“İsrail Azərbaycanın strateji müttəfiqi olan dövlətdir” Siyasət

“İsrail Azərbaycanın strateji müttəfiqi olan dövlətdir”

Yevda Abramov: "İsrail bölgədə təhlükəsizliyin təmin olunmasında maraqlıdır və məsuliyyət daşıyır"

"İsrailin Azərbaycana satdığı "Barak-8" (Azərbaycan adı "İldırım" – müəllif) yeni və müasir zenit-raket kompleksi artıq ölkəmizdədir. Bu silahın ötən gün yayılan fotolarını artıq hər kəs görüb". Bunu Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, yəhudi əsilli millət vəkili Yevda Abramov bildirib. Y.Abramov sözügedən silahın verilməsinə görə İsrail dövlətinə də təşəkkür edib: "Mən bildiyim məsələdən danışıram, bilmədiyim məsələdən deyil. Nəyisə söyləyirəmsə, deməli bildiyim məsələlər var, əldə etdiyim məlumatlar var. Mən bilirdim ki, belə faktlar var. İndi fotoları da yayıldı, hər kəs, bütün dünya da gördü". Deputat deyib ki, İsrail Azərbaycanın strateji müttəfiqi olan dövlətdir: "Ona görə də İsrail bizim regionda gedən prosesləri görür, bölgədə təhlükəsizliyin təmin olunmasında maraqlıdır və məsuliyyət daşıyır".
İran prezidenti Həsən Ruhaninin Ermənistana səfər etməsinə və iki ölkə arasında yüksək əməkdaşlıqla bağlı müqavilələrin imzalanması məsələlərinə də toxunan Y.Abramov qeyd edib ki, bu, İranın köhnə siyasətidir: "Bunu Yevda Abramovun dilindən eşitməyin nə mənası var? Bunu mütləq mənim dilimdən eşitməlisiniz? İran mütləq bu cür etməlidir də! Çünki İranın siyasəti həm də İsrailə qarşıdır. İsrail Baş nazirinin Bakıya səfərindən sonra İran mütləq adekvat cavab verərək, Azərbaycan dövlətini qıcıqlandırmalı idi də! Ancaq biz özü siyasətimizi davam etdirəcəyik. Bizim İran və digər dövlətlərlə nə işimiz var! Bizim xarici siyasətimizin öz prioritetləri var. Cənab Prezident də bunları bəyan edib. Kim nə söyləyirsə, söyləsin. Biz kiminlə oturub-durduğumuzu yaxşı bilirik. Azərbaycan hər hansı ölkənin diktəsi ilə hərəkət etmir. Biz xarici siyasətimizi özümüz təyin edirik. Azərbaycan müstəqil suveren dövlətdir".