Prezident İlham Əliyev Ramazan Abdulatipovu qəbul edib Siyasət

Prezident İlham Əliyev Ramazan Abdulatipovu qəbul edib

Azərbaycan prezidentiİlham Əliyev Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlət başçısı ilk növbədə öz adından və bütün Azərbaycan xalqı adından görkəmli dövlət xadimi və ictimai xadim Əziz Əliyevin xatirəsinə şəxsən Ramazan Abdulatipov və qardaş Dağıstan xalqı tərəfindən göstərilən hörmətə görə minnətdarlığını bildirib.
Dünən Mahaçqala şəhərində Əziz Əliyevin abidəsinin təntənəli açılışını və bununla bağlı Dağıstan Respublikasının başçısının şəxsən qərar qəbul etməsini yüksək qiymətləndirən prezident İlham Əliyev bu təntənəli mərasimdə ölkəmizin böyük nümayəndə heyətinin iştirak etdiyini vurğulayıb. Dövlət başçısı mərasimdə Ramazan Abdulatipovun çıxışı zamanı onun Heydər Əliyev, Əziz Əliyev və Azərbaycan prezidenti haqqında dediyi xoş və səmimi sözlərə görə təşəkkürünü bildirib. Əziz Əliyevin Azərbaycanın, Dağıstanın görkəmli dövlət xadimi olduğunu qeyd edən prezident İlham Əliyev bir ölkə başçısı, eyni zamanda, Əziz Əliyevin nəvəsi kimi, dağıstanlıların onu daim yaddaşlarında saxlamalarının, xatirəsinə hörmətlə yanaşmalarının, Dağıstanın inkişafı və xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində gördüyü işləri yüksək qiymətləndirmələrinin onun üçün ikiqat xoş olduğunu deyib.
Prezident İlham Əliyev bu cür xoş ənənələrin bu gün Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin, o cümlədən Dağıstanla Azərbaycan Respublikasının əməkdaşlığının inkişafında önəmli faktorlardan biri olduğunu qeyd edib.
Dağıstan Respublikası başçısının "Əziz Əliyev və Dağıstan" adlı kitaba müəlliflik etməsindən məmnunluğunu ifadə edən prezident İlham Əliyev bu kitabın yazılmasına vaxt tapdığına və orada Əziz Əliyev haqqında ifadə olunan xoş sözlərə görə, Əziz Əliyevin Dağıstan və Azərbaycan qarşısındakı xidmətlərinin, Böyük Vətən Müharibəsi illərində göstərdiyi fəaliyyətin işıqlandırılmasına görə təşəkkürünü bildirib.
Dövlət başçısı vurğulayıb ki, bu gün həm də Azərbaycanda Dağıstan mədəniyyət günləri başlanır və bu, bizim ölkəmiz üçün önəmli bir hadisədir: "Dağıstan həmişə bizim üçün dərin tarixi tellərlə bir-birimizə bağlı olan qardaşlarımızın yaşadığı bir doğma diyar olub və olacaq". Prezident İlham Əliyev bildirib ki, Azərbaycanla Dağıstan arasında qardaşlıq telləri bu gün Rusiya ilə Azərbaycan arasında hər iki tərəfin strateji əlaqələr kimi xarakterizə etdiyi ikitərəfli münasibətlərin inkişafında önəmli rol oynayır. İlham Əliyev Ramazan Abdulatipovun rəhbərliyi ilə Dağıstanda bu gün həyata keçirilən inkişaf proseslərinin, mövcud sabit ictimai-siyasi vəziyyətin Azərbaycanda böyük məmnunluq hissi doğurduğunu qeyd edib və əldə edilən böyük uğurlar münasibətilə təbriklərini çatdırıb.
Xoş sözlərdən məmnun olduğunu bildirən Ramazan Abdulatipov ilk növbədə Dağıstanla əməkdaşlıq məsələlərinə göstərdiyi diqqətə görə Azərbaycan prezidentinə minnətdarlığını bildirib: "Rusiya Federasiya ilə Azərbaycan Respublikası arasında ikitərəfli münasibətlərin əsası milli liderlərimiz Heydər Əliyev və Vladimir Putin tərəfindən qoyulub və Siz bu gün müasir Azərbaycanın rəhbəri kimi ölkələrimiz arasında strateji əməkdaşlığa əsaslanan münasibətlərimizin inkişaf etdirilməsi siyasətini davam etdirirsiniz.Vladimir Putin hələ 2001-ci ildə Rusiya-Azərbaycan münasibətlərinin əhəmiyyətini qeyd edərkən ölkələrimizin inkişafında regionlararası əməkdaşlığın rolunu vurğulayıb. Mənim bu səfərim də həmin baxışlara əsaslanır və biz Azərbaycanla əməkdaşlığı inkişaf etdiririk. Biz mayın 11-də Rusiyanın, Sovetlər İttifaqının, Azərbaycanın və Dağıstanın böyük dövlət xadimi Əziz Əliyevin abidəsinin açılışını bayram etdik. Əziz Əliyev dəfələrlə demişdi ki, biz bir xalqıq və doğrudan da minillik tarixi əlaqələrimizin ümumi kökləri, çox yaxın mədəniyyətləri və ənənələri vardır. Bundan başqa, biz 200 ildən artıqdır ki, rus xalqı ilə bağlıyıq".
Ramazan Abdulatipov prezident İlham Əliyevlə əvvəlki görüşləri məmnunluqla xatırladaraq, dövlət başçısının rus dili və mədəniyyəti haqqında söylədiyi dəyərli fikirlərin çox önəmli olduğunu bildirib.
Görüş zamanı əməkdaşlığın müxtəlif sahələrdə perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.