“Rusiya pasporu” təxribatı Siyasət

“Rusiya pasporu” təxribatı

Ərəstun Baxşəliyev: "Rusiya üçün bu metod Abxaziya, Osetiya və Krımda artıq həyata keçirilib"
Fazil Mustafa: "Hakimiyyət də bu təhlükəni daha real hiss etməyə başlayıb və yeni hüquq normalarının qəbul olunması gözlənilir"

Şimal bölgəsində fəaliyyət göstərən QHT-nin adının açıqlanmasının istəməyən rəhbəri bildirib ki, şimal bölgəsində bir qrup insanın gizli şəkildə rus pasportunu danışması əvvəldən var: "Hətta bir neçə il bundan qabaq bu bölgədəki qeyri-azərbaycanlılara rus pasportları Rusiyanın Azərbaycandakı səfirliyi tərəfindən paylanılıb". Onun sözlərinə görə, hazırda kütləvi şəkildə rus pasportlarının paylanılması yoxdur: "Azərbaycan pasportu ilə yanaşı, gizli şəkildə rus pasportlarının alınması hələ Putinin məlum sərəncamından əvvəl olub. Amma bölgədə çox güclü şəkildə Rusiyaya meyllilik var". QHT rəhbəri qeyd edib ki, bölgədə həm də informasiya təxribatı aparılır. Onun sözlərinə görə, bir qrup adam var ki, Rusiyanın xeyrinə xəbərlər yayırlar: "Xaçmazda deyirlər ki, Qubada Rusiya bayrağı qaldırılıb, Qubada deyirlər bayraq Qusarda qaldırılıb, orda da deyirlər ki, başqa bir yerdə olub. Beləliklə bu informasiya ilə əhalinin diqqətini cəlb edib istiqamətləndirirlər".
Lakin o, təsdiq edib ki, Rusiya bayrağı Qusar mərkəzi parkında qaldırılıb: "Parkda Rusiya bayrağını asıblar, sonra da tez çıxardıblar. Ondan sonra da bu informasiyalar yayılmağa başladı".
Qeyd edək ki, iki gün öncə Moskvada Azərbaycan diaspor fəallarından birinin verdiyi məlumatda deyilirdi ki, Xaçmazda yaşayan bəzi ləzgilərin Azərbaycan pasportu ilə yanaşı, rus pasportları da var: "Onlar Rusiya pasportunu gizli formada daşıyırlar. Rusiya Azərbaycandan vətəndaşlığından imtina edənlərin rəsmi qaydada çıxarılmasını gözləmədən onlara vətəndaşlıq verir. Bizdə dəqiq məlumat var ki, Azərbaycanda gizli formada rus pasportunu daşıyan ləzgilər var. Rusiya onları Abxaziya və Osetiya, eləcə də Dnestryanıda olduğu kimi, lazımi günlərinə saxlayır. Lazım olan məqamda Azərbaycanda rus vətəndaşlarını ortaya çıxardacaq".
Politoloq Əli İsgəndərov isə bildirdi ki, Rusiyanın rus dilli əhali adi ilə digər ölkə vətəndaşlarına Rusiya Federasiyası (RF) vətəndaşlıq pasportlarının paylanmasının yalnız bir məntiqi açıqlaması var: "Gələcəkdə vətəndaşlarını qorumaq adı ilə həmin ölkələrə hüquqi, siyasi təzyiq, məqam yetişdikdə hərbi müdaxilə etməsi üçün zəmin yaratmaq xarakteri daşıyır. Dövlətlərin mənəvi və hüquqi dayaqlarına sayğısızlıq göstərilir. Vətəndaş, ölkənin bir nömrəli sərvətidir, hüquqi dövlətlərdə hakimiyyətin mənbəyi xalqdır". Onun sözlərinə görə, bu, Azərbaycan konstitusiyasında açıq əksini tapıb: "Vətəndaşlıqla bağlı bizim qanunvericilikdə ikinci bir amil də ikili vətəndaşlığa icazə verilməməsidir. Odur ki, hər cəhətdən Azərbaycan vətəndaşlarına Rusiya pasportlarının bu şəkildə verilməsi kobud surətdə qanunlarımıza qarşı açıq saymazlıqdır". Politoloq hesab edir ki, Azərbaycanda yaşayaraq Rusiya pasportunu alan kəslərlə bağlı tədbirlər planı görülməli, bunun mexanizmləri əlaqədar hakimiyyət qurumları tərəfindən hazırlanmalıdır: "İmtiyazlar, mülkiyyət və seçki hüquqları və s. vacib arqumentlərə xüsusi diqqət yetirilməlidir. Azərbaycan vətəndaşları Rusiyada müvəqqəti miqrant qismindədir, Rusiya qanunlarına əsasən işçi vizası və oturum izni olmayanlar 3 aydan artıq ölkədə qala bilməz. Eyni zamanda bizim ölkədə də beynəlxalq hüquq normativləri və aktlarına uyğun Rusiya vətəndaşları müvəqqəti gəlib-getmə və hər hansı fəaliyyətlə məşğul ola bilər. Bir də sual edilə bilər: Rus dilli əhalini özününkü sayırsansa, illərdi Rusiyada miqrant kimi yaşayıb iş quran, bununla da az ya çox işçi yeri açmış miqrantlara təklif elə. Onlar haqqında səmərəli qanun layihəsi qəbul et. Həmçinin vətəndaşlıq pasportları paylamaqla buyur, onları mənzil, iş yerləri ilə təmin olunsun. Daha başqa ölkənin işində nə işin var".
Politoloq Ərəstun Baxşəliyev isə "düşünürəm ki, Rusiya vətəndaşlığını qəbul edən şəxslərin ölkədəki hüquqi, siyasi, habelə iqtisadi səlahiyyətləri qanunlar çərçivəsində məhdudlaşdırılmalıdır",- deyə bildirdi: "Digər tərəfdən bilindiyi kimi rəsmi Bakı ölkədə ikili vətəndaşlığı qəbul etmir. Və məhz bu məntiqə dayanaraq təklif edirəm ki, Rusiya vətəndaşlığını qəbul edən şəxslər Azərbaycan vətəndaşlığından dərhal çıxarılaraq, onlara vətəndaşı olmadıqları ölkənin qanun və qaydaları ilə bağlı bilgi verilməlidir. Onlardan oturum izni tələb edilməli, bu olmadığı təqdirdə isə ölkəni tərk etmələri üçün onlara müəyyən zaman limiti tətbiq edilməlidir. Mən başa düşürəm ki, Rusiya vətəndaşlığını qəbul etmələrin arxasında bir sıra məqamlar dayanır. Bunu kortəbii və düşünülmüş şəkildə edənlər bilməlidirlər ki, əslində bu cür addımlar vətənə xəyanət anlamına gəlməkdədir. Mən burada ölkə rəhbərliyinin və aidiyyatı qrumların da diiqətli olmasını ön xəttə çəkərdim. Fikrimcə biz hər bir vətəndaşımıza hər mənada sahib çıxmalı, onların bütün problemləri ilə daha yaxından maraqlanmalıyıq ki, bu cür neqativ hallarla qarşı qarşıya qalmayaq. Bu ölkə hamımızındır və bizlər onu hər mənada qorumağa borcluyuq. Rusiya üçün bu metod Abxaziya, Osetiya və Krımda artıq həyata keçirilb. Azərbaycan üçün Rusiya təhlükəsi var və düşünürəm ki, bundan hamı xəbərdar olmalıdır. Rusiya bu bölgəyə Rusiya vətəndaşlığını qəbul etmiş azərbaycanlıları müdafiə etmək üçün deyil, sadəcə öz ambisiya maraqlarını müdafiə etmək üçün gəlir".
Xaçmazdan olan millət vəkili İlham Əliyev rayonda rusiyapərəst qüvvələrin fəallaşması barədə mətbuatda yazılanlara münasibət bildirərkən qeyd edib ki, Xaçmazda ruspərəst qüvvələrin fəallaşması, əhali arasında Rusiya pasportlarının paylanması və s, bu səpkidən olan məlumatların heç bir əsası yoxdur: "Mən üç gündən bir burada oluram. İnsanlarla söhbətlər edirəm. Onlarda Rusiyaya meyllilik kimi hallar müşahidə etməmişəm". İlham Əliyevin sözlərinə görə, Xaçmazda insanlar ümumiyyətlə regionda baş verənlərdən xəbərsizdilər: "Mətbuatda yazılanlar cəfəngiyyatdır. Rayonda insanlar Rusiyanın xarici siyasətindən, bölgədəki siyasi durumdan xəbərsizdilər. Əgər belədirsə, hansı siyasi fəallaşmadan söhbət gedə bilər. İnsanları gündəlik sosial durumları maraqlandırır".
Millət vəkili Fazil Mustafa isə bildirib ki, Müzəffər Baxış adında bir hüquqşünas onların Rusiya vətəndaşlığını qəbul edən şəxslərin Azərbaycan vətəndaşlığından məhrum edilməsi barədə təkliflərini mədəniyyətsiz formada tənqid edib: "Bildirib ki, Rusiyadan bizə heç bir təhlükə gözlənilmir. Həqiqətən də Azərbaycan Respublikası Konstitusiyasında şəxsin vətəndaşlıqdan məhrum edilməsi nəzərdə tutulmur. Təbii ki, bizim təklifimiz daha çox siyasi mahiyyət daşıyır və qanunvericilikdə dəyişikliklər yolu ilə Rusiyanın atdığı siyasi addıma bir cavab xarakterindədir. Azərbaycanda yalnız bir vətəndaşlıq qəbul olunur və ikili vətəndaşlıq anlayışı yoxdur. Bu halda Azərbaycanda problemlər yaratmaq məqsədi ilə Rusiya vətəndaşlığı qəbul edənlərə qarşı qanunvericilikdə yeni tərtibata zərurət var və biz də bunu təklif etmişik. Adam Rusiyanın ölkəmizə müdaxilə etmə ehtimalına o qədər sevinmiş ki, hansısa təhlükənin olmadığını arxayınlıqla söyləyir. Əzbərlədiyi beş-on hüquq termini ilə siyasi savadsızlığını ört-basdır edə bilmir. Bildiyim qədər artıq hakimiyyət də bu təhlükəni daha real hiss etməyə başlayıb və yeni hüquq normalarının qəbul olunması gözlənilir".

Əli