“Ermənistan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyib” Siyasət

“Ermənistan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyib”

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurasının Azərbaycana yeni təyin olunmuş nümayəndəsi, səfir Zoltan Hernyesi qəbul edib.
XİN-in mətbuat xidmətindən verilən məlumata görə, Elmar Məmmədyarov Zoltan Hernyesi Avropa Şurasının Azərbaycana nümayəndəsi təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə "Avropa Şurası - Azərbaycan Fəaliyyət Planı"nın həyata keçirilməsi və praktiki layihələrin icrası məsələlərinə dair fikir mübadiləsi aparılıb, Azərbaycanın Avropa Şurası Parlament Assambleyası və müvafiq monitorinq komitələri ilə yaxından əməkdaşlıq etdiyi qeyd olunub.
Görüş əsnasında Elmar Məmmədyarov Ermənistanın Avropa Şurasına üzv qəbul edilərkən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair öhdəliyinin yerinə yetirilmədiyini xatırladıb. Həmçinin, görüşdə nazir "Çıraqov və digərləri Ermənistana qarşı" işinə diqqət çəkərək Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatasının müvafiq hökmünün təmin edilməməsinə toxunub.
Səfir Zoltan Hernyes isə diplomatik fəaliyyəti müddətində Azərbaycan və Avropa Şurası arasında ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməcəyini bildirib.
Görüşdə tərəflər arasında qarşılıqlı maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparılıb.