“Ermənistan 4 yerdən idarə olunur” Siyasət

“Ermənistan 4 yerdən idarə olunur”

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri cənab Əli Həsənov noyabrın 25-də Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı qəbul edib.
Baş nazirin müavini Əli Həsənov bildirib ki, Türkiyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin ağır nəticələrinin aradan qaldırılmasında hər zaman Azərbaycanın yanında olub, ölkəmizin haqq işini beynəlxalq aləmdə dəstəkləyib.
Əli Həsənov vurğulayıb ki, bu gün bütün türk və müsəlman dünyası erməni təcavüzkarlarına qarşı birgə mübarizə aparmalıdır: "Təəssüf ki, bu gün dünyada ədalətsizlik hökm sürür. Belə bir vəziyyətdə müsəlman ölkələrinin həmrəyliyinə və əməkdaşlığına ciddi ehtiyac var. Regionda İran və Türkiyə kimi böyük müsəlman dövlətləri var, Azərbaycan da son 20 ildə beynəlxalq aləmdə layiqli yerini tutub. Hesab edirəm ki, İran, Türkiyə və Azərbaycanın həmrəyliyi nə qədər güclənsə, bu, həm region, həm də ölkələrimiz üçün faydalı olar. Bu həmrəylik nə qədər güclü olsa, bizə yanaşma da dəyişəcək. Bəzi dünya dövlətləri əlaqələrimizə qısqanclıqla yanaşırlar, daim çalışırlar ki, bu müsəlman ölkələri arasındakı həmrəyliyə xələl gətirsinlər. Ancaq bilirik ki, bu xalqlar və dövlətlər arasında nifaq salmaq mümkün deyil.Bu ölkələr və xalqlar buna yol verməməlidirlər".
Əli Həsənov bildirib ki, Azərbaycan dövləti qaçqın və məcburi köçkünlər üçün hər cür şərait yaradır, şəffaflığln təmin edilməsində, insan hüquqlarının qorunmasında mühüm nailiyyətlər əldə olunub: "Bu gün bizə demokratiyadan, korrupsiyadan, insan hüquqlarının qorunmasından dərs keçmək istəyən ölkələrə baxın. Avropada görün qaçqınlara nə zülmlər edirlər və insanları necə alçaldıb təhqir edirlər. 1992-ci ildə erməni diasporası tərəfindən Amerikada olan ermənipərəst konqresmenlərə on milyonlarla vəsait verdilər və nəticədə ABŞ Konqresinin "Azadlığı Müdafiə Aktına" 907-ci əlavənin həyata keçirilməsinə nail oldular".
Əli Həsənov diqqətə çatdırıb ki, Ermənistanın dörd yerdən idarə olunması və himayədarlıq edilməsinə baxmayaraq aprel döyüşləri göstərdi ki, Azərbaycan ordusu istənilən vaxt Ali Baş Komandanın əmri ilə torpaqları azad edə bilər və bunu ermənilər nə qədər tez başa düşsələr özlərinə xeyirdir.
Baş nazirin müavini qeyd edib ki, Türkiyə və Rusiya arasında münasibətlərin yaxşılaşması bütünlüklə region, o cümlədən ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral isə Türkiyə ilə Azərbaycan arasında çox gözəl münasibətlərin olduğunu, bu münasibətlərin strateji əməkdaşlıq xarakteri daşıdığını və qardaşlıq əlaqələrinə əsaslandığını vurğulayıb.
O, Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhd zamanı prezident İlham Əliyev tərəfindən göstərilən dəstəyin bütün türk xalqı tərəfindən yüksək qiymətləndirildiyini söyləyib. Türkiyəli diplomat Azərbaycanla qardaşlıq əlaqələrinin daha da yüksək səviyyəyə qaldırılması üçün çalışacağını bildirib.
Erkan Özoral Azərbaycan torpaqlarının işğal altında qalmasının Türkiyə üçün də xoş olmadığını, münaqişənin tezliklə sülh yolu ilə ədalətli həllinin vacibliyini qeyd edib. Vurğulayıb ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır və problemlərimizi birgə həll etməliyik.