“Minsk qrupunun həmsədr ölkələrinin tərkibinin dəyişdirilməsi üçün əsl məqam gəlib çatıb” Siyasət

“Minsk qrupunun həmsədr ölkələrinin tərkibinin dəyişdirilməsi üçün əsl məqam gəlib çatıb”

"AŞPA-nın qış sessiyası başlamadan əvvəl bu məruzələrin qəbul edilmə ehtimalı olduqca yüksək idi"

Hatəm Cabbarlı: "Amma Minsk qrupunun ortaq bəyanatından sonra AŞPA sanki geri addım atdı və məruzələrdən birini qəbul etmədi"

Bu günlərdə Azərbaycan cəmiyyəti daha bir qeyri-obyektivlik, qərəz və ermənipərəsət mövqenin şahidi oldu. Əlbəttə ki, söhbət Avropa Şurası Parlament Assambleyasının qış sessiyası zamanı baş verənlərdən gedir. Məlum olduğu kimi Azərbaycan nümayəndə heyəti qurumun qış sessiyasına Ermənistanın işğal faktını təsdiqləyən iki qətnamə təqdim etmişdi. Təssüflər olsun ki, Azərbaycan tərəfinin təqdim etdiyi qətnamələrdən biri qəbul edilsə də, digər mühüm qətnamənin qəbulu avropalıların erməni sevgisi səbəbindən reallaşmadı. Bu da Dağlıq Qarabağ problemi ilə bağlı beynəlxalq aləmdə hələ də ikili standartların mövcud olduğunu bir daha təsdiqlədi. Elə ekspert və politoloqlar da bu qənaətdədirlər.
Siyasi ekspert Arzu Nağıyev deyib ki, Avropa Şurası Parlament Assambleyasında müsbət qərarın qəbul edilməsi onsuz da gözlənilən deyildi. Onun sözlərinə görə, ümumilikdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələnin AŞPA-da qaldırılması və işğal məsələsinin qoyulması müsbət hal kimi qiymətləndirilməlidir: "Ancaq belə bir sayda dövlətin müsbət rəyi də təqdirəlayiqdir. Məlumdur ki, AŞPA çoxsaylı Avropa dövlətlərinin parlamentarlarını təmsil edir və aveoskeptiklər də burada yetərincədir. Digər məqam erməni lobbisinin təsiridir. Bir səbəb də BMT qərarlarına münasibətdən irəli gəlir". Arzu Nağıyevin sözlərinə görə, səs fərqinə diqqət yetirəndə görünür ki, ən böyük təsir məhz ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatlarından sonra oldu: "Təbii ki, bu da onların təmsil etdiyi dövlətlərin mövqeyidir. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrovun yeddi rayonla bağlı bəyanatında da gördük. Deməli bu da ermənilərin lehinə idi". Ekspertin qənaətincə Sərsəng su anbarı ilə bağlı qərarın qəbulu da dolayı yolla işğalı təsdiq edir: "Nəticə budur ki, nüfuz savaşı davam edir və Azərbaycan bu istiqamətdə müstəqil siyasətini yürütməli, ordu quruculuğuna və xarici siyasətə önəm verməlidir. Düşünürəm ki, ATƏT-in Minsk qrupuna da təsir mexanizmləri işlənməlidir Bir daha əmin olduq ki, güc nümayiş etdirməklə təcavüzkarı danışıqlar masasına əyləşdirmək ən müsbət yoldur".
Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli isə deyib ki, Dağlıq Qarabağ məsələsinə beynəlxalq münasibət ədalətli deyil: "Əgər belə olmasaydı indiyədək Ermənistanın bizim ərazilərimizi işğal etməsi faktı beynəlxalq hüquq normaları ilə qiymətləndirərək təcavüzkara layiqli cəza verilərdi. Azərbaycanın torpaqlarının işğal olunması və status kvonun bu şəkildə saxlanılması çoxlarına sərf edir. Əks halda bütün detalları ilə ortada olan və sübuta ehtiyacı olmayan bir faktın beynəlxalq təşkilatlar tərəfindən qeydə alınması bu qədər çətinlik yaratmazdı". Mütəllim Rəhimli qeyd edib ki, problemə vasitəçilik edən ATƏT indiyədək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nəinki heç bir iş görməyib, hətta problemə düzgün münasibət belə formalaşdırmayıb: "ATƏT bu müddət ərzində özünün səhv yanaşması ilə məsələnin həllini bir az da mürəkkəbləşdirib. Ona görə də biz bu təşkilatdan yaxşı heç nə gözləmirik. Artıq Azərbaycanda ictimai fikir də bunu deməkdədi. Təbii ki, Avropa Şurasının ATƏT-dən fərqli mövqe sərgiləməsi az inandırıcı olardı. Çünki bu təşkilatlar heç vaxt bir-birini təkzib etməyiblər. Həm də nəzərə almaq lazımdır ki, AŞPA problemə siyasi münasibət bildirməli idi. Onların siyasi maraqları və ambisiyaları isə imkan vermir ki, obyektiv və ədalətli mövqedən çıxış etsinlər. Bu fakt bir daha göstərdi ki, mövcud konfliktdən Avropa öz marağı üçün istifadə etməkdə maraqlıdır. Ona görə də sübuta ehtiyacı olmayan bir məsələdə ikili standarta yol verir". Partiya rəsmisinin sözlərinə görə, bütün bunlar onu göstərir ki, Azərbaycan öz problemini kimsəyə arxalanmadan özü həll etməli, torpağını işğalçılardan təmizləməlidir: "Buna görə bizə heç kim irad tuta bilməz. ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlara isə gələcəkdə belə ciddi məsələlərdə ümid bağlamamalıyıq".
Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri Hatəm Cabbarlı bildirib ki, ASPA-nın qış sessiyası işə başlamadan əvvəl Ermənistan bu məruzələrin qəbul ediləcəyi təqdirdə Ermənistan nümayəndə heyətinin AŞPA-da fəaliyyətini dayandıracağı da daxil olmaqla müxtəlif əks tədbirlər alacaqları haqqında xəbərlər verildi: "Həmçinin ATƏT Minsk qrupu həmsədrləri məruzə dinlənilmədən əvvəl bəyanat verərək Dağlıq Qarabağ probleminin həll edilməsi istiqamətində çalışan tək qurumun Minsk qrupu olduğu haqqında bəyanat vermələri olduqca mənalıdır. Bu bəyanatı iki cür dəyərləndirmək mümkündür. Birincisi, bu bəyanati verməklə Minsk qrupu həmsədrləri səlahiyyətlərini aşaraq, AŞPA-nın sessiyasına birbaşa müdaxilə etmişdir. İkincisi, bu müdaxilə AŞPA üzvlərinin obyektiv qərar verəcək olan nümayəndələrini çəkindirmiş, məsələyə Ermənistanın mövqeyindən yanaşan nümayəndələri isə cəsarətləndirmişdir. Əlbəttə iclasın gedişində yaşanan hadisələr, iclasın sədrinin zalı daha əvvəlcədən tərk etməsi, səsvermənin uzadılması və bu kimi hadisələr AŞPA-nın bir regional təşkilat kimi imicinə ziyan vuran hadisələrdir və bu qurumun ciddiyyətini, Dağlıq Qarabağ problemində ədalətli mövqedə olmasını ciddi şübhə altına alır". Hatəm Cabbarlı deyib ki, AŞPA-nın qış sessiyası başlamadan əvvəl bu məruzələrin qəbul edilmə ehtimalı olduqca yüksək idi. Amma Minsk qrupunun ortaq bəyanatından sonra AŞPA sanki geri addım atdı və məruzələrdən birini qəbul etmədi: "Ermənistanın AŞPA nümayəndə heyəti də bu məruzələrin qəbul edilməməsi üçün təbliğat aparırdı. Amma Minsk qrupu həmsədrlərinin ortaq bəyanat verməsi onların bu təbliğatına daha da güc qatdı və nəticə etibarı ilə Uolterin məruzəsi qəbul edilmədi".