“Azərbaycan və Laos arasında beynəlxalq hüququn prinsiplərinə əsaslanan münasibətlər formalaşıb” Siyasət

“Azərbaycan və Laos arasında beynəlxalq hüququn prinsiplərinə əsaslanan münasibətlər formalaşıb”

“Azərbaycan ilə Laos arasında diplomatik münasibətlər 22 may 1995-ci ildə qurulub. Ötən üç onillik ərzində iki ölkə arasında qarşılıqlı hörmətə və beynəlxalq hüququn prinsiplərinə əsaslanan dostluq münasibətləri formalaşıb. Son dövrdə yüksək səviyyəli siyasi təmasların intensivləşməsi isə Azərbaycan–Laos əlaqələrinə yeni dinamika gətirib”.

Bunu xalqcebhesi.az-a Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

P.Vəliyeva bildirib ki, münasibətlərin inkişafında 2024-cü ildə Kazanda Prezident İlham Əliyev ilə Laos Prezidenti Thonqlun Sisulitin görüşü mühüm mərhələ oldu: “Görüş zamanı iqtisadiyyat, ticarət, investisiya, turizm və kənd təsərrüfatı sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. Prezident İlham Əliyev iki ölkə arasında iqtisadi, ticarət və enerji sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün işçi qrupunun yaradılmasını və hökumət nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini təklif edib. Bu siyasi dialoq 2025-ci ildə daha institusional xarakter alıb. Həmin ilin dekabrında Azərbaycan və Laos xarici işlər nazirlikləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib. Tərəflər siyasi, iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi, həmçinin Azərbaycan və Laosun üzv olduğu beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər”.

Deputat qeyd edib ki, Azərbaycan və Laos üçün nəqliyyat və logistika da perspektivli istiqamətdir: “Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub dəhlizlərində mühüm mövqeyi Laosun Avropa bazarlarına çıxışı üçün yeni imkanlar yarada bilər. Laosun qonşu ölkələrlə dəmir yolu bağlantılarının inkişafı və gələcəkdə Trans-Xəzər marşrutuna qoşulmaq imkanları bu baxımdan xüsusi əhəmiyyət daşıyır. 13 oktyabr 2026-cı ildə Laos Prezidentinin Azərbaycana rəsmi səfəri münasibətlərdə yeni mərhələnin göstəricisi oldu. Səfər çərçivəsində Azərbaycan və Laos arasında Birgə Bəyanat qəbul edildi, kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında saziş mübadilə edildi. Bu sənədlər siyasi dialoqun artıq konkret sektorlar üzrə əməkdaşlığa çevrildiyini göstərir”.

“Azərbaycan–Laos münasibətləri artıq yalnız diplomatik dostluqla məhdudlaşmır. Siyasi dialoq, parlamentlərarası əlaqələr, təhsil, ticarət, investisiya, kənd təsərrüfatı, nəqliyyat, logistika və mina fəaliyyəti iki ölkənin qarşıdakı dövrdə əməkdaşlığını daha da genişləndirə biləcək əsas istiqamətlərdir. Bu münasibətlərin perspektivi həm də Azərbaycanın Cənub-Şərqi Asiya ilə əlaqələrinin dərinləşdirilməsi, Laosun isə Qafqaz və Avropa istiqamətində yeni iqtisadi və logistika imkanları əldə etməsi baxımından əhəmiyyətlidir. Üç onillik siyasi dostluğun növbəti mərhələsi məhz bu dostluğu konkret layihələrə, sərmayələrə, insan əlaqələrinə və qarşılıqlı iqtisadi faydaya çevirməkdən keçir” - deyə P.Vəliyeva vurğulayıb.

Röya İsrafilova