“Təmas xəttində baş verən hadisələrdən sonra Rusiya çox təşvişə düşüb” Siyasət

“Təmas xəttində baş verən hadisələrdən sonra Rusiya çox təşvişə düşüb”

Fikrət Sadıqov: "Çünki biz Ermənistana və digər dövlətlərə həm də hərbi potensialımızı nümayiş etdirdik"

"Aprelin ilk günlərində Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən hadisələrdən sonra Rusiya çox təşvişə düşüb. Çünki biz Ermənistana və digər dövlətlərə həm hərbi potensialımızı, həm də işğal olunmuş torpaqların azad olunması iradəsini qabarıq şəkildə nümayiş etdirdik. Odur ki, Bakıya Rusiyanın həm baş naziri, həm xarici işlər naziri səfər etdi, Rusiya prezidenti və müdafiə naziri Azərbaycan və Ermənistan tərəfi ilə telefon əlaqəsi saxladı". Bu fikirləri politoloq Fikrət Sadıqov səsələndirib. O, bildirib ki, bunlar hamısı Rusiyanın məsələnin həllinə maraq göstərdiyini təsdiqləyir: "Ona görə yox ki, tərəflərdən hansınısa çox, hansınısa az istəyir. Burada sadəcə maraqlar məsələsi dayanır. Rusiyanın iki istiqamətdə iki əsas marağı var. Birinci maraq Ermənistanın loru dillə desək, burnunun qanamamasından ibarətdir. Çünki biz Azərbaycan olaraq artıq bunu edə biləcəyimizi göstərdik. Yəni birinci maraq Ermənistanı müdafiə etməkdir. Digər maraq isə Azərbaycanla münasibətləri pozmamaq və strateji tərəfdaşlıq münasibətlərini bundan sonra da müəyyən səviyyədə saxlamaqdan ibarətdir. İki ölkə arasında münasibətlər kifayət qədər yüksəkdir və bir sıra ortaq layihələr həyata keçirilir. Ruslar bütün bunları nəzərə alaraq artıq aprel hadisələrindən müəyyən nəticə çıxarıblar və onlar çox istərdilər ki, bu regionda sabitlik mövcud olsun. Əgər onlar sağlam düşüncəli siyasətçilərdirsə, başa düşməlidirlər ki, bu sabitliyin yaranması üçün Azərbaycanın işğal olunmuş torpaqları azad olunmalıdır. Hər halda bu proses başlamalıdır".
O, əlavə edib ki, prosesdə Rusiyanın təşəbbüsü tamamilə ələ alması kimi amil ön plana çəkilib: "Həqiqətən, Rusiya təşəbbüsü öz əlinə alıb. Bunun göstəriciləri də kifayət qədər parlaqdır. Rusiyanın bütün yüksək səviyyəli dövlət rəsmiləri aprel döyüşlərinin yekunlaşdırılması məsələsində fəallıq göstərdilər. Əslində, reallıq ondan ibarətdir ki, Rusiya bu münaqişənin əvvəlində aktiv oyunçu kimi iştirak edib. Bu reallığı heç kim dəyişə bilməz. Rusiyanın bu fəaliyyəti indi də davam edir. Bu heç də o demək deyil ki, burda hər hansı plan həyata keçirilsə, mütləq Rusiyanın maraqları nəzərə alınacaq, ABŞ və Fransanın maraqları nəzərə alınmayacaq. Çünki onlar da ATƏT-in Minsk qrupunun həmsədrləridir. Düşünürəm ki, onlar da bu formata daxil olduqları üçün proseslərin gedişi ilə maraqlanmalı, aktiv olmalıdırlar. Rusiya onlarla da bu planı razılaşdıracaq. Burda bir məqam da öz əksini tapır. Bilirsiniz ki, hazırda ABŞ-da prezident seçkiləri ərəfəsidir. Prezident başa düşür ki, ilin axırında gedəcək. Digər tərəfdən Fransa o qədər də fəallıq nümayiş etdirmir. Çünki onlar artıq başa düşürlər ki, Rusiya MDB məkanında əsas oyunçuya çevrilib. Artıq Avropada bunu qəbul edirlər. Başa düşürlər ki, Rusiya bu regionun aparıcı bir oyunçusu kimi bu məsələdə daha fəal olmalıdır. Amma bu heç də o demək deyil ki, son variantı onlarla razılaşdırmayacaq. Eyni zamanda bizim üçün hansı dövlətin bu məsələdə fəal olması bir o qədər də əhəmiyyət kəsb etməməlidir. Bizim üçün əsas göstəricisi bu məsələnin həllidir, prosesin başlanması, işğal olunmuş torpaqların azad olunmasıdır".
Onun sözlərinə görə, vaxtilə, 1990-cı illərdə ATƏT formatında bu məsələ müzakirə olunarkən danışıqlar nəticəsində belə qərara gəlinmişdi ki, regionda ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin qoşunları olmamalıdır: "Düzdür, bu, rəsmi şəkildə heç bir yerdə qeyd olunmayıb. Ya hansısa üçüncü ölkələrin qoşunları olmalı, ya da BMT və ATƏT-in sülhməramlıları bölgəyə yerləşdirilə bilər. Çünki bu, daha məqsədəuyğun format ola bilər. Biz bilirik ki, burada hər hansı aparıcı dövlətin qoşunlarının yerləşdirilməsi onların strateji maraqlarına cavab verən bir addımdır və onlar bundan çox məharətlə istifadə edə bilərlər. Rusiya, ABŞ və Fransa da çox yaxşı başa düşür ki, burada beynəlxalq strukturlar çərçivəsində təyin edilmiş üçüncü dövlətlərin qoşunları olmalıdır. Onsuz da Rusiya qoşunları Ermənistanda var. Bu bölgədə Rusiya əsgərlərinin sayının artırılmasına heç bir ehtiyac yoxdur. İnanmıram ki, Azərbaycan öz torpaqlarında aparıcı, böyük dövlətin sülhməramlılar yerləşdirməsinə razılıq versin".
O, əlavə edib ki, aprelin ilk günlərində baş verən döyüşlərdən sonra Ermənistan rəhbərliyinin təşvişə düşməsi açıq-aşkar müşahidə olunur: "Orada siyasi elita arasında müəyyən qalmaqal hiss olunur. Digər tərəfdən Ermənistan ictimaiyyətində də narazılıq bildirilir. Çünki cəmiyyətdə başa düşürlər ki, onların əsgərləri başqa ölkənin torpaqlarını işğal etdikləri üçün böyük itkilər verirlər. Hər halda mən ölən zabit və əsgərlərin valideynlərini nəzərdə tuturam. Digər tərəfdən əlbəttə ki, müxalifət partiyaları aktivləşib. Amma əsas məsələ odur ki, bunlar güvəndikləri Rusiyaya inamlarını artıq müəyyən qədər itiriblər. Çünki Rusiya artıq nümayiş etdirir ki, o, keçmişin, 1990-cı illərin Rusiyası deyil. Onlar Ermənistanın müttəfiqi olaraq qalır, amma eyni zamanda ruslar öz sinələrini qabağa verib ermənilərin əvəzinə nə döyüşəcək, nə də ermənilərin maraqlarını müdafiə edəcəklər. Bunun sübutu Ermənistanın müxtəlif şəhərlərində Rusiya əleyhinə keçirilən nümayişlərdir. Rusiya səfirliyi yumurta, pomidor "atəşi"nə tutulub. Ermənistanın bir sıra rəsmi şəxsləri də Moskvaya qarşı köklü şəkildə açıq narazılıq bildirən ifadələr işlədib, bəyanatlar səsləndiriblər. "Aprel döyüşləri" həm də bunu üzə çıxardı. Bu da əlbəttə, nə hərbi, nə də siyasi cəhətdən Ermənistanın xeyrinə olan hadisələr deyil".