Azərbaycan prezidentindən önəmli təklif Siyasət

Azərbaycan prezidentindən önəmli təklif

İlham Əliyev: "Müəyyən mərhələdə Türkdilli dövlətlərin birgə investisiya fondunun yaradılması haqqında da düşünməliyik

"Azərbaycan hazırda Türkiyəyə böyük həcmdə investisiya qoymağa başlayıb. Növbəti 5-6 il ərzində bu investisiyaların həcmi ən azı 20 milyard dollar olacaq. Hesab edirəm ki, qarşılıqlı investisiyaların qoyuluşu həm bizim maraqlarımızı təmin edəcək, eyni zamanda, birliyimizi daha da möhkəmləndirəcək".
APA-nın məumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Bodrumda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) IV Zirvə toplantısında çıxışı zamanı deyib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan ölkələr arasındakı birliyi nəqliyyat infrastrukturu ilə möhkəmləndirmək üçün səylər göstərir.
"Bakı-Tiflis-Qars dəmir yolunun tikintisi tarixi hadisədir. Əminəm ki, gələn ildən başlayaraq bu yol açıq olacaq. Beləliklə, yeni dəmir "İpək yolu" bərpa ediləcək. Bu layihənin həyata keçirilməsi Şuranın bütün üzvləri üçün əlavə fayda gətirəcək. Çox şadam ki, həm Azərbaycanda, həm Qazaxıstanda, həm Türkmənistanda mövcud olan limanlar genişləndirilir. Eyni zamanda, Xəzərdə yeni ticarət limanları tikilir ki, gələcəkdə biz yük daşımalarının artırılmasına tam şəkildə hazır olaq. Limanların, Bakı-Tiflis-Qars dəmir yolunun tikintisi, ticarət dövriyyəsinin artırılması, əlavə yüklərin və mövcud olan yüklərin bu yolla nəqli iqtisadi maraqlarımızı artıracaq, eyni zamanda, işimizi konkret tədbirlərlə zənginləşdirəcək".
Enerji sahəsində əməkdaşlığın uğurlu olduğunu deyən İ.Əliyev qeyd edib ki, bu gün Azərbaycan Xəzərin şərq sahilindən Qərb istiqamətinə neft məhsullarının, neftin nəqlini təmin edir, yəni, tranzit rolunu oynayır. O bildirib ki, Bakı-Tiflis-Qars dəmir yolu işə düşəndən sonra bu rol daha da artacaq.
"Biz enerji sahəsində əməkdaşlığı daha da dərinləşdirmək əzmindəyik. Buna nail olmaq üçün bütün imkanlar var. Bizi birləşdirən coğrafiya geniş coğrafiyadır. Bizim ölkələrimizin bir neçəsi təbii resurslarla zəngindir. Bu resurslar artıq müxtəlif yollarla dünya bazarlarına çıxarılır. Yəni, həm Türkmənistanın, həm Qazaxıstanın, həm Azərbaycanın müstəqil və çoxşaxəli ixrac yolları var. Yəni, heç bir ölkə ixracla bağlı heç bir problem yaşamır. Ancaq maraqlarımızı daha da dolğun şəkildə təmin etmək, birliyimizi möhkəmləndirmək üçün biz bu sahədə birgə tədbirləri görməliyik və əminəm ki, görəcəyik. Beləliklə, əməkdaşlığımız növbəti illərdə daha da möhkəm olacaq. Yeni təşəbbüslər irəli sürüləcək. Hesab edirəm ki, müəyyən mərhələdə biz birgə investisiya fondunun yaradılması haqqında da düşünməliyik. Çünki ölkələrimizin maliyyə vəziyyəti çox sabitdir, yaxşıdır. Biz heç bir problem yaşamırıq. Hətta özümüz də başqa ölkələrə kredit verməyə başlamışıq", - deyə o vurğulayıb.