“İtaliya Dövlət Şurasının tikintiyə icazə verməsi TAP-ın reallığını artırır” Siyasət

“İtaliya Dövlət Şurasının tikintiyə icazə verməsi TAP-ın reallığını artırır”

Azər Badamov: "Bunu Azərbaycan- Avropa əməkdaşlığının yeni məhələsi kimi qiymətləndirmək olar"

İtaliyanın Dövlət Şurasının qərarı ilə həmin ölkənin ərazisində Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) tikintisinə razılığın verilməsi bu nəhəng layihənin reallaşdırılmasına verilən əhəmiyyətli bir töhfədir. Bu sözləri millət vəkili Kamran Bayramov deyib. Onun sözlərinə görə, layihə Azərbaycan qazının Yunanıstan, Albaniya və İtaliya ərazisindən keçməklə Avropaya daşınmasını nəzərdə tutur:"TAP layihəsi Azərbaycanın regiondakı rolunu gücləndirməklə yanaşı, ölkəmizin Avropanın enerji təhlükəsizliyinə töhfəsini daha da artırmış olacaq. Məhz bu layihə ölkəmizin təbii qaz ehtiyatlarının dünya bazarlarına uyğun qiymətə satışını və sərmayə axınını təmin edəcək, yeni iş yerlərinin açılmasını, müasir texnologiyanın və innovasiyaların ölkəmizdə inkişafını sürətləndirəcək. TAP layihəsinin fəaliyyətə başlaması Azərbaycanın karbohidrogen resurslarından dayanıqlı gəlirlərin əldə edilməsinə xidmət etməklə, neft hasilatının azalması ilə müşahidə edilən hazırkı dövrdə neft gəlirlərin müəyyən bir hissəsini əvəz edəcək".
Millət vəkili Azər Badamov isə deyib ki, İtaliyanın Dövlət Şurasının TAP layihəsinin tikintisinə icazə verməsi gözlənilən idi. Onun sözlərinə görə, kəmərin tikintisi ilə əlaqədar layihədə iştirak edən bütün tərəflər öz razılıqlarını vermişdi və artıq TAP-ın tikintisi reallıqdır: "Tap layihəsinin tikintisi gələcəkdə İtaliyanın qazla təminatında mənbələrin şaxələnməsinə, təhlükəsiz davamlı təminatına imkan verir və bu, qaz təminatı ilə əlaqədar baş verə biləcək siyasi manipulyasiyaların qarşısını alır. TAP-ın tikintisi həm də İtaliyanın tranzit imkanlarından gəlir götürməyinə imkan yaradır. Yəni, Avropa ölkələrinə təbii qazın ixracını həyata keçirilməsinə imkan yaradacaq. TAP kəmərinin tikintisinə bir dəfə qoyulan kapital ölkəyə uzun illər gəlir gətirəcəkdir".
Azər Badamov qeyd edib ki, İtaliya Dövlət Şurasının tikintiyə icazə verməsi TAP-ın reallığını artırır və bunu Azərbaycan- Avropa əməkdaşlığının yeni məhələsi kimi qiymətləndirmək olar. Artıq TAP layihəsi yekunlaşmaq üzrədir və bu layihənin uğurla başa çatdırılması Azərbaycana qaz istehsal edən yeni mənbələrin istismarına imkan yaradacaqdır. Azərbaycan-İtaliya münasibətləri yüksək səviyyədədir və qeyd etdiyimiz layihənin icrası iki ölkə arasındakı əməkdaşlığı və dostluğu daha da möhkəmləndirəcəkdir.