Bakıda MDB ölkələrinin fövqəladə hallar üzrə dövlətlərarası şurasının iclası keçirilib Siyasət

Bakıda MDB ölkələrinin fövqəladə hallar üzrə dövlətlərarası şurasının iclası keçirilib

Bakıda Müstəqil Dövlət Birliyi (MDB) ölkələrinin Təbii və texnogen xarakterli fövqəladə hallar üzrə Dövlətlərarası Şurasının 30-cu iclası keçirilir.
İclasa Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan nümayəndə heyətləri qatılıb. İclasda Azərbaycanı fövqəladə hallar nazirinin birinci müavini general-leytenant Rəfail Mirzəyev, fövqəladə hallar nazirinin müavini general - leytenant Faiq Tağızadə və Nazirliyin Baş İdarə rəisinin müavini Gündüz Həmzəyev təmsil edir.
İclasın gündəliyi elan olunandan sonra Rəfail Mirzəyev növbəti müddətə Şuranın sədri seçilib. Tədbirdə Şuranın 2016-2017-ci illərdəki fəaliyyətinin nəticələri müzakirə olunub.
Bildirilib ki, MDB-nin Təbii və texnogen xarakterli fövqəladə hallar üzrə Dövlətlərarası Şurasının ali orqanlarının qəbul etdiyi qərarlar uğurla yerinə yetirilir. Şura üzvləri fövqəladə halların idarə edilməsi və nəticələrinin aradan qaldırılması sahəsində MDB ölkələri arasında əməkdaşlığın hüquqi bazasının təkmilləşdirilməsini də müzakirə ediblər.
Eyni zamanda, fövqəladə hallar sahəsində kadr hazırlığı üzrə sənədə əlavə və dəyişikliklərə baxılıb.
Təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində müqavilə - hüquqi bazanın inventarizasiyası da müzakirə edilib və 2017-2018-ci illərdə Dövlətlərarası Şuranın əsas fəaliyyət planının formalaşdırılması qərara alınıb.
İclasda Təbii və texnogen xarakterli fövqəladə hallar üzrə Dövlətlərarası Şuranın 2016-2017-cı illər üçün nəzərdə tutulan əsas tədbirləri, Şuranın növbəti iclasının keçiriləcəyi yer və iclasın gündəliyinin layihəsi razılaşdırılıb.
Təbii və texnogen xarakterli fövqəladə hallar üzrə Dövlətlərarası Şurasının 31-ci iclasının Belarusda keçirilməsinə qərar verilib.
Gündüz Həmzəyev bildirib ki, tədbir hər il MDB məkanında olan ölkələrin birində təşkil olunur: "MDB-yə daxil olan ölkələrin hər birinin fövqəladə hallar nazirliyi, nazir müavinləri iclasda iştirak edirlər. İclasda fövqəladə hallar zamanı bir-birinə yardım etmək məsələləri müzakirə olunur. Çünki son illər texnogen və təbii fövqəladə halların baş verməsi daha çox müşahidə olunur".
O qeyd edib ki, ölkələr arasında fövqəladə hallar zamanı bir - birinə yardım etmək haqda plan var və bu plan əsasında qarşılıqlı yardımlar edilir.
İclasın sonunda gələcək əməkdaşlıqla bağlı müxtəlif sənədlərin imzalanması nəzərdə tutulub.