“İşğalçı qoşunların Azərbaycanın bütün ərazilərini tərk etdikdən sonra...” Siyasət

“İşğalçı qoşunların Azərbaycanın bütün ərazilərini tərk etdikdən sonra...”

Mübariz Əhmədoğlu: "Azərbaycan Ermənistana tam təhlükəsizlik təminatı verə bilər"

"Fransa xarici işlər naziri Jan-İv Le Drian regionda olarkən Dağlıq Qarabağ tənzimlənməsində çox aydın mesaj verdi: Status-kvo və güc qəbuledilməzdir. Praqmatik və kreativ yanaşma olmalıdır".
Bunu politoloq Mübariz Əhmədoğlu bildirib. Politoloq qeyd edib ki, bu bəyanatla J.L.Drian Fransanın adından Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Ermənistanın mövqeyinin səhv olduğunu, beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olmadığını Ermənistan rəhbərliyinin diqqətinə çatdırır: "Bununla Fransa bacısı Ermənistana düzgün yol göstərir: İşğalçılıqdan mümkün qədər tez əl çək, praqmatik və kreativ ol. Ermənistan rəhbərliyinin davranışı Fransanın xarici işlər naziri Jan-İv Le Drianın Dağlıq Qarabağ tənzimlənməsi barədə verdiyi bu bəyanatın mahiyyətini anlamaq niyyətində olmadığını göstərir. İndiki fikir konyunkturasında status-kvonun qəbuledilməzliyi Azərbaycanın maraqlarına uyğun fikir kimi qəbul edilir. Ermənilər isə həmişə Azərbaycanın hərbi gücündən qorxublar və bunu kəlmə başı bütün beynəlxalq aləmə çatdırırlar. Əslində L.Drianın qısa bəyanatının siyasi məzmunu da bundan ibarətdir; Əgər Ermənistan Azərbaycanın hərbi gücündən əziyyət çəkmək istəmirsə, o zaman status-kvonu dəyişməlidir. Status-kvonun dəyişməsinə uyğun olaraq Azərbaycanın hərbi gücündən müvafiq təhlükəsizlik təminatlarını alacaq". M. Əhmədoğlu vurğulayıb ki, işğalçı qoşunlarının Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın bütün ərazilərini tərk etdikdən sonra Azərbaycan Respublikası Ermənistan Respublikasına tam təhlükəsizlik təminatı verə bilər: "Ona görə Ermənistan rəhbərliyinin arabanı atdan qabağa bağlamasına ehtiyac yoxdur. Status-kvonu dəyişməyə başlayan kimi Azərbaycan tərəfdən adekvat cavablar alacaq. Bu məsələnin digər tərəfi daha vacibdir. Ermənistan ordusundakı ölümlərin böyük əksəriyyəti Azərbaycan ordusu ilə əlaqəli deyil. Kriminal razborkalar yuvasına çevrilmiş Ermənistan ordusunda sui-qəsdlərin, qeyri-nizamnamə rəftarı nəticəsində ölümlərin sayı xeyli artıb. Ermənistandakı sosial problemlər də ordunun şəxsi heyətinə təsir edir".