"Lloyd's" İran müharibəsi səbəbindən 1,9 milyard dollar zərər gözləyir Dünya

"Lloyd's" İran müharibəsi səbəbindən 1,9 milyard dollar zərər gözləyir

ABŞ və İsrailin İrana qarşı müharibəsindən sığortaçıların çəkdiyi zərər 1,4 milyard funt-sterlinqə (1,9 milyard dollar) çata bilər.

Xalqcebhesi.az xəbər verir ki, bu qiymətləndirməni "Financial Times" qəzetinə müsahibəsində Böyük Britaniyanın "Lloyd's of London" sığorta bazarının rəhbəri Patrik Tirnan açıqlayıb.

O bildirib ki, Hörmüz boğazını keçməyə cəhd edən gəmilərin atəşə tutulması davam etsə də, zərərin əsas hissəsi quru infrastrukturuna dəymiş ziyanla bağlıdır. Bu isə siyasi zorakılıq və terrorizmdən sığorta polisləri üzrə iri həcmdə ödənişlərə gətirib çıxarıb.

Müqayisə üçün qeyd edək ki, "Lloyd's of London" sığorta bazarının 2022-ci ildən bəri Ukraynadakı münaqişədən çəkdiyi zərər bu məbləğin dörddə birini təşkil edib.

Məqalədə vurğulanır ki, Səudiyyə Ərəbistanının "SABIC" neft-kimya giqantı raket zərbəsi nəticəsində kompleksinə dəymiş ziyana görə siyasi zorakılıq polisine əsasən 800 milyon dollar həcmində sığorta kompensasiyası tələb etmək niyyətindədir.

Məryəm Quliyeva