İspaniyanın XİN rəhbəri Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiklərini bildirib Siyasət

İspaniyanın XİN rəhbəri Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiklərini bildirib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumu çərçivəsində İspaniyanın xarici işlər naziri Joze Manuel Qarsiya-Marqallo ilə görüşüb.
XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdə iki ölkə arasında əməkdaşlığın hazırkı vəziyyətindən, xüsusən də siyasi müstəvidə əlaqələrin səviyyəsindən məmnunluq ifadə edilib. Tərəflər iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsi istiqamətində bir sıra sənəd layihələrinin hazır olduğunu və yaxın zamanlarda imzalanacağına ümidvar olduqlarını bildiriblər.
E. Məmmədyarov Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaranan son gərginlik və Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlar, mülki əhalinin ağır silahlardan hədəfə alınması, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin xarici işlər nazirləri ilə apardığı son telefon danışıqları barədə ispaniyalı həmkarına məlumat verib. Nazir əlavə edib ki, münaqişənin həllinə nail olmaq məqsədilə Ermənistan qoşunları işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı, hərbi işğal faktına son qoyulmalı və hərtərəfli siyasi proses başlanmalıdır.
Joze Manuel Qarsiya-Marqallo ölkəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini diqqətə çatdırıb. İspaniyanın münaqişənin həlli ilə əlaqədar ədalətli mövqeyinin təqdir edildiyini deyən E. Məmmədyarov rəsmi Madridin Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına da öz töhfəsini verdiyini söyləyib.
Qonaq BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumunun təşkilatçılığını və işini yüksək qiymətləndirib.