Tarixi səfər Siyasət

Tarixi səfər

Prezident İlham Əliyev: "Terror aktları Türkiyəni haqq yolundan döndərə bilməz"

Rəcəb Tayyib Ərdoğan: "Azərbaycan qara günün dostu olduğunu göstərdi"

"Azərbaycanlı qardaşlarıma təşəkkür edirəm. Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclasın Bakıda keçirəcəkdik, terror olayından sonra prezident İlham Əliyev iclasın Ankarada keçirilməsini təklif etdi".
Bunu Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Ankarda keçirilən V iclasından sonra keçirilən mətbuat konfransında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Rəcəb Tayyib Ərdoğan deyib ki, bu addım Azərbaycan və Türkiyənin terrora qarşı birgə olduğunu göstərmək baxımından da çox önəmlidir: "Mərhum Heydər Əliyevin dediyi kimi, bunu "Bir millət, iki dövlət"in təzahürü olduğunu bir daha ifadə edirəm. Azərbaycan qara günün dostu olduğunu göstərdi. Buradakı mesajın hər kəs tərəfindən diqqətə alınmasını tövsiyə edirəm. Hər kəs bu qardaşlıq mesajından dərsini almalıdır".

"Yenə görüşəcəyik"

Prezident Rəcəb Tayyib Ərdoğan deyib ki, terrordan bir vasitə olaraq istifadə edənlər Türkiyəni diz çökdürə bilməyəcək, özləri diz çökəcəklər.
Ərdoğan qeyd edib ki, dost və qardaş ölkələrin də dəstəyi ilə Türkiyə bu sıxıntıları arxada qoyacaq: "Prezident İlham Əliyev başda olmaqla, Azərbaycan xalqına təşəkkür edirəm. Biz Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanında olduq və olmağa davam edəcəyik".
Türkiyə prezidenti bildirib ki, iclasda enerji, nəqliyyat-kommunikasiya, müdafiə sənayesi və hərbi əməkdaşlıq məsələləri müzakirə olunub: "Müstəqil Azərbaycanın banisi Heydər Əliyevi rəhmətlə yad edirəm. İlham Əliyev onun irsinə uğurla sahib çıxdı və çıxır".
Ərdoğan qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasındakı Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasları 1 il Azərbaycanda, 1 il Türkiyədə keçirilməyə davam edəcək: "Qarşıdakı dövrdə yenə bir araya gələcəyik. İstanbulda İslam Əməkdaşlıq Təşkilatının toplantısı olacaq, o iclasda yenə görüşəcəyik. Aprelin 25-26-da mədəniyyətlərarası dialoqla bağlı tədbirlə əlaqədar Bakıda olacağam. Vaşinqtonda nüvə sammitində də bir araya gələcəyik".

"Birliyimiz əbədi, sarsılmazdır"

Azərbaycan prezidenti İlham Əliyev Ankarada terror aktı nəticəsində ölənlərin yaxınlarına başsağlığı verdiyini bildirib. Azərbaycan prezidenti deyib: "Biz bu dəhşətli terror aktını qətiyyətlə qınayırıq və türk xalqının yanındayıq. Birliyimiz əbədi, sarsılmazdır".
Dövlət başçısı bildirib ki, Azərbaycan və Türkiyə yaxşı və ağır günlərdə daim bir-birinin yanındadır: "Türkiyə xalqına qarşı törədilmiş terror aktlarının heç bir nəticəsi olmayacaq. Bu, Türkiyəni haqq yolundan döndərə bilməz. 25 ildir ki, Azərbaycan və Türkiyə bir-birinə dəstəkdir. Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkədir, biz heç vaxt bunu unutmayacağıq. Türkiyə və Azərbaycan bir-birinə ən yaxın olan ölkələrdir. Türkiyə və Azərbaycan beynəlxalq müstəvidə daim bir-biri dəstəkləyir. Türkiyənin dünyada rolu artır, Türkiyəyə dünyada artan rəğbət və inam bizi sevindirir".
Azərbaycan prezidenti xatırladıb ki, ötən il Türkiyə "G-20" toplantısına Azərbaycanı dəvət edib: "Türkiyə bu sammitə bir ölkəni dəvət edə bilərdi, Azərbaycanı dəvət etdi. Buna görə təşəkkür edirəm. Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da bir o qədər güclü olar".
Dövlət başçısı qeyd edib ki, Türkiyə hər zaman Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquqa uyğun həll edilməsinə dəstək verib: "Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Azərbaycan ədalətsizliklə üzləşib. Türkiyənin dəstəyi bizim üçün çox önəmlidir. Bu yaxınlarda hərbçilərimiz birgə təlimlər keçirib. Bu da çox yaxşı ənənədir. Biz Türkiyədən müxtəlif hərbi texnika və silah alırıq. Türkiyənin müdafiə sənayesi sahəsində uğurları Azərbaycanın da müdafiə qabiliyyətini gücləndirir".

"2 il sonra TANAP-ın açılışını qeyd edəcəyik"

Rəcəb Tayyib Ərdoğan bildirib ki, bu ayın sonunda Vaşinqtonda keçiriləcək nüvə sammitində də Azərbaycan prezidenti ilə bir araya gələcək: "Bundan başqa, dəyərli qardaşımı 23-24 mayda Türkiyədə keçiriləcək Beynəlxalq Humanitar Sammitə dəvət etdim. Bundan əvvəl - aprelin 25-26-da mədəniyyətlərarası dialoqla bağlı tədbir iştirak üçün Bakıda olacağam. Dekabrda isə Bakı-Tbilisi-Qars dəmir yolunun birgə açılışını həyata keçirəcəyik. 2015-ci ildə əldə olunmuş 15 milyard dollarlıq ticarət dövriyyəsi hədəfini qoruyuruq. Qarşılıqlı sərmayələrimiz 13 milyard dollardır, 5 il ərzində bunu 20 milyard dollara çıxarmağı planlaşdırırıq".
Türkiyə prezidenti Naxçıvanın böyük turizm potensialı olduğunu da qeyd edib.
Azərbaycan prezidenti İlham Əliyev deyib ki, TANAP və TAP layihəsini vaxtlı-vaxtında icra edilməsi üçün bütün mümkün imkanlardan istifadə olunacaq: "İnanıram ki, 2 il sonra TANAP-ın açılışını qeyd edəcəyik".
Dövlət başçısı bildirib ki, nəqliyyat sahəsində yeni imkanlar mövcuddur: "Biz çox istərdik ki, Türkiyədən gələn və Azərbaycan üzərindən keçən yüklər artsın. Buna nail olmaq üçün praktik addımlar atılmaqdadır".
Prezident qeyd edib ki, mədəniyyətlərarası dialoqun genişlənməsində Türkiyənin böyük rolu var: "Gələn ay Bakıda Sivilizasiyalararası Dialoq üzrə tədbir keçiriləcək, bu təşəbbüsün müəllifi də Rəcəb Tayyib Ərdoğandır. Biz birgə islamofobiyaya qarşı mübarizə aparırıq. Bu gün islamofobiya müxtəlif ölkələrdə güclənib. Bəzi media qurumları məqsədyönlü şəkildə kampaniya aparır, islamı terrorla eyniləşdirmək cəhdləri gözümüz önündədir. Bu, dözülməzdir. Bu, sivilizasiyalararası problemə gətirib çıxara bilər. Bu gün qaçqınlar problemini görürük və əsas yük Türkiyənin üzərinə düşür. Türkiyə böyük sayda qaçqınları ölkəsində yerləşdirir, böyük vəsait xərcləyir. Azərbaycan bunun nə qədər ağır məsələ olduğunu bilir, 1990-cı illərdə Ermənistanın işğalı nəticəsində ağır humanitar çətinliklə üz-üzə qalmışdıq".
İlham Əliyevin sözlərinə görə, qaçqınlar Avropada təhqirlərlə üzləşirlər: "Bəs ümumbəşəri dəyərlər, insan haqları, demokratiya harada qaldı? Türkiyə və Azərbaycan o ölkələrdəndir ki, səslərini ucaldır. Bir daha Azərbaycan xalqı adından Türkiyə rəhbərliyinə təşəkkür etmək istəyirəm ki, qaçqınlarla bağlı ağır yükü üzərinə götürüb. Türkiyə dünyaya nümayiş etdirib ki, qaçqın böhranından necə çıxmaq olar".
Dövlət başçısı vurğulayıb ki, Türkiyə və Azərbaycan qədər dünyada bir-birinə bağlı olan dövlətlər yoxdur: "Mənə və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə təşəkkür edir, qardaş türk xalqına sülh, əmin-amanlıq arzulayıram".

6 sənəd imzalandı

Qeyd edək ki, Türkiyə ilə Azərbaycan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında 6 sənəd imzalanıb.
Azərbaycanla Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasının Protokolu"nu Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıblar.
"Azərbaycan hökuməti ilə Türkiyə hökuməti arasında hərbi/mülki heyətin sosial və mədəni məqsədli mübadiləsinə dair Protokol"u Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov və Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının şəxsi heyət üzrə rəisi, korpus generalı İlhan Talu imzalayıblar.
"Azərbaycan hökuməti ilə Türkiyə hökuməti arasında diplomatik nümayəndəlik və konsulluqların əməkdaşlarının ailə üzvlərinin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları haqqında Saziş"i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu imzalayıblar.
"Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Türkiyə RespublikasınınDaxili İşlər Nazirliyi arasında məhkəmə ekspertizası sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycan baş nazirinin müavini Abid Şərifov və Türkiyənin daxili işlər naziri Efkan Ala imzalayıblar.
"Azərbaycan hökuməti ilə Türkiyə hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş"i Azərbaycan baş nazirinin müavini Abid Şərifov və Türkiyənin daxili işlər naziri Efkan Ala imzalayıblar.
"Azərbaycan hökuməti ilə Türkiyə hökuməti arasında texniki əməkdaşlıq haqqında Protokol"u Azərbaycan baş nazirinin müavini Abid Şərifov və Türkiyə baş nazirinin müavini Yalçın Akdoğan imzalayıblar.