Türkiyə “S-400”-lər üçünxüsusi platformaların tikintisinə başlayıb Siyasət

Türkiyə “S-400”-lər üçünxüsusi platformaların tikintisinə başlayıb

Türkiyə Rusiyadan alacağı S-400 zenit-raket komplekslərinin qurulacağı xüsusi platformaların tikintisinə başlayıb.
Bu barədə Amerikanın "CNBC" telekanalı ABŞ xüsusi xidmət orqanlarının hesabatı ilə tanış olan mənbəsinə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, ABŞ kəşfiyyatının bir ay öncə açıqladığı hesabatda peyk vasitəsilə əldə olunan görüntülər var. Həmin görüntülərdə Türkiyənin "S-400"lərin buraxılışı üçün obyektlər və bunkerlərin inşası təsbitlənib. Mənbə əminliklə vurğulayıb ki, həmin tikililərin və hərbi platformanın konstruksiyası məhz Rusiyanın S-400 raketdən müdafiə sistemlərinə uyğun gəlir.
Qeyd edək ki, ötən ilin dekabrında Türkiyə "S-400" zenit-raket komplekslərini almaq üçün Rusiya ilə kredit müqaviləsi imzalayıb. Türkiyənin müdafiə sənayesi üzrə müşaviri İsmayıl Dəmir Rusiyanın "S-400" sistemlərinin 2019-cu ilin 29 iyulunda ölkəyə gətiriləcəyini deyib.
ABŞ və NATO rəhbərliyi Türkiyənin Rusiyadan "S-400" raketdən müdafiə kompleksləri almaq istəyini dəfələrlə pisləyərək, bunun alyansın ümumi müdafiə sistemi ilə uzlaşmadığını bildiriblər. Vaşinqton hesab edir ki, "S-400" sistemlərinin alınması həmçinin, Türkiyəyə "F-35" qırıcılarının verilməsinə mənfi təsir edə bilər. Bu cür bəyanatlara rəğmən, Pentaqon 21 iyunda 2 ədəd beşinci nəsil "F-35" tipli çoxfunksiyalı qırıcı təyyarəni Türkiyəyə təhvil verib.
Lakin daha sonra qəbul olunan ABŞ-ın 2019-cu maliyyə ili üçün 716,3 milyard dollarlıq müdafiə büdcəsində qeyd olunub ki, Pentaqon Ankaranın "F-35" sazişində iştirakının qiymətləndirilməsinə dair hesabat təqdim etməyincə, həmçinin Türkiyənin Rusiya istehsalı olan "S-400" zenit-raket komplekslərini alması ilə yarana biləcək riskləri hesablayanadək ABŞ Senatı Ankaraya "F-35" qırıcılarının satışına qadağa qoyur.