
“Tibb işçilərinin əməkhaqqısının artırılması ilə bağlı mövcud qərarı kifayət qədər əhəmiyyətli hesab edirəm. O baxımdan ki, Azərbaycanda səhiyyə sistemi ən problemli sahələrdən biridir. Həm kəmiyyət, həm keyfiyyət baxımından bu istiqamətdə ciddi çatışmazlıqlar mövcuddur. Keyfiyyət baxımından çatışmazlıqlar iki istiqamətdə çağırışdan qaynaqlanır. Birincisi, faktiki olaraq maddi-texniki baza, xüsusilə də dövlətin balansında olan tibb müəssisələrində maddi-texniki bazanın zəif olması, ikincisi isə insan kapitalı çatışmazlığı və bu istiqamətdə keyfiyyətli kadr çatışmazlığı. Səhiyyə sahəsi kifayət qədər əhəmiyyətli olmaqla yanaşı, eyni zamanda, həssas bir sahədir. Yəni nəzərə almaq lazımdır ki, insanlar bu fəaliyyət istiqaməti üzrə kifayət qədər uzunmüddətli dövrdə özlərini yetişdirməlidirlər, mütəxəssisə çevrilmək üçün hazırlanmalıdırlar və bu, kifayət qədər həm zaman sərfiyyatı, həm də kapital tələb edir”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov söyləyib.
Ekspert bildirib ki, bu qədər kapitalı və vaxtı itirmiş insanlar müəyyən kiçik əməkhaqqlarla öz resurslarını sərf etməyə çalışmayacaqlar və onlar alternativ üzərində düşünəcəklər: “Son dövrlərdə Azərbaycanda bu sahədə həqiqətən də özünün peşə bacarıqlarına güvənən şəxslərin əhəmiyyətli hissəsi xarici ölkələrə üz tuturdu və nəticədə Azərbaycanda xidmətin keyfiyyəti aşağı düşürdü. Yəni düşünürəm ki, tibb sahəsində çalışanların əməkhaqqının artırılması ilk növbədə keyfiyyətli kadrların Azərbaycanda qalıb fəaliyyət göstərməsi, bu istiqamətdə beyin axınının, kadr axınının qarşısının alınması baxımından əhəmiyyətli olacaq. Bu artımlar hələ o demək deyil ki, artıq səhiyyə sahəsində hər kəs layiqli əməklə təmin olundu. Bunu son dövrlərdə atılmış mühüm addımlardan biri kimi qiymətləndirirəm. Proses isə davam etdirilməlidir. Düşünürəm ki, bu addım səhiyyə sahəsində olan çatışmazlıqları qismən azaltmaqla həm keyfiyyət, həm kəmiyyət baxımından müsbət dəyişikliklərin əldə olunmasına yol aça bilər”.
R.Həsənovun sözlərinə görə, proses davamlı olmalıdır, məqsədli şəkildə aparılmalıdır: “Azərbaycanda tibb sahəsində, xüsusilə də bir sıra istiqamətlərdə imkanlar mövcuddur. O cümlədən tibb turizmi, sağlamlıq turizminin inkişafı baxımından da bu sahə əhəmiyyətlidir. Amma bununla yanaşı, bütün siyasətlər bunu dəstəkləyərək burada keyfiyyətli xidmətin təmin etmə imkanını formalaşdırmaq lazımdır ki, bu da düşünürəm ki, müvafiq istiqamətdə siyasətləri dəstəkləyən bir qərara çevrilə bilər. Eyni zamanda, burada digər bir məsələni də qeyd etmək istərdim ki, bu qərar təxminən 72 min insanın həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir. Ölkədə ümumi orta aylıq əməkhaqqının səviyyəsinin qismən də olsa yüksəlməsinə təsir etməklə həm növbəti ildə pensiyanın indeksləşdirilməsi ilə bağlı qərara öz təsirini göstərəcək, həm də bu insanların alıcılıq gücünün artması ölkədə məzmun istehlaka pozitiv istiqamətli kiçik də olsa təsir göstərə bilər”.
Röya İsrafilova