“Siyasi proseslərdə fəal iştirak edən hər bir kəs...” Siyasət

“Siyasi proseslərdə fəal iştirak edən hər bir kəs...”

Zaur Məmmədov: "Milli maraqlarına çox məsuliyyətlə yanaşmalıdır"

"Mediada Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun alınmasına dair bir qrup vətəndaş cəmiyyətinin, jurnalistin və hüquqşünasın müraciət etdiyi barədə xəbər yayılmışdı. Mən belə hallara rast gəldikdə çox təəssüf hissi keçirirəm. Biz bəzən iqtidar, hakimiyyət subyektləri ilə dövləti və Vətəni qarışdırırıq. Siyasi iqtidara, siyasi hakimiyyətə hər kəsin münasibəti müxtəlif ola bilər. Kimsə hakimiyyətə nifrət belə edə bilər. Ancaq, bu o demək deyil ki, siz dünyanın müxtəlif tribunalarına çıxaraq Azərbaycanın milli maraqlarına zidd addımlar ataraq öz aləminizdə iqtidardan "heyfinizi" almalısınız. Mətbəxin işi elə mətbəxdə də qalmalıdır". Bunu politoloq Zaur Məmmədov deyib.
Onun sözlərinə görə, xalqımız üçün çox çətin və həssas olan dönəmdə siyasi proseslərdə fəal iştirak edən hər bir kəs milli maraqlarına çox məsuliyyətlə yanaşmalıdır: "Bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini əsas gətirərək vurğulaya bilərik ki, düşmən ölkə ilə aramızda informasiya müharibəsi gedir. Azərbaycan bir çox siyasi, iqtisadi, mədəni, idman sahələrində Ermənistanın işğalçı dövlət olmasının təbliğatını aparır. Belə bir vaxtda Avropanın hər hansı bir siyasi institutunda ölkəmizin səsvermə hüququnun əlindən alınması, iqtidara yox, xalqımıza, dövlətimizə açıq-aşkar zərbə ola bilər.
Bu birmənalı şəkildə Ermənistanın maraqlarına cavab verir. 2014- 2016-cı illər ərzində AŞPA-da bizim lehimizə olan bir neçə qərarlar verilib. Həmin qətnamələrin birində Ermənistanın işğalçı olduğu vurğulanır. Eyni zamanda, Ermənistan nümayəndə heyəti tərəfindən bir neçə dəfə ölkəmizə qarşı sanksiyalar nəzərdə tutan qətnamələr səsverməyə çıxarılmışdı. Lakin, qəbul edilməyib. Əks təqdirdə, ermənilərin istədikləri alınardı və onlar istədikləru qərarı qəbul etdirə bilərdilər.
Mən əminəm ki, siyahıda 50 deyil, 1000 imza belə olsa, indiki şəraitdə Avropa Azərbaycanla münasibətlərin gərginləşməsinə getməyəcək".