“Ermənistanı sarsıdacağıq” Siyasət

“Ermənistanı sarsıdacağıq”

"Son 20 ildə şəhid ailələrinə, müharibə əlillərinə 5500-dən çox fərdi ev və mənzil, 6 mindən çox minik avtomobili verilib".
Bunu prezident İlham Əliyev Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində çıxışında deyib.
Prezident əlavə edib ki, bu, dövlətin həmin şəxslərə qayğısının göstəricisidir: "Dövlətin bu siyasəti bu gün də davam etdirilir. Bu gün sizə 35 mənzil təqdim edilib. Dövlət bu mənzilləri satın alıb və sizə hədiyyə edib. 136 minik avtomobili də sizə hədiyyədir. İlin sonuna qədər nəzərdə tutulan rəqəm 170 mənzil və fərdi evdir. Hələ də 4 minə yaxın insan növbədədir. Onlar üçün də əlavə vəsait ayıraraq minimum 300 mənzilin alınması ilə bağlı qərar qəbul edəcəyəm və beləliklə, ilin sonuna kimi 500-ə yaxın insan mənzillə təmin ediləcək".
Prezident qeyd edib ki, gələn il sürətli inkişaf ili olacaq, maliyyə imkanlarımız daha da genişlənəcək".
Dövlət başçısı deyib ki, infrastruktur və sosial məsələlərin həlli diqqət mərkəzində olacaq.
Azərbaycan prezidenti öz nitqində Dağlıq Qarabağ münaqişəsninin tənzimlənməsi prosesinə də toxunub. "Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu bildirən dövlət başçısı qeyd edib ki, bütün dünya ölkələri ölkəmizin ərazi bütövlüyünü dəstəkləyir: "Keçən ay Avropa İttifaqı ilə paraflanmış sənəddə Azərbaycanın ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığına dəstək ifadə olunub. Eyni zamanda keçən ay NATO-nun zirvə görüşündə qəbul edilmiş Bəyannamədə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir. Bunlar beynəlxalq hüququ, ədaləti əks etdirən sənədlər, eyni zamanda işğalçı ölkəyə göndərilən siqnallardır. İşğalçı ölkə bilməlidir ki, beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir".
Prezident İlham Əliyev qeyd edib ki, 20 il Ermənistana rəhbərlik etmiş xunta rejimi çöküb, işğalçı siyasəti iflasa uğrayıb: "İşğalçılıq siyasətinə görə Ermənistan bu gün ağır, təcrid edilmiş vəziyyətdədir. Azərbaycanla münasibətlər normallaşana qədər də belə olacaq. Bunun üçün işğalçı dövlət torpaqlarımızdan dərhal çıxmalıdır. 25 il əvvəl BMT Təhlükəsizlik Şurası qətnamələr qəbul edib. Həmin qətnamələrə görə erməni işğalçı qüvvələri işğal olunmuş torpaqlardan çıxarılmalıdır. Həll yolu budur. Ermənistanın indiki hakimiyyəti əvvəlki xunta rejimin səhvlərini buraxmamalıdır.
Ancaq onlar tərəfindən səslənən ziddiyyətli bəyanatlar təəccüb doğurur. Bir-birini təkzib edən bəyanatlar başa düşülən deyil. Bir tərəfdən deyirlər ki, Azərbaycan Ermənistanla yox, qondarma Dağlıq Qarabağ rejimi ilə danışıqlar aparmalıdır. Lakin bunu Azərbaycan və vasitəçilər qəbul etməyəcək. Özləri də bunu bilir. Eyni zamanda bu bəyanatdan bir müddət keçəndən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşür. Biz başa düşürük ki, yeni hökumətə beynəlxalq münasibətlər barədə məlumatlı olmaq üçün vaxt lazımdır. Ancaq verilən bəyanatlar sülhə vurulmuş yeni zərbədir. Çünki onlar işğalçı siyasəti davam etdirmək fikrindədirlər. Hələlik biz belə qənaətə gələ bilərik. Biz isə sülh istəyirik. Ancaq torpaqlarımız işğaldan azad edilənə qədər bu mümkün olmayacaq. Sülh istəyirlərsə, erməni əsgəri torpaqlarımızdan çıxmalıdır. Azərbaycan əsgərləri öz torpaqlarında şəhid, əlil olurlar. Erməni əsgərlərin isə bizim torpaqlarda heç biri işi olmamalıdır. İşğalçı işğal etdiyi torpaqlardan dərhal çıxmalıdır. O halda Azərbaycanla Ermənistan arasında əlaqə yarana və dayanıqlı sülh, inkişaf mümkün oluna bilər.
Münaqişənin tezliklə və mərhələli yolla həlli torpaqlarımızın azad olunmasından asılıdır. Biz və beynəlxalq aləm bunu tələb edirik. Ermənistan rəhbərliyi bundan sonra da işğalın uzadılmasına davam etdirəcəksə, biz də təcrid siyasətimizi davam etdirib, Ermənistanı sarsıdacağıq".
Prezident İlham Əliyev bildirib ki, Ermənistanda xunta rejimin çökməsində Azərbaycanın da siyasəti mühüm rol oynayıb: "Aprel döyüşləri onların çürümüş sütunlarına zərbə durdu, ondan sonra xunta rejimi uçuruma getdi. Apreldə 4 günlük döyüşdə Azərbaycan Ordusunun qüdrəti nümayiş olundu".
Prezident qeyd edib ki, bu siyasət davam etdiriləcək: "Beynəlxalq və siyasi müstəvidə təşkilatlar bizi dəstəkləyir. Azərbaycan və Ermənistan arasında iqtisadi sahədə böyük fərq, uçurum var. Hərbi sahədə də iyun ayında keçirdiyimiz parad göstərdi ki, kim nəyə qadirdir. Biz bütün bu imkanlardan istifadə edir və edəcəyik. Ermənistan rəhbərliyi bilməlidir ki, torpaqlarımızdan öz xoşu ilə çıxmalıdır", - deyə o vurğulayıb.