“Türkiyə Naxçıvanın təhlükəsizliyinə qarant ölkədir” Siyasət

“Türkiyə Naxçıvanın təhlükəsizliyinə qarant ölkədir”

"Türkiyənin baş naziri Binəli Yıldırım ötən gün bur günlük Naxçıvana səfər etdi. Qardaş ölkənin Baş nazirinin səfəri bir sıra mətləblərdən xəbər verir". Bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O, bildirib ki, Naxçıvanda hərbi arsenalın artırılması və silahlı qüvvələrin burada Türkiyə ilə mütəmadi hərbi təlimləri Naxçıvanın təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir: "Qeyd edim ki, Türkiyə Naxçıvanın təhlükəsizliyinə qarant ölkədir və burada öz silahlı qüvvələrinin Azərbaycanla birgə təlimlərini mütəmadi olaraq keçirir. Türkiyə ilə Azərbaycan arasında son illər birgə hərbi təlimlər intensiv xarakter alıb". Politoloq deyib ki, Ermənistanla Rusiya arasında birgə qoşun növünün yaradılması və bu qoşun növünün Naxçıvanla sərhəddə yerləşməsi, Türkiyə ilə Azərbaycanın da birgə qoşun növünün yaradılmasını labüd edir. Təbii ki, bu birgə qoşun növünün Naxçıvan ərazisində yaradılması daha məqsədə uyğun sayılır: "Ermənistan daima Naxçıvan üçün təhlükə mənbəyidir. Burada birgə qoşun növünün təşkili muxtar ərazinin təhlükəsizliyini yüksək səviyyəyə qaldıracaq. Görünür, Türkiyə Baş naziri cənab Binəli Yıldırımın Naxçıvana gəlişi ikitərəfli əlaqələrin inkişafı və birgə qoşun növünün yaradılması üçün ən yüksək səviyyədə qərarların müzakirəsi üçündür. Regionda çox ciddi siyasi proseslər yaşanır. Ermənistan və Rusiyanın Qarabağ münaqişəsinin nizamlanmasında tutduğu mövqe, Naxçıvanın da təhlükəsizlik problemini artırır". Məhəmməd Əsədullazadə hesab edir ki, Baş nazir Binəli Yıldırımın qəfil səfəri, apardığı danışıqlar və burada müşahidələri birgə qoşun növünün yaradılmasına hesablanması istisna deyil: "Gələn il iki ölkənin mütəmadi hərbi təlimləri və birgə ordu qruplaşması Naxçıvanda gerçəkləşməsi Ermənistan üçün ciddi mesaj olacaq".