“Qədim bölgənin siyasi xəritəsini zorla dəyişdirmək istəyirlər” Siyasət

“Qədim bölgənin siyasi xəritəsini zorla dəyişdirmək istəyirlər”

"Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətli göstərir ki, Rusiya Yaxın Şərqdə terrorla mübarizə etməklə dağıdıcı şəbəkənin belini qıra bildi". Bu fikri politoloq Tofiq Abbasov deyib. O bildirib ki, Qərb koalisiyasından fərqli olaraq Moskva dediyini etdi. Qərb isə etmədi: "Etmədi ona görə yox ki, bacarmadı, etmədi, çünki istəmədi. ABŞ-ın imitasiya siyasəti Yaxın Şərq məmləkətlərinə xəyanətdən başqa bir şey deyil. Həmin terror şəbəkəsinin dəstələrini hələ də Amerika, Fransa, İngiltərə, Səudiyyə Ərəbistanı və s. ölkələrin instruktorları hazırlamaqda davam edirlər".
T. Abbasov hesab edir ki, adıçəkilən ölkələr qədim bölgənin siyasi xəritəsini zorla dəyişdirmək istəyirlər. Bunun üçün də əsas alət terrordur: "Bu plan fiaskoya uğradı. Rusiya müttəfiqləri ilə bu planı alt-üst etdi. Bu baxımdan Türkiyənin də bölgə siyasətində müəyyən boşluqlar var idi və onların əks-sədası bu terror aktında təzahürünü tapır".
Politoloq əlavə edib ki, indi Ankara öz siyasətinə korrektələr edir və buna təsdiq onun Moskva ilə yaxınlaşmasıdır: "Səfirin qətli Rusiya ilə Türkiyəni daha da yaxın olmağa sövq edəcək. İstisna etmirəm ki, artıq Türkiyənin siyasi elitası buraxdığı səhvlərdən nəticə çıxarıb bir çox şeyləri dəyişməyə qərar verəcək".