ÜAK-ın qeydiyyatının ləğvi Milli Məcisidə müzakirəyə olundu Siyasət

ÜAK-ın qeydiyyatının ləğvi Milli Məcisidə müzakirəyə olundu

Oqtay Əsədov: "Rusiya Dövlət Dumasının sədri və Federasiya Şurasının sədri ilə bu məsələni müzakirə edəcəyik"

Vahid Əhmədov: "Rusiya faktiki Azərbaycanın müstəqiliyyini qəbul etmək istəmir"

Rusiyada Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv olunması Milli Məcisin dünən keçirilən plenar iclasında da müzakirəyə çıxarılıb.
Milli Məclisin İctimai Birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, bu, ümumi münasibətlərin pisləşməsinə yönəlik bir addımdır. Deputat qeyd edib ki, Rusiyada bəzi qüvvələr Rusiya-Azərbaycan əlaqələrinə xələl gətirmək istəyirlər. Onun sözlərinə görə, Azərbaycanda rusdilli məktəblər, bağçalar var: "Amma Ermənistanda belə məktəblər yoxdur. Bununla belə Rusiyanın dövlət adamları gedib Qarabağ separatçıları ilə bir tədbirdə iştirak edirlər".
Komitə sədri qeyd edib ki, Azərbaycan beynəlxalq təşkilatlarda Rusiya ilə bağlı məsələlərdə öz neytrallığını qoruyub saxlayıb. Deputat bildirib ki, Milli Məclis bununla bağlı müraciət hazırlamalıdır. O qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən Rusiya QHT-lərinin fəaliyyəti ilə bağlı müraciət hazırlayıb aidiyyatı orqanlara müraciət ünvanlayacaq: "Onların fəaliyyəti ilə bağlı hesabat təqdim olunmalıdır. Parlamentin dostluq qrupu da bu məsələ ilə bağlı müraciət hazırlamalıdır".
Deputat Arif Rəhimzadə bildirib ki, həqiqətən də bu addım cəmiyyətdə çox xoşagəlməz reaksiya yaradıb: "Ümumrusiya Azərbaycan Konqresi ulu öndər Heydər Əliyevin prezidentliyi dövründə yaradılıb. Azərbaycan ilə Rusiya arasında çox yaxşı münasibətlər var. Biz bunu hər yerdə danışırıq, ancaq qarşılığını görmürük. Nə üçün Rusiya Xocalı soyqırımı ilə bağlı heç bir tədbir görmək istəmir? Nəyə görə Azərbaycan qanunlarını pozan Aleksandr Lapşin haqqında danışır, ancaq öz dədə-baba yurdlarını ziyarət edən Dilqəm Əsgərov və Şahbaz Quliyevin Ermənistanda girovluqda saxlanılamasına səsini çıxarmır? Qarşılıqlı hörmət münasibətləri ikitərəfli olmalıdır. Hesab edirəm ki, Azərbaycan tərəfi Rusiya Prezidenti Vladimir Putinə müraciət etməlidir ki, bu cür hallara son qoyulsun".
O bildirib ki, bu cür addımlar Azərbaycanla Rusiya arasında olan münasibətlərə xələl gətirir.
Milli Məclisin sədri Oqtay Əsədov isə Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərindən biri olmasını xatırladıb: "Ancaq biz Rusiyanın tərəfsizliyini görmürük. Rusiya zaman-zaman işğalçı Ermənistanı müdafiə edən addımlar atıb".
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli də çıxışında qeyd edib ki, Rusiyanın bu qərarı anlaşılan deyil: "Son illər Azərbaycanla Rusiya arasında starteji əməkdaşlıq yüksək səviyyədə olub. Rusiya tərəfi bilməlidir ki, Ali məhkəmin qəbul etdiyi bu qərar münasibətlərə ciddi ziyan vurur. Ümid edirik ki, növbəti mərhələdə bu qərara düzəliş olacaq. Azərbaycanla münasibətlərə Rusiya tərəfi baxmalıdır".
Spiker Oqtay Əsədov isə deyib ki, Rusiya Dövlət Dumasının sədri və Federasiya Şurasının sədri ilə buməsələni müzakirə edəcək: "Artıq məktublar hazırlamışıq və bizim Rusiya ilə İşçi qrupunun adından bu ölkənin müvafiq orqanlarına, o cümlədən Dumaya məktub ünvanlayırıq. Cavablarından asılı olaraq növbəti addımları atacağıq".
Milli Məclisin iclasında vitse-spiker Bahar Muradova deyib ki, bu məsələ ilk növbədə Rusiyanın sərbəst toplaşmaq məsələsinə olan, vətəndaşına olan münasibətidir: "Biz Azərbaycanda rus dilini və mədəniyyətini inkişaf etdirmirik ki, bu, Rusiyanın xoşuna gəlsin. Sadəcə biz burada yaşayanlara qarşı adekvat münsaibəti göstəririk".
O bildirib ki, Azərbaycanda tolerantlıq hökm sürür və burada yaşayan istənilən xalqa hörmət var: "Amma təbii ki, biz də istərdik ki, başqa ölkədə yaşayan azərbaycanılılara da belə münsiabət göstərilsin. Rusiyada Azərbaycanı sevməyən dairələr var. Lakin uzun illər iki ölkə arasında münasibətlər inkişaf səviyyəsinə gəlib çıxıbsa, demək ki, orada bizi sevənlər də çoxdur. Bu, onların politoloqları, siyaətçiləri tərəfindən açıq şəkildə deyilir. Sonuncu addım isə Azərbaycana qarşı düşmənçilik mövqeyidir".
Milli Məclis sədrinin müavini qeyd edib ki, Rusiyanı bu hərəkətlərdən çəkindirmək üçün imkanları işə salmağa çalışmalıyıq: "Bu məsələlər hüquq müstəvisində həll olunmalıdır. Düşünürəm ki, məsələ öz həllini tapacaq. Azərbaycanlı Rusiya vətəndaşlarından tələb olunur ki, onlar buraxdığı nöqsanları aradan qaldırsınlar. Birliyə həmrəyliyə dostluğa vahid mövqedən çıxş etməyə söykənərək məsələnin həllində vasitəçi olsunlar. ÜAK-ın burada mövqeyi əsasdır. Məsələ yaxın zamanda həllini tapacaq".
Millət vəkili Əflatun Amaşov deyib ki, Azərbaycanı strateji tərəfdaş hesab edən bir dövlətin bu addımı gözlənilməzdir, onda təəccüb və heyrət yaradır: "ÜAK-ın dövlət qeydiyyatı ləğv edilirsə, təbii ki, bu, ikitərəfli münasibətlərə mənfi təsir edir. Bu təşkilatın fəaliyyətinin dayandırılması Azərbaycan əleyhinə olan qüvvələrin fəaliyyətinin nəticəsidir. Konqres heç də Rusiya qanunlarına zidd fəaliyyət göstrəməyib və göstərə də bilməzdi. Ona görə də rusiyalı deputatlara müraciət etməliyik". Əflatun Amaşov Mətbuat Şurasının Azərbaycan jurnalistləri adından Rusiyaya etiraz bildirildiyini də xatırlatdı.
Deputat Aydın Mirzəzadə də qərara etirazını bildirib: "Təkcə Moskva şəhərində azərbaycanlılar say etibarilə üçüncü etnik qüvvə sayılır və onlar hər zaman Rusiya qanunlarına hörmətlə yanaşıblar. Belə olan təqdirdə verilən qərar heç cür başadüşülən deyil. Məgər Rusiya Ermənilər İttifaqının fəaliyyətində qanunsuzluqlar yoxdurmu? Amma həmin təşkilat barədə hər hansı fikir bildirilmir. Mən Rusiya Ali Məhkəməsinin qərarını pisləyirəm. Amma yenə də Rusiya ilə istənilən məsələnin danışıqlar yolu ilə həll edilməsinin tərəfdarıyam. Ümid edirəm ki, Rusiya prezidenti bu məsələyə biganə qalmayacaq".
Azərbaycan Rus İcmasının sədri, deputat Mixail Zabelin bildirib ki, Azərbaycanın burada yaşayan ruslara münasibətini yüksək dəyərləndiririk. O, Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv olunmasında danışarkən bildirib ki, bu məsələ hamını narahat edir: "Bizim bir ay vaxtımız var ki, verilmiş qərarı ləğv etdirək. Mən deputatlara minnətdarlığımı bildirirəm ki, onlar obyektiv olaraq məsələyə münasibətini bildirdilər. Azərbaycan-Rusiya hökumətlərarası Komissiyası bu məsələ ilə bağlı qəti mövqeyini bildirməlidir".
Deputat Elman Nəsirov da həmsədr dövlət olan Rusiyanın tərəfsiz mövqedə dayanmadığını təəssüflə bildirib: "Yəqin ki, Rusiyada da bir fak məlumdur ki, bu günə qədər Qərbin Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyalara Azərbaycan qoşulmayıb, bu, çox çətin məsələdir. Elə isə nə baş verir? Niyə məhz indi ÜAK-la bağlı qərar qəbul edilir? Məncə, bu, siyasi təzyiq üsuludur. 2012-ci ildə də prezident seçkiləri ərəfəsində təzyiqlər işə salınmışdı. 2018-ci il prezident seçkiləri ərəfəsində də növbəti təzyiqlər işə salınıb".
Deputat Fazil Mustafa deyib ki, ya Azərbaycandan idarə olunan, ya da müstəqil fəaliyyət göstərən diaspor təşkilatını arzulamırlar: "Artıq Rusiya hakimiyyətinin yanında olan diaspor təşkilatını da arzulamırlar. Biz bu addımın qarşılığında hansısa addımlar atmalıyıq. Baxın, Xocalı abidəsinin yaxınlığında Rusiya Mədəniyyət və İnformasiya Mərkəzinin binası var. Biz münasibətləri qoruyub-saxlamağa çalışırıq. Amma bütün sahələrdə çalışan şəxslər müraciətlər etməliyik. Əgər hüquqi qərar verildisə, daha böyük təşkilatın yaradılması ilə bağlı hərəkətə keçməliyik".
Deputat Elmira Axundova məyus olduğunu bildirib: "Biz həmişə öyünürdük ki, Azərbaycanda 400-dən artıq rus məktəbi var, görünür, bu, onlara lazım deyilmiş. Biz birdəfəlik bilməliyik ki, bizi Rusiyada istəmirlər, güclənməyimizi arzulamırlar. Bu, siyasi qərardır. Amma əks-addım atmağa tələsməyək, təxribatlara uymayaq. Bəzi qüvvələr bəlkə elə bunu istəyirlər ki, biz addımlar ataq. Rus icması bizim vətəndaşlarımızdır və onları qorumalıyıq".
Deputat Fərəc Quliyev isə "adekvat münasibət bildrimədikcə, Rusiya növbəti təzyiqlərə əl atacaq" deyə, konkret addımlar atmağa çağırıb: "Biz Xocalı soyqırımında iştirak edən ordunun sovet ordusu yox, Rusiya ordusu olduğunu qeyd etməliyik. Milyarderlər İttifaqını yaratmaqla, Dağıstan prezidentini ora daxil etməsi də Azərabycana təzyiq idi. Həmçinin aprel müharibəsindən sonra Azərbaycana qarşı təzyiqlər artıb, Rusiya XİN baçısının münasibətini də gördük".
Millət vəkili Vahid Əhmədov isə "Rusiya faktiki Azərbaycanın müstəqiliyyini qəbul etmək istəmir. Eyni zamanda, Azərbaycanın dövlət başçısının müstəqil siyasətini yaxın buraxmaq istəmir", - deyə vurğulayıb. O, qeyd edib ki, Rusiya hər zaman olduğu kimi, bu dəfə də Azərbaycanla təhdid dili ilə danışır: "Biz də buna hazır olmalıyıq. Bununla yanaşı, Azərbaycanda yaşayan rusdilli insanlara qarşı münasibəti eyni səviyyədə saxlamalıyıq. Bu məsələdə diqqətli olmalıyıq. Kimlərsə bundan ölkəmizə qarşı istifadə etməsinlər".

Əli