmenin təşəbbüsünə münasibətlə eynidir: "Hər bir deputat təşəbbüs irəli sürə bilər. Amma parlamentlərin bunu qəbul etməsi mühüm müzakirələrdən sonra olmalıdır. Deputatlar bu təşəbbüslərin iki dövlətin münasibətlərinə verə biləcəyi xeyri, həmçinin vuracağı ziyanı dəyərləndirəndən sonra münasibət bildirməlidirlər".
ABŞ və Azərbaycan arasındakı münasibətlərin mövcud durumuna toxunan Ə. Həsənov qeyd edib ki, ikitərəfli əlaqələr əvvəlki qədər intensiv xarakter daşımasa da, müxtəlif məsələlərə dair qarşılıqlı təmaslar mövcuddur.