DİN-də geniş kollegiya iclası keçirilib Siyasət

DİN-də geniş kollegiya iclası keçirilib

Daxili İşlər Nazirliyində 2016-cı ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, iclasda çıxış edən daxili işlər naziri, general-polkovnik Ramil Usubov cinayətkarlığın dinamikasında və strukturunda müşahidə olunan müsbət təmayüllərün davam etdiyini, cinayətlərin qarşısının alınması, açılması, istintaqı, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində digər hüquq mühafizə strukturları ilə birgə həyata keçirilən kompleks tədbirlərin müsbət nəticələr verdiyini və kriminogen durum nəzarətdə saxlanıldığını bildirib.
İclasda geniş məruzə ilə çıxış edən daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov bildirib ki, kriminal təhdid və çağırışlara qarşı cavab tədbirlərinin görülməsində, törədilmiş əmələ görə cəzanın labüdlüyü prinsipinin reallaşmasında mühüm funksiyaları həyata keçirən istintaq və ixtisaslaşmış təhqiqat qurumları üzrə fəaliyyətin nəticələri də ümumən qənaətbəxş olub. Prosessual fəaliyyətin əsas göstəricilərindən olan dövlətə, hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın ödətdirilməsi işində də müsbət təmayül müşahidə olunub və bu istiqamətdə işin nəticələri 7,9 faiz yaxşılaşaraq 85,6 faiz təşkil edib.
Cinayət xarakterli məlumatlara baxılmasında və qərarlar qəbul edilməsində əhəmiyyətli rolu olan təhqiqatçıların iş həcmi isə cari ilin 6 ayında təxminən 28 faiz artıb. Məruzəçi bildirib ki, xidməti fəaliyyətin əsas istiqamətlərindən biri olan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində həyata keçirilən profilaktiki tədbirlər də müsbət nəticələr verib. Belə ki, respublikada dövlət qeydiyyatına alınmış nəqliyyat vasitələrinin sayının 15 mindən çox artması fonunda, yol-nəqliyyat hadisələrinin, qəzalarda ölənlərin və xəsarət alanların sayı nəzərəçarpacaq dərəcədə azalıb. Konkret olaraq, 2015-cı ilin 6 ayı ilə müqayisədə hesabat dövründə 25 faiz çox və ya 1.402.254 yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta aşkarlanıb. Bununla yanaşı, avtomobilinin şüşələrinə pərdə və plyonka çəkilmiş 2.404 şəxs, həmçinin nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən 6.574 nəfər və avtoxuliqanlığa görə 183 sürücü barəsində qanunauyğun tədbirlər görülüb. Həmin qayda pozuntuları ilə bağlı qanunvericiliyin sərtləşdirilməsinin, məqsədli şəkildə aparılan təbliğat işinin və keçirilən reydlərin nəticəsi olaraq, onların sayında ilbəil azalma qeydə alınır.
İclasa yekun vuran nazir Ramil Usubov hesabat dövründə əməliyyat-xidməti fəaliyyətin bütövlükdə qənaətbəxş olduğunu, qanunla müəyyən edilmiş vəzifələrin layiqincə yerinə yetirildiyini, habelə cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşların və hərbi qulluqçuların yüksək peşəkarlığı ilə fərqləndiyini, eləcə də digər hüquq-mühafizə orqanları ilə birgə ölkədə daxili sabitliyin və asayişin qorunması işinin hazırda da uğurla davam etdirildiyini bildirib.
Cinayətkarlığa qarşı mübarizə və ictimai qaydanın qorunmasında şəxsi heyətin fəaliyyətini ümumilikdə qənaətbəxş hesab edən nazir, bununla yanaşı, Kollegiya iştirakçılarının diqqətini həlli vacib olan məsələlərə yönəldib, tapşırıq və tövsiyələrini verib.