Azərbaycanla Çexiya arasında Anlaşma Memorandumu imzalanacaq Siyasət

Azərbaycanla Çexiya arasında Anlaşma Memorandumu imzalanacaq

Çexiya Sənaye və Ticarət Nazirliyinin xarici iqtisadi siyasət departamentinin direktoru Martin Pospişil, Azərbaycanla Çexiya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə birgə komissiyanın məsul katibi Olqa Kalinova və Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonkadan ibarət nümayəndə heyəti Energetika Nazirliyində olub.
Nazirlikdən verilən məlumata görə, energetika nazirinin müavini Natiq Abbasovun iştirakı ilə keçirilən görüşdə "Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Çexiya Sənaye və Ticarət Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"na dair müzakirələr aparılıb.
Bildirilib ki, sənəd imzalanmaq üçün hazırdır və Anlaşma Memorandumunun Azərbaycan və Çexiya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə birgə komissiyanın 17-19 yanvar 2017-ci il tarixində Bakıda keçirilməsi nəzərdə tutulan növbəti iclası çərçivəsində nazirlər səviyyəsində imzalanması planlaşdırılır.
M. Pospişil ölkəsinin enerji təchizatında mühüm mövqeyə malik Azərbaycanın enerji daşıyıcılarının diversifikasiyasında strateji tərəfdaş olduğunu deyib. Onun sözlərinə görə, Anlaşma Memorandumunun imzalanması ilə enerji əməkdaşlığının daha da dərinləşdirilməsi üçün əlavə imkanlar yaranacaq.
N. Abbasov da Azərbaycanın Çexiya ilə enerji əməkdaşlığının inkişafında maraqlı olduğunu qeyd edib. Bildirib ki, "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsi ilə yanaşı, yaşayış sektorunda və iri enerji tutumlu sənaye müəssisələrində enerji səmərəliliyi və enerji effektivliyinə nail olunması əsas hədəflərdəndir. Çexiya ilə bu istiqamətdə təcrübə mübadiləsinin aparılmasına və əməkdaşlığın inkişaf etdirilməsinə ehtiyac var.
Görüşdə həmçinin enerji əməkdaşlığına dair məsələlərin müzakirəsi məqsədilə işçi qrupunun yaradılması ətrafında da fikir mübadiləsi aparılıb.