ABŞ rəsmisi Bakıda Siyasət

ABŞ rəsmisi Bakıda

"Azərbaycanla strateji tərəfdaşlıq dialoqu gücləndirilməlidir"

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricet Brinki qəbul edib.
Nazirlikdən verilən məlumata görə, görüş zamanı Azərbaycan və ABŞ arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsi, enerji, terrorizmə qarşı mübarizə, regional təhlükəsizlik və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.
E. Məmmədyarov Azərbaycan prezidenti İlham Əliyevin IV Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün ABŞ-a etdiyi səfəri və keçirdiyi ikitərəfli görüşlərin münasibətlərin inkişafına əsaslı töhfə verdiyini vurğulayıb. O, Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi barədə məlumat verib.
B. Brink isə ABŞ-ın Azərbaycanla əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verdiyini deyərək iki ölkə arasında strateji tərəfdaşlıq üzrə dialoq mexanizminin gücləndirilməsinin vacibliyini qeyd edib. O, ABŞ-ın iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı üzrə Azərbaycanın həyata keçirdiyi tədbirləri, o cümlədən regional nəqliyyat infrastrukturu layihələrini dəstəklədiyini bildirib.
Görüşdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri və beynəlxalq gündəlikdə duran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.