Adı saxtakarlıqda hallanan Avropada necə “siyasətçı” oldu? Siyasət

Adı saxtakarlıqda hallanan Avropada necə “siyasətçı” oldu?

Brüsseldə Avropa parlamentində Azərbaycan nümayəndə heyətinin görüşləri başladığı bir vaxtda Azərbaycanı istəməyən qüvvələr, xüsusən ermənilərin havadarları yenə fəallaşıblar. Onlar Azərbaycanın mövcud sabit siyasi durumu barədə həqiqəti əks etdirməyən informasiyalar yayır, qondarma "siyasi məhbus" "problemini" şişirtmək üçün hətta Avropa Parlamenti qarşısında etiraz aksiyalarının keçirilməsinə çağırışlar edirlər.
Təəssüf ki, onlara dəstək olanlar arasında buradan qaçan soydaşlarımız da var. Çox vaxt başqa adlar altında gizlənən bu şəxslər Avropada sığınacaq almaq üçün ölkəmiz əleyhinə bütün aksiyalara qatılaraq, Azərbaycandakı siyasi hakimiyyətə qarşı olduğunu bildirməklə əslində, düşmənə xidmət etdiklərini bilməmiş deyillər. Ən pisi isə odur ki, belə çağırışlar edənlərin çoxu siyasətlə uzaqdan-yaxından heç bir əlaqəsi olmayan, bəlkə də Avropa Parlamentinin nə olduğunu bilməyən şəxslərdir. Sadəcə sığınacaq vədi ilə əldə alətə çevrilmiş zavallı, miskin insanlardır.
Ölkəmiz əleyhinə sosial şəbəkələrdə çağırışlar edənlər arasında son dövrlərdə fəallaşan iki isim diqqət çəkir: İsmiyev Tural Cəlal oğlu və Elşən Əli. Birincinin yalnız şəxsiyyətini müəyyənləşdirə bildik, yaxın günlərdə ətraflı məlumat toplamağa çalışacağıq. Lakin Elşən Əlinin facebook səhifəsinə nəzər yetirdikdə və xırda araşdırma apardıqda çox ilginc məlumatlara yiyələndik.
Məlum oldu ki, özünü Elşən Əli kimi təqdim edən şəxs əslində, Abdullayev Elşən Adil oğludur. Özünü gah Müsavatın, gah da AXCP-nin üzvü kimi təqdim edərək, Azərbaycanda siyasi təzyiqlərə məruz qaldığını bildirən bu şəxsin əslində, heç bir siyasi mənsubiyyəti olmayıb. Adı dələduzluqda, bir çox saxta bank əməliyyatlarında hallanan "siyasətçı" əslində həbs olunmamaq üçün ölkədən qaçıb. O, 22 noyabr 1983-cü ildə Sumqayıt şəhərində doğulub. Azərbaycan Beynəlxalq Universitetini bitirib.
2012-ci ildə Azərbaycandakı banklardan birində (bankın adı bizə bəlli olsa da nüfuzuna xələl gəlməməsi üçün yazmırıq – red) çalışıb, qeyri-qanuni olaraq qohumlarının adına kreditlər verib. Bu kimi faktlar üzə çıxdıqdan sonra Elşən Abdullayev işindən uzaqlaşdırılıb.
Bu və ya digər faktlarla bağlı haqqında məhkəmə işi olan E.Abdullayevin ölkədən çıxışına qadağa qoyulub. Sonra o hansısa yollarla ölkədən çıxaraq, xaricə qaçıb. Xaricə gedəndən sonra isə müxalifət imicinə girib.
Bu adam yanvar ayında Azərbaycan əleyhinə təşkil olunmuş Berlin aksiyasının da fəal iştirakçısı olub. Əlbəttə, hələ o vaxt musavat.com-un araşdırmasından bəlli oldu ki, həmin aksiyanın təşkili, maliyyələşdirilməsi bir ermənipərəst təşkilat - PİN (People In Need) tərəfindən həyata keçirilir.
O da məlumdur ki, PİN hələ 2014-cü ildə Gürcüstanda keçirilən regional bir tədbirdə bu təşkilatın dolayısı ilə Ermənistanın təsiri altında olduğu, Azərbaycana qarşı kampaniya təşkil edildiyi üzə çıxmışdı və böyük bir skandal yaranmışdı.
PİN haqqında mediada yayılmış faktlardan, iddialardan biri də odur ki, bu təşkilatın rəhbər şəxsləri 2010-cu ildə Rusiya xüsusi xidmət orqanları tərəfindən Dağlıq Qarabağ ərazisində orqan alveri ilə məşğul olduqlarına görə yaxalanıblar və "verbovat" ediliblər. Ermənistanın dəstəkçisi olan Rusiya PİN-dən həm də zaman - zaman Azərbaycana qarşı istifadə etmək imkanına da malikdir...
Belə bir təşkilatın dəstəyi ilə təşkil olunan aksiyalarda iştirak etmək, guya Azərbaycana demokratiya istəmək hansı məntiqə sığır? Əlbəttə Avropa bu insanların saxta müxalifətçiliyinin fərində olmamış deyil. Görünür, elə Avropaya da belə ağılı kəm, milli düşüncə baxımından qısır, bir tikə yemə alət olan, lazım gələndə öz dövlətinə qarşı şər-böhtan yağdıran adamlar lazımdı. Lazımdı ki, vaxtı gələndə öz məkrli oyunları üçün bu "tiplərdən" rahat istifadə edə bilsinlər.
Bəs belə məqamda bizim edə biləcəyimiz nədir? Bu məsələdə əlimizdən nə gələ bilər? Sadəcə turalları, əliləri tanımaq, tanıtmaq...