“Əgər “İslam NATO-su” məzhəb güdmədən reallaşarsa” Siyasət

“Əgər “İslam NATO-su” məzhəb güdmədən reallaşarsa”

Qabil Hüseynli:"Rəsmi Bakı bu birlikdə yer ala bilər"

"Trampın Səudiyyə Ərəbistanına səfəri əsnasında Ər-Riyad bir növ müsəlman dünyası ilə Amerikanın görüşünü təşkil etdi". Bu sözləri ABŞ Prezidenti Donald Trampın Səudiyyəyə səfəri, Ərəb-İslam-Amerika Sammiti və Azərbaycanın bu tədbirdə iştirakını şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloqun sözlərinə görə, sammitdə hər hansı bir sənəd imzalanmasa da, müsəlman sivilizasiyasının terrorla heç bir əlaqəsinin olmamasına dair bəyanat xüsusi əhəmiyyətə malik idi:
"Sammit dünyada təhlükəsizlik məsələləri baxımından çox əhəmiyyətli idi. Azərbaycanın tədbirə dəvət edilməsi də böyük önəm daşıyır, o baxımdan ölkə başçısının sammitdə iştirakı müsbət addım hesab edilə bilər. Çünki siyasi ittifaq şəklində də olsa, müsəlman ölkələrinin formalaşmaqda olan birliyinin tərkibinə qatılmaq Azərbaycan üçün mühümdür. Bu siyasi birlik gələcəkdə hərbi-siyasi birliyə çevrilə bilər. Söhbət "İslam NATO-su"ndan gedir ki, bu ideya da birbaşa Səudiyyəyə məxsusdur. Ər-Riyad sadəcə olaraq Trampın gəlişindən istifadə edərək müsəlman dünyasının birliyini xristian dünyasına nümayiş etdirdi. Azərbaycan tərəfi orada çox isti qarşılandı. Əgər "İslam NATO-su" məzhəb güdmədən reallaşarsa, rəsmi Bakı bu birlikdə yer ala bilər. Güman edirəm ki, bu, müharibə vəziyyətində olan Azərbaycanın mövqelərini, xüsusilə də arxasında duran qüvvələrin sayını xeyli artıracaq. Azərbaycan bu məsələdə ən yaxın müttəfiqləri - Türkiyə və Pakistanın hərəkətlərinə ciddi diqqət yetirəcək".
Politoloq İranın sammitə dəvət olunmaması ilə məzhəb ayrılığına fərq qoyulduğunu düşünmür:
"İranın bu tədbirdə yer almaması Səudiyyə və ABŞ-la münasibətlərin kəskin olmasından qaynaqlanır. Tehranın iştirakından asılı olmayaraq, zənnimcə, bu məsələ üzərində fəaliyyət aparılacaq. Birmənalı fikir söyləmək çətin olsa da, hər halda, bu ideyanın ortaya atılması müsbət faktordur və müəyyən nəticələr verə bilər. Ona görə də Azərbaycanın sammitə qatılması müsbət addımdır".
Q.Hüseynlinin fikrincə, Bakının bu gedişi əslində, Rusiyaya bir mesaj da sayıla bilər:
"Çünki Moskva son zamanlar Bakıya zərər verən addımlar atır. ÜAK-ın qeydiyyatının ləğvi, Ermənistana ard-arda hərbi ləvazimat göndərilməsi bunun bariz nümunəsidir. Azərbaycan sammitə qatılmaqla nümayiş etdirdi ki, seçim imkanları genişdir və rəsmi Bakı siyasi istiqamətini, gedişlərini dəyişə bilər.
Bu nöqteyi-nəzərdən İranla münasibətlərimizin də kəskinləşməsinin tərəfdarı deyilik. Onsuz da bu yaxınlarda İran, Azərbaycan və Rusiya üçtərəfli görüşü keçiriləcək. Hazırda bütün dünyanın diqqəti "İslam NATO-su" ətrafında aparılan müzakirələrdədir. İdeya uğurla başa çatdırılarsa, dünyada hərbi və siyasi qüvvələr nisbətini xeyli dəyişə və özünəməxus bir balans yarada bilər".
Politoloq Fikrət Sadıqov deyib isə deyib ki, Trampın Səudiyyəyə səfəri və müsəlman ölkələrinin başçıları ilə görüşü qarışılıqlı maraqlara cavab verən addımların atılmasından irəli gəlirdi.
Politoloq bildirib ki, Trampın əsas məqsədi körfəz dövlətləri ilə ABŞ-ı da daha da yaxınlaşdırmaq idi:
"Tramp müəyyən mənada Səudiyyədə öz məqsədinə nail oldu. ABŞ prezidenti hazırda düzgün siyasət aparır. O, başa düşür ki, islam aləmi çox təsiredici bir dünyadır və bundan səmərəli istifadə etmək indiki dönəmdə ABŞ üçün olduqca vacibdir. Buna görə də ABŞ hazırda əsas müttəfiqləri – Səudiyyə, Qətər, Omana daha çox arxalanır. Çünki Liviya ilə İraq artıq elə də təsirli oyunçular sayılmır. İraq isə dini amillər əsasında İranla yaxınlıq edir. Misirin siyasətində heç bir dəyişliklik yoxdur. Misir həm Qərb, həm də Rusiya ilə münasibətlərin inkişafında maraqlıdır. Bu nöqteyi-nəzərdən ABŞ körfəz ölkələrini öz maraqlarına daha da yaxınlaşdıracaq. Çünki ABŞ-ın orada bir sıra hərbi bazaları var. İndiki vəziyyətdə ABŞ üçün əsas dövlətlərdən biri də İsraildir. ABŞ İsraildən öz maraqları üçün səmərəli istifadə edəcək".
Politoloqun sözlərinə görə, ABŞ İranı izolyasiyada saxlamağa davam edəcək:
"Bu isə münasibətlərin daha da gərginləşməsinə gətirib çıxaracaq. Ancaq İran Suriya ilə bağlı siyasətini davam etdirəcək və bu fonda Rusiya ilə daha da yaxınlaşacaq. Tehran regionda öz siyasi prioritetlərini həyata keçirəcək. Vaşinqton-Tehran münasibətlərinin gərginləşməsi regiona mənfi təsir göstərəcək və gərgin olan vəziyyəti daha da çıxılmaz edəcək".