Bu gün Ramil Usubovun doğum günüdür - deputatlar daxili işlər naziri haqda danışdılar Siyasət

Bu gün Ramil Usubovun doğum günüdür - deputatlar daxili işlər naziri haqda danışdılar

Çingiz Qənizadə: "Ramil müəllim tək-tək nazirlərdəndir ki, deputat müraciət etdiyi anda, qısa zaman kəsiyində onu şəxsən qəbul edir, dinləyir"

Zahid Oruc: "Ramil Usubov müstəqil dövlətçilik tariximizin həqiqi generallarından biridir"

Qüdrət Həsənquliyev: "Kələkidə çətin zamanlarda Usubovun fəaliyyətini diqqətlə izləyən Elçibəy bir dəfə söylədi ki, mənim belə bir nazirim olsaydı, bizi devirmək mümkün olmazdı"
Fazil Mustafa: "Azərbaycandakı ictimai sabitliyin qorunmasında Ramil Usubov kimi təcrübəli dövlət xadiminin müstəsna rolu var"

Dekabrın 22-si Azərbaycan Respublikasının daxili işlər naziri, polis general-polkovniki Ramil Usubovun doğum günüdür. Usubov Ramil İdris oğlu 1948-ci ildə Xocalı rayonunda anadan olub. 1973-cü ildə N.Rizayev adına Bakı Xüsusi Orta Polis məktəbini, 1980-ci ildə isə SSRİ DİN-in Akademiyasını bitirib. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib.
1970-ci ildən daxili işlər orqanlarında xidmət edir. Cinayət-axtarış strukturlarında xidmət aparıb, 1975-ci ildə Şuşa rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin rəisi, 1980-1984-cü illərdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini, 1984-1987-ci illərdə Əli Bayramlı şəhər-rayon polis şöbəsinin rəisi vəzifələrində işləyib.
1987-1989-cu illərdə Naxçıvan Muxtar Respublikası daxili işlər naziri təyin olunub, 1989-1993-cü illərdə Azərbaycan Respublikası DİN-in Cinayət Axtarış İdarəsinin rəisi, Pasport İşləri, Viza və Qeydiyyat İdarəsinin rəisi, Kadrlar İdarəsinin şöbə rəisi vəzifələrində çalışıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 avqust 1993-cü il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası daxili işlər naziri təyin olunub.
Azərbaycan Respublikasının Prezidentinin 29 aprel 1994-cü il tarixli 140 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilib.
Azərbaycan Respublikasının Prezidentinin 3 may 1994-cü il tarixli 144 nömrəli Fərmanı ilə general-mayor, 26 dekabr 1995-ci il tarixli 418 nömrəli Fərmanı ilə general-leytenant, 15 yanvar 2002-ci il tarixli 637 nömrəli Fərmanı ilə general-polkovnik hərbi rütbəsi verilib. Ailəlidir, üç övladı var.
Milli Məclisin üzvləri musavat.com-a açıqlamaları zamanı daxili işlər nazirinin həyat və fəaliyyəti barədə fikirlərini bildirdilər, həmçinin cənab nazirə doğum günü münasibətilə təbriklərini çatdırdılar.
Deputat Çingiz Qənizadə öncə daxili işlər naziri barədə ürək sözlərini bölüşdü: "Mən hüquqşünas olaraq, təbii ki, hüquq mühafizə orqanlarının rəhbərlərini həmişə kənardan seyr edən, sonra yaxın təmasda olan, ardınca daha yaxın münasibətdə olan şəxslərdən biri kimi, Ramil müəllimi də uzun illərdir, bəlkə də bir neçə onilliklərdir tanıyıram. Ramil müəllim peşəkar hüquqşünas və peşəkar polis zabitidir. Eyni zamanda Ramil müəllim peşəkar inzibatçı və idarəedicidir. Yəni daxili işlər orqanları kimi bir qurumu, böyük bir nazirliyi, bəlkə də ştat vahidinə görə Azərbaycanda ən çox əməkdaşı olan bir nazirliyi indiki formada saxlamaqla və eyni zamanda bu keçid dövründə daxili işlər orqanlarına rəhbərlik edə-edə, həm də bu qurumda böyük islahatlar aparmaqla bugünkü Azərbaycan polisinin ərsəyə gətirilməsində Ramil müəllimin xüsusi yeri və rolu var. Bundan başqa, Azərəbaycanda ictimai-siyasi sabitliyin bərqərar olmasında və bugünkü ictimai-siyasi sabitliyin təmin olunmasında daxili işlər orqanlarının, o cümlədən cənab nazirin öz yeri və fəaliyyəti var. Ramil Usubov dövlətə, dövlətçiliyə və təbii ki, cənab prezidentinə olduqca sadiq insanlardan biridir. Ramil müəllim eyni zamanda dostlarına qarşı sadiqdir, diqqətlidir. Onun haqqında kifayət qədər müsbət fikirlər var. Ramil müəllimi yaxından tanıyanlar həmişə qeyd edirlər ki, o, nazir olmadığı və olduğu dövrdə daim dostlarına qarşı sadiq və diqqəti olub".
Ç.Qənizadə qeyd etdi ki, Milli Məclisin üzvləri hər zaman DİN rəhbərinə böyük simpatiya bəsləyirlər: "Milli Məclisin deputatları daim cənab Ramil Usubov haqqında xoş sözlər söyləyirlər. Çünki Ramil müəllim tək-tək nazirlərdəndir ki, hər bir deputat müraciət etdiyi anda, qısa zaman kəsiyində onu şəxsən qəbul edir, dinləyir. Təbii ki, millət vəkillərinin müraciətlərinin böyük əksəriyyəti seçildiyi dairənin problemləri, orada baş verən hansısa bir məsələ ilə bağlı, yeri gələndə kadr məsələləri ilə əlaqədar olur. Amma Ramil müəllim istənilən məsələlərlə bağlı millət vəkillərini qəbul edərək dinləyir. Eyni zamanda cənab nazir QHT nümayəndələrini, jurnalistləri, cəmiyyətdə az-çox tanınan insanları fərdi qaydada qəbul etmək imkanına malik olan səlahiyyət sahiblərindəndir".
Ç.Qənizadə dedi ki, DİN rəhbəri eyni zamanda gözəl ailə başçısıdır: "Təbii ki, biz kənardan bütün nazirlərimizi, cəmiyyətdə tanınan şəxsləri müşahidə edə bilirik. Ramil müəllim övladları ilə bağlı da qarşıya qoyduğu məqsədlərə çatmış valideyndir. Övladlarının savadlı, tərbiyəli, xalqına, dövlətinə layiq bir kadr kimi yetişdirilməsində bir ata olaraq onun xüsusi rolu var. Biz ayrı-ayrı məmurların övladları haqqında müxtəlif fikirlər eşidirik. Amma Ramil müəllimin övladlarından biri artıq general rütbəsindədir və atasının işini layiqincə davam etdirir. Bu da təbii ki, bir valideyn üçün qürurverici haldır".
Deputat Ç.Qənizadə Ramil Usubovun doğum günü ilə bağlı arzularını da ifadə etdi: "Xatırlayıram, ulu öndər Heydər Əliyev demişdi ki, nə qədər mən varam, Ramil Usubov da nazir olacaq. Bu gün də İlham Əliyev cənabları atasının siyasətini davam etdirən bir şəxsdir. Belə hesab edirəm ki, nə qədər İlham Əliyev prezident olacaq, Ramil Usubov da daxili işlər naziri kimi və yaxud daha yüksək bir vəzifədə cənab prezidentin yanında olacaq. Mən Ramil müəllimə ilk növbədə cansağlığı diləyirəm. İnanıram ki, ona tapşırılmış çətin, şərəfli vəzifədə həmişə olduğu kimi, bundan sonra da böyük uğurlar qazanacaq. Həmçinin ona bir valideyn kimi, övladlarının xoş günlərini görməyi arzulayıram. Mən əminəm ki, səmimi, mehriban, gülərüz, xoş bir insan olan Ramil müəllim bundan sonra hələ uzun illər dövlətimizin idarəçiliyində mühüm rol oynayan aparıcı şəxslərdən biri olacaq".
Deputat Zahid Oruc isə müxbirimizə bunları söylədi: "İki mininci illərdə parlament fəaliyyətinə başlayanda ekrandan və mətbuatdan gördüyüm Azərbaycanın müharibədən sonrakı mənzərəsini daha yaxından izləməyə imkan yarandı. 90-cı illər xaosundan və siyasi çevrilişlərindən qurtulan ölkədə dağılmış iqtisadiyyatı yenidən qurmaq, hökm sürən humanitar fəlakəti aradan qaldırmaq və qırılmış dövlət-vətəndaş birliyini bərpa etmək üçün zaman tələb olunurdu. O vaxtlar cəbhə bölgələrindəki durum daha acınacaqlı idi. Təmsil etdiyim ərazidə Qarabağ savaşının mirası olan vaqon və çadır şəhərcikləri, doğma yurdları ilə bərabər, bütün maddi sərvətlərini itirən insanların dərdi-səri qədim Bərdəni tanınmaz hala salmışdı. O illərdə Ulu Öndərin tapşırığı ilə Daxili İşlər naziri Ramil Usubovun köçkün ailələrinə hansı miqyasda yardımlar göstərdiyinin şəxsən şahidi olmuşam. İsti yaraları sarımaq və inamları sarsılmış kütlələri dövlətçilik idealları ətrafında birləşdirmək üçün qeyri-ordinar addımlara ehtiyac vardı. Təsəvvür edin, böyük Heydər Əliyev bölgələrdə hələ də sabit idarəçiliyə təhlükə törədən qiyamçı dəstələrin mövcudluğuna görə bəzən gecədən xeyli keçmiş ən kritik anlarda fövqəladə qərarlar qəbul etməli olurdu. O vaxtlar nazir Ramil Usubov təcrübəli dövlət adamı kimi Qarabağ bölgəsində müxtəlif silahlı dəstələrin ram edilməsi, məkrli təxribat qruplarının və pozucu dəstələrin zərərsizləşdirilməsində prezident komandasının həlledici üzvlərindən biri idi.
Lakin məsələ təkcə siyasi vəzifələrin öhdəsindən gəlməkdən ibarət deyildi. Bərdə kimi mərkəzi bir rayonun yüz minlərlə insanına xidmət edən dövlət xəstəxanasında adicə Rentgen aparatı Stalin dövrünün yadigarıydı. Doğrudur, indi vəziyyət köklü şəkildə dəyişib və müasir infrastrukturu olmayan rayonu təsəvvürə gətirmək mümkün deyil. Lakin o vaxtlar mənzərə başqaydı.
Bəli, hökumət içərisində nüfuz və geniş əlaqələri hesabına nazir Ramil Usubov səhiyyə sisteminə də, vətəndaşların içməli, yaxud təsərrüfat məqsədli su ehtiyaclarına da qatlaşmalı olurdu. Gerçək tablo beləydi.
Tribunadan deyilən sözlərin aşağı qatında-real həyatda bir nazir ölkənin prezidenti və vətəndaşları arasında yüksək etimad mühitinin formalaşmasında fədakarlığı, dürüstlüyü və canıyananlığı ilə iştirak edirdi. Hər halda dövləti paytaxtda qurmaq və qorumaqla regionlarda daha fərqli mürəkkəb vəzifələrin öhdəsindən gəlmək eyni səviyyədə tutula bilməzdi.
Doğrudur, ölkədə siyasi sabitlik ilk növbədə, prezident İlham Əliyevin güclü şəxsiyyət amilinə, onun strateji baxışlar sisteminə və yürütdüyü kursa söykənir. Eyni zamanda, ötən illərdə xaricdən eksport edilən inqilabi ssenarilər və daxildən təşviq olunan toqquşmalar zamanı hüquq-mühafizə orqanlarının nümayiş etdirdikləri sabit dövlətçilik mövqeyi mühüm rol oynayıb. Təsadüfi deyil ki, Qərb siyasi institutlarının hücum etdikləri hədəflər sırasında DİN sistemi ayrıca sətirlə keçir. Lakin dövlətin qoruyucu zirehini dağıtmaqla hakimiyyəti müdafiəsiz qoymaq planına ölkə prezidenti tərəfindən daim kəskin müqavimət göstərilib. Müxtəlif illərdə "polis günü" ilə bağlı keçirilən rəsmi tədbirlərdə iştirak etdiyimizə rəğmən Ramil müəllim tərəfindən nümayiş olunan yüksək dövlət ərkanı, veteranlardan tutmuş sıravi heyət təmsilçilərinə və müvafiq dövlət qurumlarının nümayəndələrinə münasibətdə əsil peşəkar idarəçilik yanaşması, birləşdiricilik xüsusiyyətləri və liderinə dönməz sədaqət keyfiyyətləri sistem adamları üçün nümunə sayıla bilər.
Vaxtilə 14-cü Lüdovik deyirdi ki, dövlət idarəedənlərin şəxsi keyfiyyətlərinin məcmusudur. Fransız hökmdarın tezisinə söykənib də tam məsuliyyətlə demək olar ki, hakimiyyət sistemində epizodik rol alanları tarix çoxdan unudub. Ona görə də hər bir hökumət təmsilçisinin fəaliyyətini dəyərləndirərkən hamımız tarixə əbədi imzasını qoymuş böyük dövlət adamı Heydər Əliyevin öz yaxın silahdaşlarına verdiyi qiymətdən çıxış edirik. Bir liderin idarəçilik stilində çox nadir hallarda rast gəlinən belə açıq etimad səhnələri yəqin ki, hakimiyyət səlnaməçilərinin yaddaşlarından silinməyib. Nəhəng bir imperiyanın zirvəsində hər zaman insan dünyaları ilə işləmiş Heydər Əliyevin etibarını qazanmaq təkcə sədaqət və dönməzliklə deyil, həm də sərtlik tələb edən hüquq-mühafizə orqanları sistemində peşəkarlıqla, yüksək səriştə ilə, təşəbbüskarlıqla qazanıla bilərdi. Bir sözlə, 90-cı illərdə siyasi və iqtisadi cəhətdən təcridolunmuş Naxçıvan Muxtar Respublikasında böyük sınaqlardan keçən komanda üzvlərini sonralar paytaxta-böyük idarəçiliyə gətirən Birinci şəxsdən alınan yüksək qiymət fonunda başqa epitetlərə ehtiyac qalmır. Ramil Usubov müstəqil dövlətçilik tariximizin həqiqi generallarından biridir".
Deputat Qüdrət Həsənquliyev Musavat.com-a bildirdi ki, daxili işlər nazirini hələ gənclik illərindən tanıyır:"Ramil Usubov barədə tələbəlik illərindən məlumatım var idi. Hərbi xidmətdən qayıdan qardaşım Nadir DİN-də işə düzəlmək üçün o zaman muxtar respublikanın naziri kimi Ramil müəllimə müraciət etmişdi. Nadiri qəbul edən Ramil müəllim onu bir az sorğu- suala tutub idmançı görkəminə baxaraq söyləmişdi ki, polisə belə işçilər lazımdır və dərhal işə qəbul etmişdi. Nadir həmişə onun haqqında hörmətlə danışar və söyləyərdi ki, o, öz işçilərini müdafiə etməyi, onların hüquqlarını qorumağı bacaran nazirdir. Ramil Usubov cəsarətli insan olaraq ona göstərilmiş etimadı doğrultmuş, ölkədə sabitliyi təmin etməklə cinayətkarlığa qarşı effektli mübarizə aparılması üçün mümkün olan hər şeyi edib". Q.Həsənquliyev qeyd etdi ki, R.Usubov bir nazir olaraq deputatların müraciətlərinə həmişə diqqətlə yanaşıb: "Deputat həmkarlarımdan kimsədən eşitməmişəm ki, onlar nazirlə əlaqə yarada bilməmələrindən danışsınlar. Halbuki nəinki nazirlərlə, hətta bəzi icra başçıları ilə əlaqə yaratmağın nə qədər çətin olduğunu deputatlar yaxşı bilir. Hər bir sahədə olduğu kimi, DİN-in də fəaliyyətində nöqsanlar var və onların aradan qaldırılması üçün ciddi qərarların qəbul olunduğunu görürük. Şahidi olduğum söhbətlərdən bilirəm ki, əmin-amanlığın təmin olunmasında DİN-in fəaliyyətindən danışılarkən o, həmişə xüsusi təvazökarlıqla bildirir ki, bu, ölkə prezidentinin yürütdüyü siyasətin nəticəsidir. Ümid edirəm ki, bundan sonra da Ramil Usubovun rəhbərlik etdiyi Daxili İşlər Nazirliyi öz işini daima təkmilləşdirəcək, bizim və hüquq müdafiəçilərinin qaldırdığı prblemlərin həlli üçün səylərini əsirgəməyəcək".
Q.Həsənquliyev nazirlə bağlı maraqlı bir faktı da xatırlatdı: "Düşünürəm mərhum prezident Əbülfəz Elçibəyin Ramil Usubov haqqında dediyi bir fikri ictimailəşdirməyim lazımdır. Kələkidə çətin zamanlarda Usubovun fəaliyyətini diqqətlə izləyən Elçibəy bir dəfə söylədi ki, mənim belə bir nazirim olsaydı, bizi devirmək mümkün olmazdı... Mən Ramil Usubovu doğum günü münasibətilə təbrik edirəm, şəxsi həyatında xoşbəxtlik, fəaliyyətində uğurlar arzu edirəm".
Deputat Fazil Mustafa isə əməkdaşımıza bildirdi ki, Azərbaycandakı ictimai sabitliyin qorunmasında Ramil Usubov kimi təcrübəli dövlət xadiminin müstəsna rolu var: "Polisin fəaliyyəti əslində cəmiyyətin bütün qatları ilə iç-içə olduğundan kifayət qədər gərgin münasibətləri özündə ehtiva edir. Məhz Ramil Usubovun dəqiq idarəçilik anlayışı ilə bu münasibətlərdə olan bütün müsbət və neqativ təzahürlər dərhal aşkara çıxarıla bilir". F.Mustafa da digər həmkarları kimi, DİN başçısının ona ünvanlanan müraciətlərə həssas münasibətindən razılıq etdi: "Mətbuata ən həssas yanaşan nazirdir, deputat sorğularına bəlkə də ən çevik və əhatəli cavab verməklə dövlətçilik ənənəsinə ciddi həssaslıq nümayiş etdirir. Şəxsən mən, onun hansısa müraciət olunan məsələyə diqqətsiz yanaşdığını şahidi olmadım. Doğum günü münasibəti ilə general-polkovnik Ramil Usubovu təbrik edirəm, can sağlığı və dövlətçiliyimiz üçün faydalı çalışmalarının davamını arzulayıram".