Ermənilər Rusiya pasportu ilə Bakıya gəlir Siyasət

Ermənilər Rusiya pasportu ilə Bakıya gəlir

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanı erməni əsilli Rusiya vətəndaşlarına qarşı diskriminasiyada ittiham edir. Moskvanın məlumatına görə, Rusiya vətəndaşı olan ermənilər Azərbaycana gəlmək istəyərkən, Bakı aeroportunda saxlanılır və deportasiya edilir. Azərbaycan Xarici İşlər Nazirliyi bu faktı təkzib etmir və açıq şəkildə bəyan edir ki, bu proses davam edəcək.
Bakının bu mövqeyi iki faktor baxımından haqlı və əhəmiyyətlidir: birincisi, kənar bir dövlət Azərbaycanın daxili məsələsinə qarışaraq, gömrük prosedurlarına müdaxilə edə bilməz; ikincisi, dövlət təhlükəsizliyinin qorunması.
Çünki, hər-hansı bir erməninin – Ermənistan, yaxud başqa bir dövlətin vətəndaşı olmasına baxmayaraq, Bakıya gəlməsi dövlət təhlükəsizliyinə ciddi təhdiddir. Dağlıq Qarabağ münaqişəsi, I Qarabağ müharibəsində ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımılar, həmçinin, hazırda işğalçı Ermənistan rejiminin Azərbaycana qarşı təcavüzkar siyasəti istənilən erməninin potensial təhlükə olduğunu göstərir. İyulun 4-də erməni hərbi birləşmələrinin Füzulinin Alxanlı kəndində dinc sakinlərə hücumu, biri 2 yaşlı körə uşaq olmaqla iki Azərbaycan vətəndaşının qətlə yetirilməsi də erməninin mahiyyətini bir daha ortaya çıxardı. Bu baxımdan, başqa bir ölkənin (o cümlədən, Rusiyanın) vətəndaşı olsa belə, erməninin Bakıya gəlişi iki kontekstdə təhlükədir:
Terror: 1994-cü ildə onlarla insanın həlak olması ilə nəticələnən iki terror hadisəsini Ermənistanın xüsusi xidmət orqanları həyata keçirmişdi. Bu hadisələr fonunda eyni terror aktlarının Rusiya pasportuna bürünmüş ermənilərin həyata keçirməsi təhlükəsi kifayət qədər böyükdür.
Casusluq: Rusiya pasportunu cibində daşıyan ermənilər Bakıya turist kimi gələrək, Ermənistan xüsusi xidmət orqanları üçün asanlıqla informasiya toplaya bilər. Bunun üçün yetərincə imkan var: Bakıya, yaxud respublikanın digər bölgələrinə turist olaraq səfər edən ermənilər strateji obyektlərin fotolarını çəkə, hətta hərbi hissələrin nömrələrini qeydə ala bilər. Ermənistan bununla həm Azərbaycanın hərbi sirlərini əldə edə, həm də istənilən terror hücumunun planlaşdırılması üçün lazımi informasiya toplaya bilər. Ötən il Bakıda saxlanılan erməni əsilli Rusiya vətəndaşı Marat Ueldanovun (Qalustyan) məhz casusluq etdiyinə dair informasiyaların olması da bu təhlükənin real olduğunu sübut edir.
Burada diqqət çəkən digər məqam erməni əsilli Rusiya vətəndaşlarının niyə Bakıya gəldiyidir. Onların Azərbaycana turist kimi gəldiyini nəinki dilə gətirmək, ümumiyyətlə düşünmək belə absurd yanaşmadır. Çünki dünyanın istənilən nöqtəsində yaşayan erməni Dağlıq Qarabağ münaqişəsindən və Azərbaycan-Ermənistan müharibəsindən xəbərdardır. Azərbaycana buraxılmayacağını bilə-bilə Rusiya vətəndaşı olan ermənilər niyə buna cəhd edirlər?! Bu sual məsələnin şübhəli məqamlarını ortaya çıxarır. Təbii ki, Rusiya pasportu daşıyan erməni Bakıya buraxılmayacağını bilə-bilə buna cəhd edirsə, deməli, onun məqsədi ən azından casusluq fəaliyyəti ilə bağlıdır.
Burada Rusiyanın israrla Azərbaycanı diskriminasiyada ittiham etməsi də diqqətdən qaçmamalıdır. Moskva yaxşı anlayır ki, ermənilər Rusiya vətəndaşı olsalar belə, Bakıya buraxılmayacaq. Nə üçün onları deportasiya ediləcəklərinə dair xəbərdarlıq etmir? Yaxud sualı başqa cür da qoya bilərik: Rusiya öz vətəndaşları olan erməniləri niyə Bakıya göndərir?
Hesab etmək olar ki:
a) Rusiya erməni vətəndaşlarını deportasiya ediləcəklərini bilə-bilə Bakıya göndərir və bununla Azərbaycana qarşı "diskriminasiya" ittihamları irəli sürmək imkanı qazanır. Bu, Moskva-Bakı xəttində hansısa siyasi narazılığın ola biləcəyini göstərir, həmçinin, istisna deyil ki, bu proses Kremldə ermənipərəst dairələrin də oyunu ola bilər. Biz Ümumrusiya Azərbaycanlı Konqresinin qeydiyyatının ləğv edilməsində bunun şahidi olduq.
b) O da istisna deyil ki, ortada daha təhlükəli planlar ola bilər.