“Bu gün bizim ən yaxın tərəfdaşımız Türkiyədir” Siyasət

“Bu gün bizim ən yaxın tərəfdaşımız Türkiyədir”

Musa Quliyev: "Türkiyə dövləti də həmişə sözdə, əməldə, siyasətdə və s. Azərbaycanın yanındadır"

"Ümumiyyətlə, Azərbaycan-Türkiyə münasibətlərini ən gözəl və yüksək şəkildə Ümummilli Lider Heydər Əliyev "bir millət, iki dövlət" deyərək ifadə etmişdir. Yəni bundan yaxın bir münasibət ola bilməz. Həm də tarixən Azərbaycan müstəqilliyini elan edəndə ilk dəfə bizi tanıyan ən yaxın dostumuz, qardaşımız, strateji partnyorumuz Türkiyə Respublikası olub". Bunu millət vəkili Musa Quliyev deyib. Onun sözlərinə görə, Türkiyənin də ən çətin anlarında onu cəsarətlə müdafiə edən, ona dəstək verən və birmənalı olaraq onun tərəfində duran Azərbaycan dövləti olub: "Türkiyənin son 10-12 ildə xarici siyasətində müəyyən gərginlikləri olsa da, həmişə Azərbaycan dövləti, Prezidenti Türkiyəyə dəstək verib. Bizim istər idman, istər musiqi yarışlarında, o cümlədən "Avroviziya" mahnı müsabiqəsində Azərbaycan qalibləri həmişə meydana çıxanda ölkəmizin bayrağı ilə yanaşı Türkiyənin bayrağını da qaldırıblar. Bunlar heç də təsadüfi münasibətlər deyil. Bu bütövlükdə millətin və dövlətin Türkiyəyə olan münasibətinin ifadəsidir. Türkiyə dövləti də həmişə sözdə, əməldə, siyasətdə və s. Azərbaycanın yanındadır. Bu gün bizim istər iqtisadi, istərsə də siyasi müstəvidə ən yaxın tərəfdaşımız Türkiyə dövlətidir. Bu tam təbiidir. Türkiyə-Azərbaycan münasibətləri ictimai, sosial, iqtisadi həyatımızın bütün sahələrində artan xətlə inkişaf edir. Heç də təsadüfi deyil ki, Azərbaycanın Ümummilli Lider tərəfindən başlanan iqtisadi inkişafının əsas strateji xətləri birbaşa Türkiyə ilə bağlıdır".
Millət vəkili Hadı Rəcəbli isə "ümumiyyətlə, biz Ümummilli Lider Heydər Əliyevin söylədiyi kimi "Bir millət, iki dövlət" deyimi üzərində bütün fikirlərimizi cəmləşdirməliyik", - deyə bildirib: "Əlbəttə ki, bu gün Azərbaycanla Türkiyə arasında iqtisadi, sosial, siyasi əlaqələr günü-gündən inkişaf edir". Onun sözlərinə görə, bunu rəqəmlərlə ifadə etmək o qədər də düzgün olmazdı: "Amma fakt ondan ibarətdir ki, Prezident İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan daim Azərbaycan-Türkiyə münasibətlərində bir nöqtəyə vurur, bir istiqamətdə danışır və eyni mövqedən çıxış edirlər. Sevindirici hallardan biri də odur ki, hətta beynəlxalq tədbirlərdə belə bir dövlət rəhbəri iştirak etməyəndə digər dövlət rəhbəri "biz burada varıq" deyə çıxışlar edə bilir. Bu bir daha Türkiyə-Azərbaycan münasibətlərinin möhkəm təməl üzərində qurulduğundan, əbədiliyindən xəbər verir. Bütövlükdə bu münasibətlər ilbəil inkişaf edir. Düşünürəm ki, gələcəkdə də iqtisadi və sosial münasibətlər daha da yüksələn xətlə inkişaf edəcək".