Pərvanə Vəliyeva: “Bu, insan kapitalına investisiyadır” Gündəm

Pərvanə Vəliyeva: “Bu, insan kapitalına investisiyadır”

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması 72 212 nəfər tibb işçisinin maddi və sosial rifahının yaxşılaşdırılmasına xidmət edən mühüm addımdır.

Bu fikirləri millət vəkili Pərvanə Vəliyeva Xalqcəbhəsi.az-a açıqlamasında deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü müsbət qarşılayaraq onun icrası ilə bağlı verdiyi müvafiq tapşırıq dövlətin səhiyyə sisteminin inkişafına, tibb işçilərinə göstərilən diqqət və qayğının gücləndirilməsinə, bütövlükdə isə əhalinin rifahının yüksəldilməsinə verilən önəmin növbəti göstəricisidir: “əməkhaqqı islahatının 1 sentyabr 2026-cı ildən tətbiq olunması və 72 212 tibb işçisini əhatə etməsi qərarın miqyasını və əhəmiyyətini göstərir. İslahat çərçivəsində əməkhaqqı fondu illik 189 milyon manat və ya 13,66 faiz artacaq. Artımlar vəzifə, ixtisas, iş yükü, fəaliyyət göstəriciləri və regionlarda mövcud kadr təminatı nəzərə alınmaqla diferensiallaşdırılacaq. Bu yanaşma tibb işçilərinin əməyinin və məsuliyyətinin daha ədalətli qiymətləndirilməsinə imkan yaradacaq”.

Deputat xüsusilə ana və uşaq sağlamlığı istiqamətində nəzərdə tutulan artımların əhəmiyyətini vurğulayıb:

“Regionlarda çalışan uşaq anestezioloq-reanimatoloqlarının əməkhaqqının 1 450 manatdan 3 000 manata, neonatoloqların əməkhaqqının isə 2 400 manata çatdırılması bu sahələrdə kadr potensialının gücləndirilməsi baxımından mühüm stimuldur. Ana və uşaq sağlamlığı səhiyyə sisteminin ən həssas və strateji istiqamətlərindəndir. Xüsusilə regionlarda bu sahə üzrə ixtisaslı mütəxəssislərin sayının artırılması tibbi xidmətlərin əlçatanlığının və keyfiyyətinin yüksəldilməsinə birbaşa təsir göstərə bilər”.

P.Vəliyeva hesab edir ki, sözügedən qərarı yalnız əməkhaqqının artırılması kimi qiymətləndirmək düzgün deyil:

“Bu, eyni zamanda səhiyyə sisteminin uzunmüddətli və dayanıqlı inkişafına yönəlmiş insan kapitalına investisiyadır. Həkim və digər tibb işçisi öz peşə fəaliyyətini həyata keçirərkən sosial təminatı ilə bağlı narahatlıqların təsiri altında olmamalıdır. Tibb işçisinin daha yaxşı maddi və sosial təminata malik olması onun peşəsinə motivasiyasını artıracaq. Bu isə nəticə etibarilə göstərilən tibbi xidmətlərin keyfiyyətinə müsbət təsir göstərəcək”.

Deputat qeyd edib ki, islahatın mühüm istiqamətlərindən biri də regionlarda kadr çatışmazlığının aradan qaldırılmasıdır:

“Səhiyyə sahəsində bizi ən çox narahat edən məsələlərdən biri regionlarda tibb işçilərinin çatışmazlığıdır. İlkin səhiyyə xidməti üzrə aparılmış araşdırmalar əlavə olaraq təxminən 1 500 işçiyə ehtiyac olduğunu göstərir. Bu baxımdan regionlarda çalışan və xüsusilə kadr çatışmazlığı olan ixtisaslar üzrə fəaliyyət göstərən həkimlərin əməkhaqlarının daha yüksək artırılması düzgün və məqsədyönlü yanaşmadır”.

Pərvanə Vəliyevanın sözlərinə görə, qərar dövlət səhiyyəsinin özəl sektorla rəqabətqabiliyyətliliyinin artırılmasına və səhiyyə sahəsində mövcud beyin axınının qarşısının alınmasına da müsbət təsir göstərə bilər:

“Gənc mütəxəssislər üçün səhiyyə sektorunun daha cəlbedici olması həm ölkədə peşəkar kadrların saxlanmasına, həm də gələcəkdə tibb ixtisaslarına marağın artmasına şərait yaradacaq”.

Deputat islahatın 36 041 orta və 20 367 kiçik tibb işçisini əhatə etməsinin də xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:

“Səhiyyə xidmətinin keyfiyyəti yalnız həkimin fəaliyyəti ilə deyil, bütövlükdə tibbi heyətin peşəkarlığı və koordinasiyalı fəaliyyəti ilə müəyyən olunur. Bu baxımdan orta və kiçik tibb işçilərinin əməkhaqlarının artırılması, həmçinin baş tibb bacılarının məsuliyyətinin ayrıca nəzərə alınması mühüm yanaşmadır”.

P.Vəliyeva sonda bildirib ki, həyata keçirilən islahat səhiyyə sistemində həm sosial təminatın, həm də tibbi xidmətlərin keyfiyyətinin gücləndirilməsinə xidmət edən kompleks addımdır:

“Səhiyyəyə qoyulan investisiya, ilk növbədə, insanın sağlamlığına, insan kapitalına və ölkənin gələcəyinə qoyulan investisiyadır. Tibb işçilərinə göstərilən diqqət və onların əməyinin layiqincə qiymətləndirilməsi güclü səhiyyə sisteminin formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır”.

Günel Elxan