AKP-nin “erməni sevdası” Siyasət

AKP-nin “erməni sevdası”

Arzu Nağıyev: Bu proseslərin hamısı seçki öncəsi manevrlərdir"
Azər Rəşidoğlu: "Ərdoğan ölkədəki bütün təbəqələrin qarşıdan gələn bələdiyyə seçkilərində səsini qazanmaq istəyir"
Tariyel Faziloğlu: "Türk seçicilərin böyük əksəriyyətini itirən AKP hökuməti bu yolla özünə yeni dayaqlar yaratmağa çalışır"
Osman Pamukoğlu: "Türkiyə sürətli şəkildə bölünməyə doğru gedir"

1964-cü ildə Türkiyə dövləti tərəfindən əl qoyulduğu iddia edilən, üzərində Zeytinburnu Stadionunun da olduğu 42 min kvadrat metrlik maddi dəyəri çox böyük olan ərazi, Ərdoğan hökumətinin xüsusi çıxartdığı qanunla "Yedikulə Surp Pırgiç Fonduna verilib. AKP hökumətinin Türkiyədəki erməni fondlarına ərazilərin bağışlanmasıyla əlaqədar son hadisə Türkiyənin Zeytinburnu bölgəsində yaşanıb. "Yedikule Surp Pırgiç" Fondu ona aid olduğunu və 1964- cü ildə əllərindən alındığını iddia etdiyi Zeytinburnu Kazlıçeşmedə 42 min 259 kvadrat metrlik ərazi Fondlar üzrə Baş Məclisinin qərarının ardından ermənilərə qaytarılıb.
Qeyd edək ki, 22 yanvar 2014 tarixində qaytarılan ərazinin üzərində İstanbul Bələdiyyəsinə aid Zeytinburnu İdman Kompleksi, Zeytinburnu Bələdiyyəsinə aid Zeytinburnu Stadionu və açıq avtopark var.
Ümumiyyətlə AKP-nin "erməni sevdası" haradan və nədən qaynaqlanır? Ekspertlər nə düşünürlər?
Siyasi ekspert Arzu Nağıyev bildirdi ki, Ərdoğan hökumətinin Türkiyədəki erməni fonduna nə isə verməsi, heç də AKP-nin "erməni sevgi"sindən qaynaqlanmır. Onun fikrincə, bu proseslərin hamısı seçki öncəsi manevrlərdir, həm də Türkiyədə qəbul edilən demokratikləşmə paketi çərşivəsində aparılır: "Bundan öncə də orduya məxsus ərazilərdə yerləşən erməni kilsəsinin də bərpa edilərək Erməni Dostları Dərnəyinə veriləcəyi haqqında qərar qəbul edilmişdi. Bu məsələlər tək ermənilərlə bağlı deyil, həm də Sivas vilayətində orduya məxsus ərazidə yerləşən digər kilsə və monastrların da yaxın zamanlarda digər dini azlıqlara geri qaytarılacağı gözlənilir. Həmin paket çərçivəsində siyasətçilər ölkədə keçirilən seçkilər zamanı erməni dili də daxil olmaqla 36 müxtəlif dillərdə, o cümlədən Azərbaycan dilində də təşviqatla məşğul olacaqlar. Bundan başqa Türkiyədə ümumiyyətlə seçki sistemi dəyişdirilir. Yeni sistemə əsasən özəl məktəblərə müxtəlif dil və ləhcələrdə tədrisə imkan verilir, müxtəlif dil və ləhcələrdə siyasi təbliğat hüququ qüvvəyə minir və milli ayrı-seçkilik və nifrət təbliğatı qadağan edilir...".
Siyasi şərhçi Azər Rəşidoğlu hesab edir ki, Ərdoğan ölkədəki bütün təbəqələrin qarşıdan gələn bələdiyyə seçkilərində səsini qazanmaq istəyir: "Odur ki, belə manevrlər edir. Bu gün İstambulun mərkəzində "hamımız erməniyik" şüarı səsləndirilir. Mən sual verirəm - "hamınız ermənisizsə, Xocalıya görə də hamınız məsuliyyət daşıyırsınızmı? Bu tendensiyalar narahatedicidir".
Politoloq Tarıyel Faziloğlu vurğuladı ki, AKP-nin ermənilərə olan sevgisinin kökündə AKP-nin hakimiyyətdə qalmaq istəyi durur: "Hər kəs bilir ki, Türkiyədə erməni lobbisi güclüdür və böyük dövlətlərin Türkiyədəki servisləri ilə isti münasibətdədirlər. Türk seçicilərin böyük əksəriyyətini itirən AKP hökuməti bu yolla özünə yeni dayaqlar yaratmağa və kürd-erməni tərəfdarların sayəsində hakimiyyətini qorumağa çalışır".
İstefada olan general Osman Pamukoğlu isə Türkiyədə gedən prosesləri şərh edib. O, hesab edir ki, Türkiyə sürətli şəkildə bölünməyə doğru gedir: "Bu təhlükəsizliklə bağlı problemdir. Buna icazə verməyəcəyik. Bizdə "Bir barmağın ucunu versən çiyinə qədər gedər", - deyə atalar sözü var. Buna mane olmalıyıq. Çünki Türkiyədə anarxiya və xaos baş verər. Türkiyənin buna gücü çatmaz. Türkiyənin Qərbi buna dözməz. O tərəflərdə 30 min insan öldürüldü. Əgər Qərbdəki insanlardan biri bizim gördüyümüz kimi gecə PKK tərəfindən hücum olunmuş kəndi, 20-25 qadın, kişi, uşaq, qocanın parçalanmış halını görsəydilər, dəli olardılar. Görmədikləri, yaşamadıqlar üçün tam qavraya bilmirlər. Adada olan terrorçu (APO), Kandildə yerləşən, özlərinə görə, savaş heyəti, cənubda və hər yerdə fəaliyyət göstərən partiyanın Türkiyəni gətirəcəyi yer xaosdur. Bunu görə bilirəm. Bunun üçün biraz uzaqgörənlik kifayətdir".
O, həmçinin əlavə edib ki, dağlarda vuruşan PKK-çıların indi TBMM-də təmsil olunması gənclərə normal gəlmir: "Gənclərin beyinləri təmiz, duyğuları açıq olur. 50-60 yaşı olmuş adamlarda, illərin gətirdiyi vərdişlər var. Hərəkətdən uzaqlaşıblar, qərar verə bilmirlər. Hər yerdə deyirəm, insan qərar və hərəkətdən uzaqlaşarsa, yəni beyin və fizikası zəifləyərsə, o insan sadəcə danışan bir insan olar. Boş-boş danışar. Gənclərə boşuna dəliqanlı deyilmir. Çünki qanı qaynayır. Hərəkət istəyir. Savaşı da gənclər edər. Gənclər olmasa, hansısa bir iş görmək mümkün deyil".
Onun sözlərinə görə, Mustafa Kamal Atatürk və komandası olmasaydı, bugün Anadoluda ən az 4 dövlət vardı: "Türklərdə orta bölgədə qalmış olardı. Konya, Yozqat, Ankara. Sahillərimiz belə yox. O biri tərəfləri də, ermənilərə, kürdlərə verəcəklərdi. "Çözüm sürəci" doğru addım deyil. Xarici siyasətdə müstəqil olmaq vacibdir. Xarici siyasətdə, bütün ölkələrin bir məqsədi var. O da milli gəlirdir. Türkiyənin 50 ildir, siyasəti Amerika və Avropaya yalvarmaqdır".
O, həmçinin əlavə edib ki, Fətullah Gülənlə Ərdoğan Türkiyə üçün eynidirlər: "Bir-birilərindən fərqləri yoxdur. Bütün məsələ diqqətləri başqa yerə çəkərək, yolsuzluq, rüşvət, oğurluq məsələlərini ört-basdır etməyə çalışırlar. Amma çarəsizdirlər". AKP-nin hakimiyyət illərində Azərbaycan-Türkiyə münasibətlərini xarakterizə edən general bildirib ki, çarici əlaqələrdə bunların doğru-dürüst addım atdıqlarına inanmır. 30 mart seçkilərində AKP əvvəlki kimi çox səs alacağına inanmıram. Amma belə olarsa, vəziyyət çox gərginləşər... Din üzərindən siyasət aparmaq ən asanıdır. Sadə möminin duyğularını sümürürlər. Bu çox yanlış bir şeydir".

Əli