“Erməni təxribatlarına cavab verildi” Siyasət

“Erməni təxribatlarına cavab verildi”

Oqtay Əsədov: "İllər ərzində Azərbaycan əhalisini təşviş içərisində saxlayan yüksəkliklər alındı"

Milli Məclisin plenar iclası keçirilib. Spiker Oqtay Əsədov cəbhədəki mövcud vəziyyətlə bağlı çıxış edib. O qeyd edib ki, illər boyu Azərbaycan atəşkəsə sadiq olub: "Hər dəfə Azərbaycanın yüksək nailiyyəti olanda Ermənistan tərəfdən təxribatla qarşılanırdı. Mülki əhali atəşə tutulurdu və biz susurduq. Son günlərdə açılan atəşə Azərbaycan ordusu hövsələ göstərə bilmədi. Aprelin 1-dən 2-ə kecən gecə erməni təxribatlarına cavab verildi və Azərbaycan ordusu öz gücünü göstərdi". Oqtay Əsədov bildirib ki, illər ərzində Azərbaycan əhalisini təşviş içərisində saxlayan yüksəkliklər alındı: "Ermənistan atəşkəsə razılaşmadı və bu istiqamətdə hücumlara davam etdi. Xarici İşlər Nazirliyinin açıqlaması yayıldı ki, Ermənistan ordusu Dağlıq Qarabağdan çıxarılandan sonra danışıqlara gedə bilərik". Milli Məclis sədri vurğulayıb ki, Azərbaycan status-kvonun tanınmasına razı deyil: "Dağlıq Qarabağın azad olunması istiqamətində hərəkət nəhayət ki başlandı. Minsk qrupu toplanır, amma onlara da inam yoxdur. Azərbaycan orudusunun dəqiq əməliyyatına görə "çox sağ ol" deyirəm. Əsgərlərimiz igidlik göstərirlər. Şəhidlərimiz də var. Beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin həllinə öz sözlərini deyəcək".
Sonda cəbhə boyu döyüşlərdə həlak olan şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra gündəliyə küçilib. Gözlənildiyi kimi əsas müzakirə mövzusu cəbhə ilə bağlı olub.
Deputat Qənirə Paşayeva bildirib ki, Silahlı Qüvvələrimiz gərəkən cavabı verərək, Azərbaycan ordusunun, dövlətinin, xalqının gücünü göstərdi: "Bu məsələdə Azərbaycan xalqı ali baş komandan və ordumuzun yanındadır. Ermənilərin xülyaları var idi ki, Azərbaycan gəncləri böyüyəcək və onların işğal olunmuş rayonlara istəyi olmayacaq. Amma Azərbaycan ordusu və şəhidi cavab verdi ki, biz işğal olunmuş bölgələrimizi unutmayacağıq. Qüdrət Həsənquliyevin Silhalı Qüvvələrə Yardım Fonduna dəstəyinə mən də qoşuluram. Lakin diasporumuza, oradakı gənclərə səslənmək istəyirəm ki, informasiya müharibəsində geri qalmayaq. Erməni diasporu özlərinin etdikləri vəhşilikləri Azərbaycanın ayağına yazır və bu istiqmaətdə işlərini görürlər. Gənclərimiz, diasporamız sosial mediada aktiv olmalıdır".
Oqtay Əsədov qeyd edib ki, təmas xəttində yaşayan mülki əhali gərginlik zamanı kəndlərdən çıxmadı: "Hər kəs yerindədir. Lakin Azəbaycanın bir cavab atəşi ilə ermənilərin hamısı Ağdərədən Şuşaya qədər çıxıb qaçdı. Prezident dəfələrlə deyib ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar prosesi deyil və bu istiqamətdə görülən işlər bunun nəticəsidir".
Millət vəkili Fəzail Ağamalı deyib ki, cəbhə xəttində baş verənlər Azərbaycan Ordusunun gücünü ortaya qoydu. Fəzail Ağamalı qeyd edib ki, ordumuz xalqa qələbə dadını verə bildi: "Bu qələbənin davamı olmalıdır. Beynəlxalq təşkilatlar Ermənistanla yanaşı Azərbaycanı da atəşkəsə əməl etməyə çağırır. Azərbaycan atəşkəs müaviləsinə imza atarkən bunu əbədi olaraq etməyib. Azərbaycan Ordusunun Ermənistana verdiyi cavab xalqımızı tam qane edir. Bu qələbənin sonadək çatdırmalıyıq. Son erməni əsgəri torpaqlarımızdan çıxanadək silahları yerə qoymaq olmaz. Hadisələr göstərdi ki, xalq ordu və dövlətlə bərabərdir".
Deputat Siyavuş Novruzov Azərbaycan xalqını və ordusunu qələbə münasibəti ilə təbrik edib: "Ali baş komandanın rəhbərliyi altında atılan addımlar sübut etdi ki, bütün Azərbaycan xalqı bu məsələdə prezident və ordu ətrafında birləşərək öz mövqeyini ortaya qoyur. Artıq səfərbərlik idarələrində könüllü şəkildə cəbhəyə döyüşə getmək üçün növbələr düzülüb. Yaşından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı Silahlı Qüvvələrimizin sırasında döyüşməyə hazır olduğunu bəyan etdi. Artıq benəlxalq təşkilatlar başa düşdü ki, dondurulmuş münaqişə sülh demək deyil və dondurulmur. Hər an münaqişə başlaya bilər və çox ağır nəticələri olar. Bir daha sübut olundu ki uzun müddət ATƏT-in Minsk qrupunun yarıtmaz fəaliyyəti nəticəsində bu münaqişənin məqsədli şəkildə uzadılması heç bir nəticə verməyəcək. Ermənistan arxayın idi ki, münaqişə nə qədər uzanacaqsa, Azərbaycanda yeni nəsil yetişəcək və Dağlıq Qarabağ, eləcə də digər işğal olunmuş torpaqlar onların yadından çıxacaq, onların döyüş səviyyəsi aşağı düşəcək. Lakin baş verənlərlə bunun tam əksini gördülər. Azərbaycan gəncləri əlində Azərbaycan bayrağı tutub və hər biri döyüşə atılmağa hazırdır".
Deputat vurğulayıb ki, Ermənistan beynəlxalq hüquq normalarını kənara qoyub, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşklatı ilə əhalisinin başını qatmağa çalışırdı: "Qeyd edirdi ki, əgər bizə qarşı hər hansı addım atılacaqsa, digər dövlətlər də bu məsələyə qarışacaq. Həmin dövlətlərin səlahiyyətliləri onlara çox gözəl cavab verərək bildirdilər ki, döyüş Ermənistanın deyil, Azərbaycan ərazisində gedir. Bu, Ermənistan əhalisi arasında yaranan mifi birdəfəlik sındırdı və erməni qorxaqlığı fəaliyyətə başladı. Onlar anladı ki, Azərbaycanla üz-üzə gəlmək üçün heç bir qüvəyə malik deyillər. Bu baxımdan bu məsələləri bütün ictimaiyyətə çatdırmalıyıq. Ökə başçısı hər zaman bildirirdi ki, ordumuz postsovet məkanında, eləcə də Cənubi Qafqazda ən güclü ordulardan biridir. Bu bir daha sübut edildi. Ordumuzu və Azərbaycan xalqını təbrik edirəm. Hər birimiz döyüşlərdə əsgərik və Ali baş komandanın əmri ilə döyüşə getməyə hazırıq".
Oqtay Əsədov sosial şəbəkələrdə yayılan informasiyalardan danışıb. O qeyd edib ki, ermənilər tərəfindən yayılan bir videoda göstərilir ki, Dağlıq Qarabağda əsgərliyə gedənlər 90-cı illərin saqqallılarıdır: "Bu o deməkdir ki, Dağlıq Qarabağda müharibə aparanlar Ermənistandan gələnlərdir. Diasporları hər yerdə səs-küy salırlar ki, Azərbaycan erməniləri qırır. Mətbuat yazır ki, 500 erməni qırıldı və guya Azərbaycanın ermənilərə qarşı genosidi həyata keçirilir. Biz, Ermənistana birinci hücum etməmişik. Ermənistan birinci hücum etdi, mərmilərdən kəndlərimizi atəşə tutdular və cavab vermək məcburiyyətində qaldıq. İlk həmləmizdə 3 yüksəkliyi ələ keçirdik. Sarkisyanın çıxışını yayımlayır və deyirlər ki, 1 aprel mövqelərinə qayıtsaq komporomisə gedərik. Kompromis bizə lazım deyil, torpaqları boşalt. Hər bir informasiyada diqqətli olmalıyıq. Təmas xəttində müharibə gedir, Şuşa boşalır, bunları təbliğ etməliyik".
Daha sonra Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) hesabatı Milli Məclisdə müzakirəyə çıxarılıb. Hesabatı Ombudsman Elmira Süleymanova təqdim etdikdən sonra deputatlar sənədə münasibət bildiriblər.
Parlamentin Gənclər və idman komitəsinin sədri Fuad Muradov qələbələrimizə görə gənclərimizi təbrik edib.
Deputat bildirib ki, ermənilər post quraraq əsgərlərin qaçmamasına çalışır. Azərbaycan isə post qurur ki, hərbi cəbhəyə getmək istəyən könüllülərimizin qarşısını alaq: "Gənclər arasında böyük sevgi və coşqu var. Bu istiqamətdə Ali Baş Komandanın hər bir əmri bizim üçün əsas istiqamət olaraq qalır. Bundan sonra da bu istiqamətdə işlər gedəcək".
Ombudsmanın hesabatına toxunan deputat qeyd edib ki, məruzə geniş və bütün sahələri ətraflı əhatə edib: "Ombudsman İnstitutunun beynəlxalq çərçivədə də böyük nüfuzu var. Elmira Süleymanovadan xahiş edərdim ki, öz nüfuzundan istifadə edərək ermənilər tərəfindən həyata keçirilən dəhşətlər, sakinlərimizin qırılması, xüsusən azyaşlı uşaqların ölməsində birbaşa iştirak edən Serj Sərkisyan və onun ətrafında olan insanlarla bağlı beynəlxalq ombudsman şəbəkəsinə müraciət olunsun.
Dünyada hərbi cinayətlərin ədalət məhkəməsinə çıxması başlayıb və orada bir nömrəli namizəd də Serj Sərkisyandır. Eyni zamanda sizin fəaliyyət illərində həm beynəlxalq təşkilatlar, həm də insan hüquqları ilə məşğul olan institutlarda şəxsi əlaqələriniz var. Təklif edərdik ki, siz bu istiqamətdə köməklik göstərəsiniz".
Fuad Muradov beynəlxalq tribunada çıxış edən hüquq müdafiəçilərinin bu günlərdə səssiz qalmalarına da münasibət bildirib.
"Son zamanlar guya sülhpərəst qüvvələr müraciət yayırlar ki, sülh lazımdır. Sülh lazımdır, amma bizim evimizə gəlib, başımıza top atırlar, deyək ki, atın, davam edin? Bu qəbuledilməzdir. Bir qrup insanlar var ki, bundan istifadə edib siyasi divident qazanmaq istəyirlər. Bu yaxınlarda cənab prezidentin humanist addımı oldu və guya hüquq müdafiəçiləri olan insanlar azadlığa buraxıldı. Onlar beynəlxaq tribunada, müxtəlif beynəlxalq nəşrlərdə palaz-palaz müraciətlər edirlər. Son 3 gündə hüquq müdafiəçilərindən Ermənistan və təcavüzü ilə bağlı fəaliyyət görmədim. Sizdə belə imkanlar varsa, beynəlxalq tribunaya çıxa bilirsinizsə niyə o mətbuatda bildirmirsiniz ki, dinc sakinlərimiz həlak olur. Bir söz deyin də! Onlar o tribunanı öz şəxsi maraqlarına görə istifadə edirlər. Məsələlər sakitləşindən sonra müzakirə etməliyik ki, bu insanlar kimə işləyir?"
Komitə sədri vurğulayıb ki, sosial şəbəkələrdə gənclərimiz tərəfindən müsbət işlər də görülür. "Gənclərimizin fəaliyyəti bir çox istiqamətdə fərqlənir. Ermənilərin beynəlxalq dostları qarayaxma kampaniyasına əl atacaqlar. Buna hazır olmalıyıq və dərhal cavab verilməlidir. Azərbaycan gəncləri hər zaman hazırdır".
Millət vəkilləri müzakirənin yekunu olaraq hesabatı qənaət bəxş hesab ediblər. Ombudsmanın 2015-ci il üzrə illik hesabatı səsə qoyularaq qəbul olunub.

Əli