“Bu faciə heç vaxt unudula bilməz” Siyasət

“Bu faciə heç vaxt unudula bilməz”

Ziyafət Əsgərov: "Çünki, Xocalı soyqırımı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir"

"Xocalı soyqırımından 25 il keçsə də, bu faciə heç vaxt unudula bilməz. Çünki, Xocalı soyqırımı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir". Bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov parlamentdə məruzəsi zamanı deyib.
Faciə zamanı dinc əhalinin vəhşicəsinə, kütləvi şəkildə qətlə yetirildiyini deyən vitse-spiker bildirib ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini zəbt etmək üçün Ermənistanın apardığı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı çoxsaylı soyqırımı cinayətləri törədilib: "Xocalıdan əvvəl azərbaycanlıların yaşadığı kəndlərin işğalı zamanı əhalinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirilib. Xocalı şəhərinin yer üzündən silinməsi və əhalisinin kütkləvi şəkildə qətlə yetirilməsi planı Ermənistanın siyasi və hərbi rəhbərliyi tərəfindən qabaqcadan hazırlanıb. Xocalıda törədilən dəhşətli cinayət nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubuiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, 487 nəfər şikəst edilib, 1275 sakin girov götrülərək amansız işgəncələrə məruz qalıb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyil. Bu barədə beynəlxalq təşkilatlara da məlumat verilib".
Faciənin dünyada tanıdılması ilə bağlı hazırda ölkəmizdə görülən işlərdən söz açan Z.Əsgərov qeyd edib ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Xocalıya Ədalət" kampaniyası çərçivəsində görülən işlər ildən-ilə daha da genişlənir: "Xocalı soyqırımının dünya miqyasında tanıdılması üçün həyata keçirilən tədbirlər öz müsbət nəticəsini verir".