Məsuliyyətli azadlıq: valideyn və müəllimlər harada səhv edir? Gündəm

Məsuliyyətli azadlıq: valideyn və müəllimlər harada səhv edir?

Uşaqların tərbiyəsi və sağlam bir şəxsiyyət kimi formalaşması yalnız onların maddi ehtiyaclarını ödəməklə məhdudlaşmır. Müasir dövrdə valideynlərin və təhsil verənlərin qarşısında duran en mühüm vəzifələrdən biri sevgi ilə tələbkarlıq, sərbəstliklə nəzarət arasında düzgün balansı qorumaqdır.
Mövzu ilə bağlı “Xalq Cəbhəsi”nə danışan təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, uşaqların tərbiyəsində valideyn məsuliyyəti yalnız onların maddi ehtiyaclarını ödəmək, yaxşı geyindirmək, qidalandırmaq və təhsil almalarını təmin etməklə məhdudlaşmamalıdır.
Onun sözlərinə görə, valideynliyin əsas vəzifələrindən biri uşağın şəxsiyyət kimi formalaşmasına, mənəvi dəyərləri mənimsəməsinə, məsuliyyət hissinin inkişafına və cəmiyyətə sağlam inteqrasiyasına dəstək olmaqdır: “Valideynlər övladlarına yaxşı gələcək hazırlamaq istəyərkən bəzən tərbiyə prosesində yanlışlıqlara yol verirlər. Bu gün valideynlərin qarşılaşdığı əsas problemlərdən biri uşağa sevgi göstərməklə onun qarşısında sərhədlər qoymaq arasında tarazlığı qoruya bilməmələridir. Bəzi valideynlər uşağın bütün istəklərini yerinə yetirməyi sevgi hesab edir, digərləri isə sərt nəzarət və cəzanı düzgün tərbiyənin əsas vasitəsi kimi görür. Halbuki uşağın sağlam inkişafı üçün həm emosional yaxınlıq, həm də aydın qaydalar vacibdir. Uşaqların hüquqlarının qorunması, fikirlərinə hörmətlə yanaşılması və fərdi seçimlərinə imkan yaradılması mühüm əhəmiyyət daşıyır. Lakin sərbəstlik uşağa heç bir tələb qoyulmaması kimi başa düşülməməlidir”.
O bildirib ki, uşağın istədiyi vaxt yatması, dərslərini davamlı təxirə salması, telefondan və digər rəqəmsal vasitələrdən məhdudiyyətsiz istifadə etməsi, eləcə də ailədaxili qaydalara əməl etməməsi gələcəkdə onun öz davranışlarını idarə etmək bacarığına mənfi təsir göstərə bilər: “Valideyn uşağın səhvlərini daim ört-basdır etdikdə, müəllimlərlə münasibətlərində onu qeyd-şərtsiz müdafiə etdikdə və ya hərəkətlərinin nəticələrindən qoruduqda, uşaq öz davranışlarına görə məsuliyyət daşımağı öyrənməkdə çətinlik çəkə bilər. Burada əsas məsələ uşağa sərbəstlik vermək və ya verməmək deyil, ona sərbəstliyin məsuliyyətlə birlikdə gəldiyini öyrətməkdir. Azadlığın müəyyən həddi olur. Uşaq yaşına uyğun qərarlar verməli, seçimlərinin nəticələrini qəbul etməli və səhvlərindən nəticə çıxarmağı bacarmalıdır. Valideyn isə bu prosesdə onun əvəzinə hər şeyi həll edən şəxs yox, düzgün istiqamət göstərən bələdçi olmalıdır”.
R.Fikrətoğlu uşaqların tərbiyəsində həddindən artıq sərtliyin tətbiq edilməsini də ciddi problemlərdən biri kimi qiymətləndirib.
O qeyd edib ki, bəzi valideynlər daimi qadağaların, danlağın, qorxutmağın və cəzalandırmağın uşağı intizamlı yetişdirəcəyini düşünürlər. Lakin intizamla qorxu arasında ciddi fərq var: “Qorxuya əsaslanan münasibət uşağın səhvini etiraf etmək əvəzinə onu gizlətməsinə və valideynin reaksiyasından yayınmağa çalışmasına səbəb ola bilər. Davamlı alçaldılma, təhqir və sərt cəzalar isə uşağın özünəinamına, emosional vəziyyətinə və valideynlə münasibətlərinə zərər vura bilər. Uşağa heç bir tələb qoymamaq da düzgün yanaşma deyil. Uşaq davranışlarının sərhədlərini bilməli və başqalarının hüquqlarına hörmət etməyin məsuliyyətini dərk etməlidir.Əsas fərq buradadır ki, valideyn uşağın şəxsiyyətini deyil, yanlış davranışını qiymətləndirməlidir. Məsələn, uşağa ‘sən məsuliyyətsizsən’ demək əvəzinə, ‘verdiyin sözə əməl etmədin, gəlin bunun səbəbini və necə düzəldə biləcəyini birlikdə müzakirə edək’ demək daha faydalıdır. Valideynin məqsədi uşağın ondan qorxması deyil, ona güvənməsi və düzgün davranışın səbəbini dərk etməsidir”.
R.Fikrətoğlu müasir dövrdə uşaqların tərbiyəsində rəqəmsal mühitin də xüsusi yer tutduğunu diqqətə çatdırıb.
O vurğulayıb ki, smartfonlar, sosial şəbəkələr, onlayn oyunlar və internet məzmunları uşaqların dünyagörüşünə, davranışlarına və ünsiyyət bacarıqlarına təsir göstərə bilər: “Valideynlər övladlarının telefon qarşısında keçirdikləri vaxta, izlədikləri məzmuna və internetdə kimlərlə ünsiyyət qurduqlarına diqqət yetirməlidirlər. Sosial şəbəkələrin geniş yayıldığı və ünsiyyət imkanlarının sürətlə artdığı müasir dövrdə bu məsələyə məsuliyyətlə yanaşmaq xüsusilə vacibdir.

Tərbiyədə qızıl orta

Təhsil eksperti Elmin Nuri “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib ki, valideynlərin övladlarının təhsilinə, şəxsi həyatına və qərarlarına münasibətdə balanslı mövqe tutması vacibdir: “Həddindən artıq müdaxilə uşaqların sərbəst qərarvermə və özünüifadə imkanlarını məhdudlaşdırdığı halda, valideyn nəzarətinin tamamilə aradan qalxması da ciddi problemlərə yol aça bilər. Valideynlər bəzən övladlarının həyatına həddindən artıq müdaxilə edir, bəzən isə onların davranışlarından, həyat tərzindən, seçimlərindən və qərarlarından tamamilə xəbərsiz olurlar. Əsas məsələ bu iki yanaşma arasında düzgün balansın tapılmasıdır. Problemin əsas hədəf nöqtəsi qızıl ortanı tutmaq, balanslaşdırılmış şəkildə yanaşmaqdır. Bizdə valideynlər ya övladının, şagird övladının, məktəblinin qərarlarına, onun təhsil həyatına, onun şəxsi həyatına ya tamamilə qarışır, ya da ona heç qarışmır. Problem də budur. Birində ifrat əmələ gəlir, birində isə ciddi boşluq yaranır. Ən ciddi, ən vacib və ən faydalı mexanizm isə prosesə yalnız və yalnız balanslaşdırılmış şəkildə yanaşılmasıdır”.
E.Nuri vurğulayıb ki, valideynin həddindən artıq müdaxiləsi uşağın sərbəstliyinə, müstəqil qərar qəbul etmək bacarığına və yaşıdları arasında özünüifadə imkanlarına mənfi təsir göstərir: “Digər tərəfdən, övladının tərbiyəsinə və davranışlarına ümumiyyətlə diqqət yetirməmək də qəbuledilməzdir. Bir tərəfdən valideyn öz övladını çox sıxır, onun sərbəstliyini, sərbəst qərar qəbul etmə bacarığını, onun öz hürriyyətini cəmiyyətdə, dostları, həmyaşıdları arasında özünüifadə imkanlarını əlindən alır, bu çox pisdir. Digər tərəfdən isə valideyn ümumiyyətlə övladını təlim-tərbiyə və digər kodekslərdən tam unudur. Tamamilə unudur, onun davranışlarından, həyat tərzindən, seçimlərindən, qərarlarından tam xəbərsiz olur. Bu, ümumiyyətlə pisdir. Və biz iki pisin arasındakı qızıl ortanı seçməliyik”.
Təhsil eksperti bu prosesdə məktəbin və müəllimlərin roluna da diqqət çəkib.
Onun fikrincə, müəllimlərin vəzifəsi yalnız fənləri tədris etmək, düsturları öyrətmək və şagirdlərin biliklərini yoxlamaqla məhdudlaşmamalıdır: “Xüsusilə yuxarı sinif şagirdləri ilə maarifləndirici söhbətlərin aparılması, onların düzgün qərarlar qəbul etməsinə kömək göstərilməsi vacibdir. Hər bir müəllim həm də ziyalıdır və şagirdin həyatında mühüm nümunə rolunu oynayır: “Müəllim bacardığı qədər şagirdlərə, xüsusilə yuxarı sinif şagirdlərinə müəyyən maarifləndirici söhbətlər etməlidir. Tutaq ki, fizika müəlliminin işi yalnız fizikanı keçdiyim, düsturları yazdığım, qaydaları əzbərlətdiyi mövzunu soruşmaqdan ibarət olmamalıdır. Hər bir müəllim həm də ziyalıdır. Hər müəllim şagirdin yaşadığı müddətdə ilk gördüyü ziyalı kəsimidir. İlk tam ünsiyyətdə olduğu intellektual fərddir. Və bu intellektual fərd öz predmetindən yanaşı şagirdə başqa doğru metodları da göstərməlidir”.
Ekspertin sözlərinə görə, valideynlərin düzgün yanaşması və müəllimlərin maarifləndirici fəaliyyəti uşaqların sağlam şəxsiyyət kimi formalaşmasına, müstəqil qərarvermə bacarıqlarının inkişafına və gələcəkdə daha uğurlu həyat qurmasına kömək edə bilər.

Günel Elxan