Rəsmi Bakı Avropa İttifaqına cavab verdi Siyasət

Rəsmi Bakı Avropa İttifaqına cavab verdi

Elman Abdullayev: "Avropa İttifaqı tərəfindən verilmiş bu bəyanatda qərəzli yanaşma və siyasi təzyiq cəhdləri özünü göstərir"

Xarici İşlər Nazirliyinin sözçüsü Elman Abdullayev Avropa İttifaqının ali nümayəndəsi Ketrin Eşton və komissar Ştefan Fülenin bəyanatına münasibət bildirib. Xatırladaq ki, Aİ rəsmiləri Azərbaycanda qeyri-hökumət təşkilatları haqqında qanuna əlavə və dəyişiklikləri tənqid ediblər.
XİH sözçüsünün açıqlamasında deyilir: "Avropa İttifaqının ali nümayəndəsi Ketrin Eşton və komissar Ştefan Fülenin Azərbaycan Respublikasında vətəndaş cəmiyyətinin fəaliyyətində şəffaflığın artırılmasını, QHT-lərin və bu sahədə mövcud hüquqi bazanın daha da inkişafını nəzərdə tutan qanunlara əlavə və dəyişiklər ilə əlaqədar 12 fevral 2014-cü tarixli bəyanatı (Avropa İttifaqı Azərbaycan prezidentinin imzaladığı qanunları pislədi) təəccüblü və anlaşılmazdır. Bu cür açıqlamalar verilərkən Avropa İttifaqının hansı "etibarlı" mənbələrə istinad etməsi maraq doğurur.
Avropa Şurasına üzvlüyə qəbul olunandan etibarən Azərbaycan Respublikası tərəfindən öz üzərinə götürülən öhdəliklər yerinə yetirilmiş, Avropa Şurasının Venesiya Komissiyası ilə əməkdaşlıq çərçivəsində qanunvericiliyin hazırlanması və inkişafına baxılmışdır.
Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş QHT-lər haqqında qanuna son əlavə və dəyişikliklər QHT-lər, Azərbaycan Respublikasının Milli Məclisi və Ədliyyə Nazirliyi və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə geniş ictimai müzakirəyə çıxarılmış və vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən irəli sürülən təkliflər qəbul edilmiş əlavə və dəyişikliklərdə nəzərə alınmışdır. Ortaq rəy ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikasının Konstitusiyası və Avropa İnsan Hüquqları Konvensiyası əsasında hazırlanmış son əlavə və dəyişikliklər yalnız vətəndaş cəmiyyətinin fəaliyyətində şəffaflığın artırılmasına və QHT-lərin inkişafına xidmət edəcək.
QHT-lərin və vətəndaş cəmiyyətinin fəaliyyətini tənzimləyən Azərbaycan Respublikasının qanunvericiliyi Avropa İttifaqı ölkələrinin bu sahədəki qanunvericiliyindən heç bir halda geri qalmır, əksinə, bir çox meyarlar üzrə bir sıra Avropa ölkələrinin qanunvericiliyindən daha demokratik xarakter daşıyır.
Ümumiyyətlə, Azərbaycan Respublikası tərəfindən vətəndaş cəmiyyətinin inkişafı və vətəndaş cəmiyyəti nümayəndələrinin ictimai həyatın bütün sahələrində və qanunvericilik fəaliyyətində yaxından və fəal iştirakının təmin edilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.
2013-cü ilin noyabr ayında Azərbaycan Respublikasının İctimai iştirak haqqında qanunu qəbul edilmişdir. "Azərbaycan 2020: gələcəyə baxış" konsepsiyasında Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı barəsində nəzərdə tutulan hədəf və məqsədlər əsasında beşillik fəaliyyət planı hazırlanmışdır. Avropa Şurasının Azərbaycan üzrə 2014-2016-cı illəri əhatə edən fəaliyyət planında Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı üzrə xüsusi fəsil də nəzərdə tutulmuşdur.
Azərbaycanda QHT-lərin və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində görülmüş tədbirləri və əldə edilmiş nailiyyətləri görmədən və dəyərləndirmədən Avropa İttifaqı tərəfindən verilmiş bu bəyanatda qərəzli yanaşma və siyasi təzyiq cəhdləri özünü göstərir".

TURQUT