“İranda 40 milyona yaxın azərbaycanlı yaşayır” Siyasət

“İranda 40 milyona yaxın azərbaycanlı yaşayır”

Azər Badamov: "Bu ölkənin rəhbərliyi yaxşı bilir ki, cinayətkar Sarkisyan azərbaycanlılara qarşı soyqırımı törədib"

Elxan Şahinoğlu: "İranın kredit imkanları olsaydı, Astara-Rəşt dəmiryolunun tikintisinin maliyyəsi üçün Bakıya müraciət etməzdi"

Üzeyir Cəfərov: ""Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur" deyən Ruhani əfəndi nədənsə ən vacib məqamı dilə gətirməyə cürət etmədi"

"İran prezidenti Həsən Ruhani 21 dekabrda Ermənistana bir günlük səfəri zamanı erməni həmkarı ilə əlaqələrin inkişafı məqsədilə 5 memorandum imzaladı, hökumətlərarası 4 altkomissyanın yaradılmasına razılaşdı, ortaq bəyanat qəbul etdi, bisnez forumda iştirak etdi. İmzalanan niyyət protokolları elə böyük çəkiyə malik deyil. Tərəflər idman, fövqəladə hallar sahəsində, muzeylərarası əməkdaşlıq, turizmin inkişafı, sərhəd sularının birgə istifadəsi niyyətində olduqlarını bildiriblər. Başqa sözlə uzun müddətdir İran prezidentini İrəvanda gözləyən Ermənistan prezidenti Serj Sərkisyan iranlı həmkarı ilə hansısa böyük layihənin həyata keçirilməsi və bu layihəyə kredit ayrılması barədə sənədə imza ata bilməyib". Bu fikirlər "Atlas" araşdırmalar mərkəzinin təhlilində yer alıb. Mərkəz rəhbəri, politoloq Elxan Şahiboğlu bildirib ki, Serj Sarkisyan iranlı həmkarını inandırmaq istəyib: 180 milyonluq Avrasiya İqtisadi Birliyinin bazarının üzvü olan Ermənistan İran biznesi üçün münbit məkandır: "Yəni gəlin Ermənistanda fabrik və zavodlar açın və istehsal etdiyiniz məhsulları Avrasiya İqtisadi Birliyi bazarında satın. Ancaq eynisini İran təklif edir: Gəlin Araz çayı sahilində yaratdığımız azad iqtisadi zonada fabrik və zavod açın və burada istehsal olunan məhsulları hara istəsəz satın. Nə bu bu təklif erməni iş adamlarını, nə də Avrasiya İqtisadi Birliyi bazarı təklifi iranlı işa damlarını cəlb edir"-deyə təhlildə bildirilib.
Eyni zamandan Serj Sarkisyanın Həsən Ruhaniyə daha iki təklif irəli sürdüyü də diqqətdən yayına bilməz:
Birinci təklif: İran-Ermənistan-Gürcüstan-Rusiya enerji koridoru fəaliyyətə başlasın;
İkinci təklif: Fars körfəzi – Qara dəniz beynəlxalq nəqliyyat dəhlizini işə salaq.
Aydındır ki, Sarkisyan bu iki təklifin reallaşması vasitəsilə Ermənistanın bölgədəki rolunun və gəlirlərinin artmasına ümidlidir. Sərkisyan İran qazının və mallarının Ermənistan üzərindən Avropaya çatdırılmasını, gələcəkdə isə bu xəttə digər dövlətlərin qoşulmasını istəyir.
Sarkisyan bu xətləri ucuz, qısa və təhlükəsiz adlandırıb. Yəni demək istəyib ki, bu xətlər Azərbaycanın təklif etdiyi xətlərdən "ucuz, qısa və təhlükəsizdir".
Fərq ondadır ki, Azərbaycanın vaxtilə irəli sürdüyü layihələr və xətlər reallaşma mərhələsindədir, bəzi işlər isə başa çatmaq üzrədir, Ermənistan isə təkliflərinə müxtəlif ölkələrdən, o cümlədən İrandan hələ cavab gözləyir. Digər tərəfdən, Sarkisyan bu təkliflərini iranlı həmkarının diqqətinə çatdırarkən, yeni nəqliyyat xətlərinin tikilməsini, var olanlarının isə modernləşdirilməsinin kimin və kimlərin hesabına maliyyələşdiriləcəyini açıqlamayıb".
Politoloq hesab edir ki, çünki, həmin kimsə və ya kimlərsə yoxdur: "Əgər Sərkisyan təklif etdiyi layihələri Tehranın maliyyələşdirəcəyini düşünürsə, İranın kredit imkanları olsaydı, Astara-Rəşt dəmiryolununu tikintisinin maliyyəsi üçün Bakıya müraciət etməzdi. Buna baxmayaraq, İran-Ermənistan əməkdaşlığının konkret nəticələri də var. Məsələn 2016-cı ilin ilk altı ayında Ermənistana İrandan 260 min turist gəlib.
Bu Ermənistan kimi kiçik ölkə əlavə gəlir mənbəyidir. Ayrıca, Həsən Ruhaninin İrəvanda verdiyi açıqlamaya görə, Ermənistanın iki şəhəri – Mehri və Aqaraka İran qazının nəqli başlayacaq. Həsən Ruhani İrəvanda elə belə də deyib: "İran qazı bu iki erməni şəhərində yaşayan sakinlərin evləri ilə yanaşı ürəklərini də qızdıracaq".
Təhlildə vurğulanıb ki, İran prezidenti Ermənistana daha bir şad xəbəri də çatdırıb. Söhbət Türkmənistan qazından gedir: "Şad xəbər budur: "Türkmənistanla əldə edilmiş razılığa görə bu ölkədən aldığımız qazı üçüncü ölkələrə çatdıra bilərik". Yəni demək istəyib ki, Ermənistan İran üzərindən türkmən qazını ala bilər. Serj Sarkisyan Həsən Ruhaninin bu təklifinə münasibət bildirməyib. Bunun obyektiv səbəbi var. Çünki, mimimum maliyyəsi olan Ermənistan onsuz da Rusiyadan və İrandan qaz alır, bundan artıq həcm ona lazım deyil. Ermənistanın maliyyə imkanları məhduddur ki, İrandan aldığı qazın hesabını elektirk enerjisinin idxalı ilə əvəz edir. İrəvanın marağı ondadır ki, İran Ermənistan üzərindən daha böyük imkanlara malik qaz boru xətti tiksin. Və Həmin boru xətti ilə həm İran, həm də Türkmənistan qazını üçüncü ölkələrə nəql etmək mümkün olsun. Buna isə İranın gücü çatmır".
Millət vəkili Azər Badamov deyib ki, İran prezidentinin Ermənistana səfəri müsəlmançılığa ziddir: "Çünki, Serj Sarkisyanın əli müsəlman qanına batıb". O qeyd edib ki, İran prezidentinin Ermənistana səfəri başa düşülən deyil: "İranda 40 milyona yaxın azərbaycanlı yaşayır və bu ölkənin rəhbərliyi yaxşı bilir ki, cinayətkar Sarkisyan azərbaycanlılara qarşı soyqırımı törədib. Əgər onun səfəri normal qonşuluq münasibətlərinin davam etdirilməsi məqsədi daşıyırsa, onda İran prezidenti Azərbaycana səfəri zamanı ərazi bütövlüyümüzü dəstəklədiyi haqda dediyi fikirləri Ermənistanda da səsləndirməlidir".
Hərbi ekspert Üzeyir Cəfərov isə "hesab edirəm ki, 21 dekabr 2016-cı il tarixində Ermənistanda gördüklərimiz və eşitdiklərimiz şəxsən mənim yaddaşımda tarixin ən ağır günlərindən biri kimi qalacaq",- deyə öz facebook səhifəsində qeyd edib: "Yəqin ki, söhbətin qonşu və özümüzə yaxın saydığımız İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin sərgilədiyi bəzi hərəkətlərdən getdiyini anladınız. Əvvala, onun əli minlərlə müsəlman qanına batan cinayətkar Serj Sarkisyanla az qala qucaqlaşıb görüşməsi, daha sonra oradan daha çox Azərbaycana ünvanlı bəzi fikirləri səsləndirməsi məni sonsuz dərəcədə üzdü. Ən azından İran dövlətinin başçısı bu hərəkətlərə yol verməməli idi.
Mən anlayıram ki, indi iranlı dostlarımız durub deyə bilərlər ki, İran prezidentinin İrəvana səfərinin əsla İsrail baş naziri Benyamin Netanyahunun Bakıya səfəri ilə heç bir əlaqəsi-filanı yoxdur, amma gəlin həqiqəti danmayaq. Məhz Azərbaycanla İsrail arasında son vaxtlar daha da genişlənən iqtisadi, iqtisadi-siyasi, hərbi-texniki münasibətlər fonunda biz açıq-aydın görürük ki, iranlı dostlar bu münasibətlərdən çox narahatdılar və yeri gəldi-gəlmədi bizləri az qala olmazın məsələlərdə ittiham edirlər. Bu böyük haqsızlıqdır. Nəzərə alsaq ki, İran islam dövlətidir və o daha çox haqqın-ədalətin tərəfində olmağa borcludur, lakin biz tam əksini görürük. 20 ildən artıq müddətdir ki, məhz İran İslam Respublikasının hərtərəfli maddi və mənəvi dəstəyi sayəsində Ermənistan hələ də "fironluq" edir, işğalçılıq siyasətini davam etdirir. 2001-ci ildə ATƏT xətti ilə İrəvana və işğal olunmuş ərazilərimizə səfərim zamanı da öz gözlərimlə iranlı vətəndaşların necə rahat və şad-xürrəm həyat sürdüklərinin canlı şahidi oldum. Mənim sözlərimi mənimlə səfərdə olan jurnalist dostlarım da yəqin ki, təsdiq edərlər. Elə dünən də, İrəvanda "Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur" deyən hörmətli Həsən Ruhani əfəndi nədənsə ən vacib məqamı dilə gətirməyə cürət etmədi".
O bildirib ki, məhz Ermənistan müsəlman dünyasının müqəddəs saydığı Quranı təhqir etməkdə davam edir, minlərlə məscit və minarələri yerlə yeksan edib və öz düşmənçiliyini daha da genişləndirməkdə israrlıdır: "2013-cü ildə prezident seçildikdən sonra Həsən Ruhani Ermənistana ilk səfər etsə də, hesab edirəm ki, o din adamı olaraq ilk növbədə öz din qardaşları olan Azərbaycanın haqq işini dilə gətirməyə borclu idi. Doğrudur, o etika xatirinə "bizim üçün Azərbaycan və Ermənistan dost ölkələrdir, və əminəm ki, bölgədə sülh və sabitliyin bərpa olunmasının şahidi olarıq. Bu, bütün bölgə üçün zəruridir. Şübhəsiz, bu məsələnin hərbi həlli yoxdur, və biz əminik ki, məsələ beynəlxalq qanunlar çərçivəsində dinc danışıqlar yollu ilə həll olunar" kəlməsini dilə gətirdi. İran prezidenti Yerevanda keçirilən brifinqdə əslində Tanrının bizə ərməğan etdiyi haqq sözü bəyan etməli idi. Təkrar da olsa bir daha deməyi vacib sayıram ki, 20 ildən artıqdır ki, müsəlman dünyasına həqarət edən, onu təhqir edən, müqəddəs ziyarətgahlarımızı, məbəd və ocaqlarımızı, məscid və minarələrmizi təhqir edən Ermənistana öz sözünü deməyə borclu olan dövlətlərdən bəlkə də birincisi İran İslam Respublikası olmalıdır. Bunu təkcə biz Azərbaycanlılar deyil, Uca Yaradan biz insanlardan tələb edir. Çox təəssüflər olsun ki, "Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur" deyən Həsən Ruhani işğalçı və cinayətkar Serj Sarkisyandan bir dəfə də olsun soruşmayıb ki, sən Azərbaycanın işğal altında olan torpaqlarından öz yaramazlarını nə vaxt yığıb rədd olacaqsan?
Bu sadəcə İran islam Respublikasının siyasi və hərbi rəhbərliyinin Azərbaycan Respublikasına, xalqımıza, millətimizə münasibətdə nə qədər qeyri-səmimi olmalarını, işğalçını dəstəkləməkdə davam etməsini bir daha diqqətə çatdırmaq idi.
Tanrı Azərbaycanımıza kömək olsun. Bizi süni və riyakar "dost və qardaşlıq" edən dövlətlərdən və xalqlardan hifz etsin. Bizim özümüzdən və bir iki dövləti çıxmaqla haqq səsimizi dəstəkləyən dövlətlərdən başqa nə dostumuz, nə də həmkarlarımız olmayıb və yoxdur. Mənim gördüklərim və reallıq bunu göstərir".