Piter Teys: “Yaxın gələcəkdə Qarabağda eskalasiyasının şahidi ola bilərik” Siyasət

Piter Teys: “Yaxın gələcəkdə Qarabağda eskalasiyasının şahidi ola bilərik”

Dekabrın 8-9-da ATƏT XİN Şurası Almaniyanın Hamburq şəhərində görüş keçirdi. Əsas müzakirə mövzusu Ukrayna və Dağlıq Qarabağ idi. Avropanın XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün irəli sürdüyü saysız-hesabsız cəhdləri tanımaqda uğursuzluğa düçar oldu.
Bu fikri politoloq Piter Teys deyib. O bildirib ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş ərazilərində hərbi iştirakı ilə beynəlxalq hüququn prinsiplərini pozur: "Onlar Qafqazda silahlı münaqişələrin və infrastruktur dağınıqlığının əsas mənbəyidir. Ermənistanın danışıqlar prosesində aktiv iştirak etməkdə iradəsizlik nümayiş etdirməsi nəticəsində yaxın gələcəkdə Qarabağda eskalasiyasının şahidi ola bilərik". P. Teys qeyd edib ki, aprel döyüşləri Azərbaycan xalqının bir çox çağırışlarla üzləşdiyi regionda təxribatların əvvəlcədən proqnozlaşdırıla bilinməməsinin nümunəsidir.
O əlavə edib ki, Hamburqda ATƏT hazırkı status-kvonu dəyişməyə müvəffəq olmadı və Vyana, Sankt-Peterburq görüşlərində Azərbaycan və Ermənistanın müzakirə etdiyi məsələlərlə bağlı nəzərəçarpan irəliləyiş əldə edilmədi: "Hesab edirəm ki, orada Rusiya prezidenti Vladimir Putin və ATƏT-in Minsk qrupu həmsədrlərinin rolu qiymətləndirilməli idi. Münaqişənin həlli ilə bağlı nəzərəçarpan nəticələr yoxdur". Ekspertin fikrincə, ATƏT hazırkı status-kvonu dəyişmək mümkün olan hər şeyi etməlidir və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konkret nəticələrin əldə edilməsi üçün müəyyən zaman çərçivəsi yaratmalıdır: "ATƏT Ermənistana işğalçı qoşunlarını Azərbaycan ərazilərindən çıxarmaq üçün təzyiq etməlidir. Biz şahidik ki, Ermənistan tərəfi konkret nəticələr gətirmək üçün danışıqlarda iştirak etməkdə maraqlı deyil. Ermənistan sülh prosesini və Vyana, Sankt-Peterburq görüşünün nəticələrini pozmaq üçün hər şeyi edir". Politoloq əlavə edib ki, Ermənistan işğal edilmiş ərazilərdə hərbi quruculuqla məşğul olduqca ATƏT susur.