“Azərbaycan Dağlıq Qarabağda suveren hüquqlarını bərpa etməlidir” Siyasət

“Azərbaycan Dağlıq Qarabağda suveren hüquqlarını bərpa etməlidir”

Oleq Kuznetsov: "Buna heç bir dövlət, heç bir beynəlxalq təşkilat etiraz edə bilməz"

Rusiyanın məşhur tarixçisi, politoloq Oleq Kuznetsovun Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın təcavüzkar siyasəti, beynəlxalq qurumların müəmmalı davranışı, Azərbaycanın suverenliyini bərpa etmək haqqı barədə fikirləri təqdirəlayiqdir. Politoloq münaqişənin həlli ilə məşğul olan institutlara, Minsk qrupuna həmsədrlik edən dünyanın ən güclü 3 dövlətinə siyasi dərs keçməklə onları ədalətli olmağa, beynəlxalq qanunlara hörmətlə yanaşmağa çağırıb. O.Kuznetsov Dağlıq Qarabağ münaqişəsinin başlanmasında, Azərbaycanın hüquqi ərazisi olan bu bölgənin işğal edilməsində Ermənistan adlanan dövlətin birbaşa iştirak etdiyini, Dağlıq Qarabağda qanunsuz silahlı birləşmələr saxladığını, dünyanın heç bir ölkəsinin, hətta Ermənistanın özünün bu ərazidə yaradılmış qondarma dövləti tanımadığını deyib. Politoloq qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağda suveren hüquqlarını bərpa etməlidir və buna heç bir dövlət, heç bir beynəlxalq təşkilat etiraz edə bilməz: "Ermənistanı çıxmaq şərti ilə, dünyada elə bir ölkə tapa bilməzsiniz ki, Azərbaycanın ərazi bütövlüyünü tanımasın. Azərbaycanın qonşuları Rusiya, İran, Türkiyə, Gürcüstan, o cümlədən dünyanın hegemon dövlətləri, ABŞ, Fransa, həmçinin BMT Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi üzvləri olan dövlətlər Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Deməli beynəlxalq qanunlar Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi qəbul edir. Belə olan təqdirdə ortaya tarixi bir sual çıxır, heç olmasa bir ölkə göstərin ki, "Dağlıq Qarabağ" adlı dövləti tanısın. Rusiya tanımır, hətta Ermənistanın özü belə tanımır, Azərbaycan, İran, Türkiyə, Gürcüstan və digər dövlətlər tanımır. Bundan hansı nəticəni çıxarmaq olar? Dağlıq Qarabağın ərazisində olan bütün qurumlar, xüsusən də hərbi birləşmələr Rusiya Cinayət Məcəlləsinin 208-ci maddəsinə əsasən qanunsuz elan edilməlidir. Və bu, mübahisə predmeti ola bilməz. Ermənistanın fərqli yanaşması ola bilər, amma Rusiya Federasiyasının Cinayət Məcəlləsində məhz belə yazılıb. Bir məsələni də xüsusi olaraq vurğulamaq istəyirəm, 2-5 aprel 2016-cı ildə baş verən hadisələr zamanı Ermənistan Müdafiə Nazirliyi ölən əsgərlərin siyahısını dərc etdi və harada basdırıldıqlarını açıqladı. Ölənlərin heç biri Dağlıq Qarabağda yaşayan sakinlər deyildi, əksəriyyəti Ermənistan vətəndaşları idi. Buradan belə bir nəticə əldə etmək olar ki, Azərbaycanın işğal altındakı ərazilərində olan istənilən ölkənin hərbi birləşmələri, muzdlu əsgərləri qanunsuz sayılmalı və məhv edilməlidir. Bu, əlbəttə Rusiya qanunvericiliyi nöqteyi-nəzərindən belədir. Belə olan halda ortaya maraqlı bir sual çıxır, kim Azərbaycana qanuni ərazilərində qanunsuz silahlı birləşmələri məhv etməyi qadağan edə bilər? Heç kim".
Politoloq münaqişənin həll olunmasının asan variantını təklif etməyi də unutmayıb: "Beynəlxalq qanunların diktə etdiyi şəraitdə münaqişənin həll olunması üçün Ermənistanın yeganə çıxış yolu qalır - Azərbaycanın ərazilərindəki qanunsuz hərbi birləşmələrini geri çağırır, onların üzərində məhkəmə qurur. İşğal etdiyi əraziləri isə Azərbaycanın hüquqi idarəçiliyinə qaytarır. Əks təqdirdə Azərbaycanın bu prosesi yerinə yetirməsinə heç kim mane ola bilməyəcək".