“Dünya separatizmin təhlükəli olduğunu qəbul etməlidir” Siyasət

“Dünya separatizmin təhlükəli olduğunu qəbul etməlidir”

"Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bu günədək göstərilmiş səylər Ermənistanın qeyri-konstruktiv və pozucu mövqeyi səbəbindən nəticə verməyib".
Bunu Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədov AŞPA-ya üzv ölkələrin parlament sədrləri və prezidentlərinin Avropa sammitində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanın Dağlıq Qarabağ və 7 ətraf rayonu 25 ilə yaxındır Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. Spiker qeyd edib ki, həmin ərazilərdə işğalçılar etnik təmizləmə siyasətini həyata keçiriblər: "Bir milyona yaxın dinc əhali yurdlarından qovulub və didərgin salınıb. Bu münaqişənin mövcudluğu tək region deyil, bütün dünyada sülh və sabitliyə təhdiddir. Bu ilin aprel ayında cəbhədə baş verən hadisələr bunu bir daha sübut etdi. Həmin vaxt Ermənistan növbəti təxribata əl atdı. Azərbaycan ordusu və sərhəd zonasında yaşayan dinc əhali silahlı hücuma məruz qaldı. Azərbaycan Silahlı Qüvvələri əhalinin təhlükəsizliyini təmin etmək üçün cavab atəşi açmalı oldu. Bu hadisə çoxsaylı itkilərə səbəb oldu. Dünya artıq etnik separatizmin və başqa ölkənin ərazisinə göz dikilməsinin nə dərəcədə təhlükəli olduğunu qəbul etməlidir. Bütün münaqişələr beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həll olunmalıdır".
Parlament spikeri qeyd edib ki, dünyada beynəlxalq hüququn yerini güc hüququ tutur: "Parlamentarilər bununla mübarizə aparmalıdır".
Oqtay Əsədov müxtəlif xalq və millətlərin nümayəndələrinin Azərbaycanda həmişə sülh şəraitində yaşadığını bildirib: "Azərbaycanda multikulturalizm dəyərləri dövlət səviyyəsində tanınır. Ölkəmizdə məscid, kilsə və sinaqoqun qapıları həmişə açıqdır. İnsanların dini ayinlərini sərbəst icra etməsi üçün imkan var. Azərbaycandakı dini rəhbərlər ölkənin taleyüklü məsələlərində həmişə eyni mövqedən çıxış edirlər".