“Prezident dövlət məmurları və onların ailə üzvləri ilə bağlı məsələni bir neçə dəfə qabardıb” Siyasət

“Prezident dövlət məmurları və onların ailə üzvləri ilə bağlı məsələni bir neçə dəfə qabardıb”

Çingiz Qənizadə: "Öz övladını tərbiyə edə bilməyən bir məmur təbii ki, rəhbəri olduğu kollektivdə də, hansısa bir rayonda da təlim-tərbiyə məsələsini ön plana çəkə bilməz"

"Prezident İlham Əliyev dövlət məmurları və onların ailə üzvləri ilə bağlı məsələni bir neçə dəfə qabardıb. Hətta ölkə rəhbəri bildirmişdi ki, məmur övladları ictimai həyatımızda özbaşınalıqlar, harınlıq edir, başqalarına qarşı qanunazidd hərəkətlərə yol verirlər və s. Prezident bu cür övladların valideynlərinə qarşı ciddi tədbirlər (onların dərhal vəzifədən uzaqlaşdırılması, məsuliyyətə cəlb olunmaq və s.) gördü. Bu o deməkdir ki, öz övladını tərbiyə edə bilməyən bir məmur təbii ki, rəhbəri olduğu kollektivdə də, hansısa bir rayonda da bu təlim-tərbiyə məsələsini ön plana çəkə bilməz. Çünki birinci vətəndaş özündən başlamalıdır, xüsusilə məmur". Bunu millət vəkili Çingiz Qənizadə deyib.
Onun sözlərinə görə, cənab Prezident "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda da maraqlı fikir ifadə etdi ki, mən xalqın xidmətçisiyəm və siz də xalqın xidmətçisi olmalısınız: "Bu həqiqətən də belədir. Heç olmasa ölkə rəhbərinin komandasında olan, onun kiçiyindən böyüyünə kimi hansısa vəzifə tutmuş insanlar ki var, həmin adamlar Prezidentdən nümunə götürməlidirlər. Amma çox təəssüf ki, bəzi məmurların övladları dövlətə, xalqa hansısa ictimai formada dəstək olmaq, addımlar atmaq əvəzinə, barlarda gününü keçirir, yüksək sürətlə avtomobillər idarə edir, bahalı maşınlarla özlərini başqalarına göstərir, öyünürlər və s. Təbii ki, bu yolverilməzdir".
Ç.Qənizadə əlavə edib ki, cənab Prezidentin ötən günkü çıxışı bir daha göstərdi ki, o bu yoldan, mövqedən dönməyib və yenə də özünün tabeçiliyində olan insanları, məmurları və onların ailə üzvlərini, övladlarını insanlarla səmimi olmağa, tərbiyəli və əxlaqlı davranış göstərməyə səsləyir: "Həmçinin xəbərdarlıq edir ki, bu cür hallara qarşı barışmaz mövqe olacaq. Ölkə rəhbərinin bu mövqeyini alqışlayıram. Hesab edirəm ki, hər bir məmur bu ifadədən, ölkə başçısının mövqeyindən nəticə çıxarmalıdır".
Qeyd edək ki, yanvarın 26-da "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev bunları deyib: "Dövlət məmurları və onların ailə üzvləri özlərini təvazökar aparmalıdırlar. Xalqla bir yerdə olmalı, yekəxanalıq göstərməməlidirlər. Hesab etməməlidirlər ki, onların hansısa xüsusi statusu var. Onların statusu var - insanlara xidmət etmək, insanların problemlərini həll etmək, onlara qayğı göstərmək. İnsanları incitməməli, əksinə qayğı, diqqət göstərməli və kömək etməlidirlər. Dediyim bütün bu amillər onların fəaliyyətinə verilən qiymətdə əsas rol oynayacaq".