“İşğalçı Ermənistanı dalana dirəmişik” Siyasət

“İşğalçı Ermənistanı dalana dirəmişik”

"Azərbaycan, Türkiyə və Pakistan üçlü əməkdaşlıq formatı hərbi-diplomatik dəstək ağırlıqlı formatdır. Bu format çərçivəsində hər üç ölkə arasıda həm hərbi-siyasi, həm də hərbi-texniki əməkdaşlıq daha da dərinləşəcək".
Bu fikirləri Pakistan, Türkiyə və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşünü şərh edən millət vəkili Sahib Alıyev deyib.
Üçlü formatın Azərbaycanın irəli sürdüyü təşəbbüs olduğunu qeyd edən millət vəkili bildirib ki, bu format çərçivəsindəki əməkdaşlıq iki qardaş dövlət olan Azərbaycanla Türkiyənin bir millət formuluna dayandığından, birinin digərinin potensialından daha çox faydalanmaq şansı yaradır: "Demək olar ki, məhz bu üçlü format çərçivəsindəki uğurlu əməkdaşlıqlar sayəsində biz işğalçı Ermənistanı daha da təcrid edərək tam dalana dirəmişik.
Azərbaycan, Türkiyə və Pakistan üçlü əməkdaşlıq formatı ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin bir fikrini xatırlatmaq istəyirəm. Türkiyə xarici işlər naziri ilə görüşdə ölkə başçısı bildirdi ki, "bu üçlü format həm ikitərəfli, həm də çoxtərfli əməkdaşlığa öz müsbət təsirini göstərir". Bu, həqiqətən də belədir. İkitərəfli əməkdaşlıq aydındır, ancaq elə çoxtərfli əməkdaşlıq formatları var ki, orada üç dost dövlət bir-birilərinin potensiallarından, digərlərinə təsir və yaxınlıq dərəcələrindən yetərincə faydalana bilərlər. Çünki üç dövlət arasındakı əməkdaşlıq, həqiqətən də səmimi əməkdaşlıqdır, xalqlarımızın istəklərinə tam uyğun əməkdaşlıqdır, ona görə də təkcə sənəd üzərində deyil, həm də əməldə strateji xarakter daşıyan əməkdaşlıqdır", - S.Alıyev vurğulayıb.