Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ən önəmli cəhəti... Siyasət

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ən önəmli cəhəti...

Elçin Mirzəbəyli: "Azərbaycan dövlətinin gələcək nəsillərə daha bir töhfəsidir"

Hikmət Babaoğlu: "Nadir iqtisadi və maliyyə mühiti yaradacaq"

"Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin istifadəyə verilməsi Azərbaycanın tarixi uğuru olmaqla yanaşı, regional və qlobal nəqliyyat dəhlizlərinin şaxələndirilməsi və təhlükəsizliyi baxımından da olduqca mühüm əhəmiyyət kəsb edir".
Bu fikri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi, "Xalq Cəbhəsi" qəzetnin baş redaktoru Elçin Mirzəbəyli bildirib.
Elçin Mirzəbəyli qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ən önəmli cəhəti qlobal nəqliyyat dəhlizlərinin qovşağında yerləşməsi və çoxfunksiyalılığıdır:"Məhz bu amil Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istər Cənub-Qərb, istərsə də Şimal-Cənub və digər transmilli nəqliyyat dəhlizləri üçün cazibədarlığını və önəmini artırır.
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin yer aldığı nəqliyyat dəhlizlərinə münasibətdə nəqliyyat dəhlizləri ilə bağlı klassik siniflərə bölmə ənənəsi də öz əhəmiyyətini itirir. Çünki BTQ-nin mühüm və əvəzedilməz ötürücü funksiyasını yerinə yetirdiyi nəqliyyat dəhlizləri Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakı ilə gerçəkləşən bu layihə sayəsində həm lenbric, həm minibric, həm də mikrobric funksiyasını yerinə yetirmək kimi çoxfunksiyalı imkanlar əldə edirlər. Yəni, quru daşımaları öz yerini su yolu ilə daşımalara verir. Və yaxud əksinə..."
Elçin Mirzəbəyli qeyd edib ki, bütün dövrlərdə olduğu kimi, bu gün də nəqliyyat istənilən ölkənin, bütövlükdə isə dünyanın ağırlıq mərkəzidir:"Geosiyasi proseslərin intensivləşdiyi, ziddiyyətlərin dərinləşdiyi zaman kəsiyində nəqliyyat dəhlizlərinin əhəmiyyəti daha da artır və onlar sadəcə yük daşınmaları üçün nəzərdə tutulan vasitə rolunu oynamırlar, həm də mühüm təhlükəsizlik amilinə çevrilirlər.
Məhz bu baxımdan da nəqliyyat dəhlizlərinə yatırılan sərmayələrin miqdarı ildən-ilə artır. İqtisadi Əməkdaşlıq Təşkilatının ekspertlərinin hesablamalarına görə, 2030-cu ilədək ümumdünya nəqliyyat sisteminə yatırılacaq vəsaitlərin miqdarı 11 trilyon dollar təşkil edəcək. Bunun 5 trilyonu isə dəmir yollarının payına düşəcək. Yerdə qalan 6 trilyon dollar avtomobil yollarının, logistik mərkəzlərin və limanların inşasına sərf olunacaq.
Hazırda yük daşınmalarının 62 faizi su nəqliyyatının payına düşsə də, dəmir yollarının inşasına yatırılması nəzərdə tutulan vəsait üstünlük təşkil edir. Bu isə beynəlxalq nəqliyyat dəhlizləri sistemində dəmir yolunun çəkisinin getdikcə daha da artacağını göstərir. Bu müstəvidə, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin nə qədər strateji önəm daşıdığını söyləsək, düşünürəm ki, mübaliğəli görünməz.
Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən digər layihələr kimi, Bakı-Tbilisi-Qars dəmir yolu xətti də ölkəmizlə yanaşı, digər region dövlətlərinin – Türkiyə və Gürcüstanın da geosiyasi önəmini artırır, eyni zamanda, Mərkəzi Asiya ölkələrinin yalnız bir geosiyasi qütbdən asılı olmamalarına, real və təhlükəsiz alternativlər əldə etmələrinə imkan verir.
Əgər Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası ilə bağlı ilkin ideyaların səsləndirildiyi, müzakirələrin aparıldığı və layihənin həyata keçirilməsi ilə bağlı real addımların atıldığı zaman kəsiyinə diqqət etsək, bu müddət ərzində regionda və dünyada mühüm geosiyasi, geoiqtisadi dəyişikliklərin, qlobal maliyyə böhranlarının, kəskin qarşıdurmaların baş verdiyini nəzərə alsaq, Azərbaycanın bu layihənin həyata keçirilməsi üçün nə qədər böyük güc və enerji sərf etdiyini müəyyənləşdirə bilərik. Mübaliğəsiz şəkildə deyə bilərik ki, layihənin reallığa çevrilməsi məhz Azərbaycan Prezidentinin siyasi iradəsi, qətiyyətli mövqeyi və böyük əməyi sayəsində mümkün olub".
Siyasi şərhçi vurğulayıb ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti Azərbaycan dövlətinin gələcək nəsillərə daha bir töhfəsidir:"BTQ Azərbaycanın gələcəyinə yatırılan dəmir sərmayədir. Çünki qlobal əhəmiyyət daşıyan nəqliyyat və kommunikasiya sistemləri və bu sistemləri qoynuna almış coğrafi mövqe daimidir. Azərbaycanın nəqliyyat dəhlizləri layihələrinə xüsusi önəm verməsi, bu prosesdə əksər hallarda təşəbbüsçü və birləşdirici amil kimi çıxış etməsi də məhz buradan qaynaqlanır".
"Tarixi hadisə olan Bakı-Tbilisi–Qars dəmir yolu layihəsinin reallaşması Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi sayəsində mümkün oldu. Bakı-Tbilisi–Qars dəmir yolunun açılışı olduqca əlamətdar hadisədir. Bu layihənin iqtisadi əhəmiyyəti qədər ondan heç də az olmayan geostrateji əhəmiyyəti də var". Bu fikirlərin müəllifi isə, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğludur.
Hikmət Babaoğlu deyib ki, əslində bu layihə təqribən yüz il əvvəl bir-birindən süni şəkildə ayrı salınmış mühüm regional iqtisadi regionu birləşdirməklə onun inkişafına, bütövləşməsinə və inteqrasiyasına şərait yaratdı:"Mərkəzi Asiyadan qərbə doğru uzanan vahid geoiqtisadi və geosiyasi məkan ötən əsrin əvvəllərində Ermənistan adlı süni dövlətin yaradılması ilə bir-birindən qoparılmışdı. Beləliklə, Orta Asiyanın davamı kimi Qərbə doğru uzanan Kiçik Asiya və Anadolu mənsub olduğu etnosiyasi coğrafiyadan ayrı düşməklə orada baş verən iqtisadi-mədəni proseslərdən kənarda qalmışdı. Nəticədə bütöv bir orqanizmi kimi fəaliyyət göstərən mühüm regionun iqtisadi və kulturoloji landşaftı pozulmuşdu ki, bu da regionun iqtisadi potensialının və inteqrasiya meyillərinin qarşısında başlıca maneəyə çevrilmişdi. Bakı-Tbilisi–Qars dəmir yolu, ilk növbədə, bu bütövlüyü bərpa etməklə sıçrayışlı iqtisadi inkişaf və inteqrasiya üçün əsaslı platforma yaratdı. İkincisi, bu layihə tarixi İpək Yolunun ən mühüm həlqəsi kimi Cənub–Şərqi Asiyadan başlayan və Avropaya qədər uzanan iqtisadi zənciri yenidən bərpa etdi ki, bu da layihənin qlobal layihə kimi səciyyələndirilməsini şərtləndirir. Bundan başqa, nəqliyyat dəhlizi üzərində olan çoxsaylı dövlətlərin iqtisadi əməkdaşlığı üçün optimal və səmərəli platforma yaradır ki, bu da özlüyündə iqtisadi canlanmanı təmin etməklə həm də mühüm siyasi tərəfdaşlıq mühiti yaradır".
"Ölkəmiz üçün bu layihənin strateji əhəmiyyətindən biri də odur ki, layihə işğalçı Ermənistanın regionda geostrateji əhəmiyyətini daha da azaltmaqla onun ətrafında siyasi və iqtisadi təcridetməni dərinləşdirir. Bu fakt isə gələcəkdə onu daha da zəiflətməklə faktiki olaraq regionda baş verən iqtisadi və siyasi proseslərin autsayderinə çevirir", - deyə H.Babaoğlu qeyd edib.
Milli Məclisin deputatı bildirib ki, Bakı–Tbilisi–Qars dəmir yolunun işə düşməsi həm də Orta Asiya respublikalarına iqtisadi müttəfiqlik vəd edir, onlar üçün Azərbaycan və Türkiyə ərazisindən Qərbə doğru yeni strateji marşrut açmış olur:"Yəni, onların bu vaxta qədər yalnız Şimaldan Qərbə olan çıxış imkanlarına əlverişli və maneəsiz alternativ yaradır. Başqa mühüm məsələlərdən biri də odur ki, layihə gələcəkdə Azərbaycanın mühüm strateji regionlarından biri olan Naxçıvan Muxtar Respublikasının Ermənistanın blokadasından çıxarılması üçün yaxşı perspektivlər vəd edir. Yəni, bu dəmir yolu Qarsdan Naxçıvana qədər uzanmaqla onun inkişafına və Türkiyə ilə Azərbaycan arasında körpü rolunu oynamasına yeni imkanlar yarada bilər. Bu mühüm strateji məsələlərlə yanaşı, layihənin sırf iqtisadi göstəriciləri də olduqca əhəmiyyətlidir. İlkin mərhələdə ölkəmizin ərazisindən beş milyon ton, gələcəkdə isə 15-17 milyon ton yükün, bir milyon konteynerin, təqribən bir milyon sərnişinin daşınması həm mühüm iqtisadi hadisə, həm də böyük turizm hadisəsi olacaq. Bütövlükdə bu mühüm nəqliyyat dəhlizi özünün ətrafında olduqca cəlbedici və nadir iqtisadi, maliyyə mühiti yaradacaq. Bu isə regionumuzda qlobal kataklizmlərdən qorunmaq üçün özünəməxsus siyasi sabitlik çətiri formalaşdıracaq".