“İran Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir“ Siyasət

“İran Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir“

Xarici işlər naziri Elmar Məmmədyarov İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Nazirlikdən verilən məlumata görə, görüşdə Azərbaycan və İran prezidentləri tərəfindən müəyyən olunan strateji xəttə uyğun olaraq, iki ölkə arasında əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb.
Mahmud Vaezi Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xətti boyunca baş vermiş son gərginlik zamanı mülki Azərbaycan əhalisi və hərbi qulluqçuların həyatını itirməsi ilə əlaqədar başsağlığı verib. O, İranın Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bir daha vurğulayıb.

Qonaq hökumətlərarası birgə komissiya çərçivəsində həyata keçirilən birgə tədbirlər sayəsində iqtisadiyyat, nəqliyyat, neft-qaz, kənd təsərrüfatı, turizm, əczaçılıq, maşınqayırma, rabitə və informasiya texnologiyaları və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdiyini söyləyib. Mahmud Vaezi ölkəsinin regional sülh və təhlükəsizliyin təmin edilməsində maraqlı olduğunu bildirərək, beynəlxalq əməkdaşlıq kontekstində terrorizm, radikalizm və regional təhdidlərə qarşı birgə mübarizə aparmaq üçün iki ölkənin təhlükəsizlik orqanları arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətinə diqqət çəkib.
Elmar Məmmədyarov isə Azərbaycan prezidentinin İrana sonuncu səfərinin, səfər zamanı keçirilmiş görüşlərin və imzalanmış sənədlərin iki ölkə arasında əməkdaşlığın inkişafı baxımdan böyük əhəmiyyətə malik olduğunu deyib. O, Mahmud Vaezini Azərbaycan prezidenti tərəfindən "Dostluq" ordeni ilə təltif olunması münasibətilə təbrik edib.
Nazir Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı İranın tutduğu ədalətli və davamlı mövqeyin yüksək qiymətləndirildiyini vurğulayıb. Münaqişənin həlli və regionda davamlı sülhün təmin olunması üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq, Ermənistan qoşunlarının işğal olunmuş bütün Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bildirib.
Elmar Məmmədyarov aprelin 20-də Astara çayı üzərində təməli qoyulmuş dəmir yolu körpüsünün Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsində mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. O, körpünün ölkələrin tranzit potensialının artmasına və böyük həcmdə yükdaşımaların həyata keçirilməsinə imkan yaradacağını xüsusi vurğulayıb.