Əli Kərimlini xainlərlə nə birləşdirir? Siyasət

Əli Kərimlini xainlərlə nə birləşdirir?

Ermənistana cəsusluq edən bir qrup hərbçi və mülki şəxsin ifşası yeni həqiqətləri ortaya çıxarıb. Məlum olub ki, onları ölkəmizdə müdafiə edənlər də var. Qondarma rejimin "müdafiə nazirliyi" bəyan edib ki, həqiqətən cəsus saxlanılıbsa, onların açıq məhkəmələri keçirilsin və beynəxlaq mütəxəssislər cəlb olunsun. Bu açıqlamadan sonra yeni kartlar ortaya çıxdı.
Azərbaycanda özünü müxalif "lider" hesab edən Əli Kərimli ermənilərlə həmrəylik nümayiş etdirərək onların təklifinə dəstək verib. O, separatçı "nazirin" sözlərini bir növ təkrarlayaraq deyib ki, vətənə xəyanət edənlərin məhkəməsi açıq keçirilməlidir.
Erməniləri başa düşdük. Bəs Əli Kərimli nədən xainlərin məhkəməsinin açıq keçirilməsini tələb edir? Məgər o bilmir ki, hərbi sirri yayanların, xüsusən də ermənilərə işləyənlərin məhkəməsi açıq keçirilə bilməz?
Məsələyə münasibət bildirən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə bildirib ki, məhkəmənin açıq və gizli keçirilməsi ittiham haqqında informasiyanın dövlət sirri təşkil edib-etməməsi ilə bağlıdır:
"Əgər orada dövlət sirri varsa, məhkəmə mütləq qapalı keçirilməlidir. Çünki, açıq keçirilmə Ermənistan xüsusi xidmət orqanlarına əlavə informasiya vermək deməkdir. Təəssüf edirəm ki, vaxtilə dövlətin ikinci-üçüncü vəzifəsində çalışmış şəxs belə elementar idarəetmə qaydalarını bilmir.
Azərbaycanın xüsusi xidmət orqanları böyük bir cinayətin qarşısını alıblar. Bu, onu göstərir ki, dövlət orqanları öz vəzifələrinə çox böyük məsuliyyətlə yanaşırlar. Eyni zamanda Ermənistana ciddi xəbərdarlıqdır ki, Azərbaycana yönəlik istənilən addımın qarşısı alınacaq".
Aydın Mirzəzadə vurğulayıb ki, Əli Kərimlinin fəaliyyəti heç də milli maraqlarımıza xidmət etmir: "Əli Kərimliyə bununla bağlı xaricdən xüsusi tapşırıq verilib. Çünki, Əli Kərimli fəaliyyətində nədənsə Azərbaycan xalqının milli maraqlarını deyil, xaricdən onu maliyyələşdirən mərkəzlərin siyasi sifarişlərini yerinə yetirir. Onun bir qayda olaraq, Azərbaycana qarşı qarayaxma kampaniyasında iştirak etməsi, ölkədə keçirilən beynəlxalq tədbirlərdə ictimai-siyasi asayişi pozmaq cəhdləri və digər hərəkətləri onu deməyə əsas verir ki, bu dəfə də mümkündür ki, xaricdən müəyyən tapşırıqlar gəlsin. Çünki, Azərbaycanın səlahiyyətli orqanlarının bir qrup hərbçi və mülki şəxsin Ermənistana cəsusluq etmə ittihamı ilə saxlanılması böyük bir kəşfiyyat provakasiyasının qarşısının alınmasıdır. Şübhəsiz ki, bu xaricdəki anti-Azərbaycan mərkəzlərin, o cümlədən bəzi erməni dairələrini ciddi narahat edir. Onlar Azərbaycanın zəifləməsində, problemlərinin çoxalmasında maraqlıdırlar. Əli Kərimli isə bir vətəndaş kimi ilk növbədə Azərbaycan hakimiyyət orqanlarının bu fəaliyyətini təqdir etməli, onların peşəkarlığına öz hörmətini ifadə etməli idi.
Bunun əvəzində isə o, ermənilərə növbəti dəfə xidmət göstərmək planını həyata keçirir. O, tələb edir ki, məhkəmə açıq keçirilsin. Lakin fərqinə varmır ki, məhkəmə açıq keçirilərkən orada artıq bir sıra dövlət sirri təşkil edən informasiyalar sıza bilər. Bəlkə də məqsəd elə həmin informasiyanın sızmasıdır. Erməni kəşfiyyat orqanları üçün nə fərqi var, 5 nəfər azərbaycanlıdan, yoxsa Əli Kərimlini casus kimi əməkdaşlığa cəlb edərək açıq keçirilən məhkəmədən həmin informasiyanı əldə etsin".
Görünən odur ki, Kərimli vətən xainlərindən heç nə ilə fərqlənmir. Onları birləşdirən bir cəhət var: Anti-Azərbaycan qüvvələrindən pul alıb, vətənini, millətini, dövlətinin maraqlarını satmaq.