“Rusiya bölgədəki problemi Türkiyə ilə birlikdə həll edə bilər” Siyasət

“Rusiya bölgədəki problemi Türkiyə ilə birlikdə həll edə bilər”

Toğrul İsmayıl: "Başqa sözlə, Rusiyanın təkbaşına bu problemi həll etməsi mümkünsüz və çətin işdir"


"Soçidən əvvəl Tehran görüşü zamanı qeyd etmişdim ki, Rusiya bölgədəki problemi Türkiyə ilə birlikdə həll edə bilər. Başqa sözlə, Rusiyanın təkbaşına bu problemi həll etməsi mümkünsüz və çətin işdir. Əlbəttə, burada həm Rusiyanın, həm də Türkiyənin öz maraqları var. Ancaq nəzərə almaq lazımdır ki, Astana prosesi zamanı bölgələrdə gərginliyin azaldılması, təhlükəsizlik zonalarının qurulması razılaşdırılıb". Bu fikirləri Türkiyədə yaşayan azərbaycanlı professor, siyasi şərhçi Toğrul İsmayıl Soçidə Ərdoğan-Putin görüşünü şərh edərkən səsləndirib. Onun sözlərinə görə, bu çərçivədə İdlib Türkiyənin nəzarətində idi: "Üstəlik bölgədə Türkiyəyə yaxın olan nisbətən liberal silahlı güclər də var. Belə olduğu təqdirdə Kremlin Bəşər Əsəd rejimini dəstəkləyərək, orada hərbi əməliyyatlar aparması Türkiyə ilə münasibətləri poza, üstəlik Rusiyanın etibarlı müttəfiq olması imicini zədələyərdi. Unutmayaq ki, Rusiya bölgədə hakim olmaq istəyir, amma buna təkbaşına etmək istəyini də gördük. Türkiyənin və digər bölgə ölkələrinin dəstəyi olmadan Rusiyanın buna nail olma imkanı yoxdur. Bu səbəbdən də Moskvanın sonda Ankara ilə razılığa gəlməsi lazım idi. Ən önəmli məsələ odur ki, Soçi görüşündən əvvəl İstanbulda Fransa, Almaniya, Türkiyə və Rusiyanın iştirakı ilə görüş keçirilib. Bu görüşdə də Suriya problemi və İdlib məsələsi müzakirə edilib. Düşünürəm ki, bu görüşün Soçidə razılıq əldə edilməsinə təsirləri olub. Əsas məsələ İdlib problemi ilə bağlı tərəflərin mövcud olan gərginliyi artırmadan, konsensusa gəlməsidir. Bu konsensusa əsasən, İdlibdən ağır silahlar götürülməli, Rusiya və Türkiyə birlikdə ortaq təhlükəsizlik dəhlizi yaratmalıdır. Yəni bunlar gərginliyi artırmayacaq tədbirlər kimi görünür. Məncə, belə razılaşma Türkiyə üçün olduqca vacib idi. Bu səbəbdən də Soçidə əldə olunan razılaşmanı müsbət addım saymaq olar".
Onun sözlərinə görə, razılaşmaya əsasən, həm də terrorçulara qarşı birgə mübarizə aparılacaq: "Bunların hər biri qəbul olunandır. Onsuz da Türkiyə tərəfinin əsas məqsədi İdlibə ediləcək hücum və bunun nəticəsində yaranacaq humanitar fəlakətin qarşısını almaq idi. Türkiyə bu təşəbbüslərini Tehran görüşü zamanı da irəli sürdü. Əsas məsələ terrorçulara qarşı birgə mübarizədir. Çünki İdlibdə hədəfləri dəqiq müəyyən etmədən müharibəyə başlamaq çox ağır nəticələrə səbəb olar. İndi hədəf daha konkretdir. Üstəlik, Türkiyə bölgəyə daha çox hakimdir. İdlibdə Türkiyənin 12 müşahidə məntəqəsi var. Rusiya, İran və Əsədin İdliblə bağlı əməliyyatı türk əsgərlərinin mühasirəyə düşməsinə səbəb ola bilərdi. Bu da mümkün olmayan bir işdir.
Digər tərəfdən, Türkiyə razılaşma əsasında üzərinə düşənləri həyata keçirmək imkanına malikdir. Müzakirə olunan bölgədə hakim olan, oranı daha yaxşı tanıyan Türkiyədir".
Bundan sonra Suriya prosesində nələr olacağını proqnozlaşdıran politoloq "mən Suriya böhranının başa çatdığını düşünmürəm",- deyə vurğulayıb: "Bu, bir prosesdir və davam edəcək. Əsas məsələ orada mövcud olan qüvvələrin bir-birilə silahlı qarşıdurmaya girməməsi, terrorçulara qarşı birgə fəaliyyətdir. Mən düşünmürəm ki, Bəşər Əsəd YPG-yə qarşı əməliyyat keçirsin. YPG ABŞ tərəfindən ciddi dəstəklənir. Digər tərəfdən, indiki mərhələdə əsas məqsəd Suriyada hərbi fazaya imkan verməməkdir. Bəşər Əsədin indiki mərhələdə ABŞ-ın nəzarətində olan kürdlərə qarşı əməliyyat keçirmək imkanı yoxdur. Növbəti mərhələdə Əsədin kürdlərə qarşı əməliyyat keçirib-keçirməyəcəyi bəlli olacaq. Bu mərhələdə rəsmi Ankaranın Bəşər Əsədlə diplomatik əlaqələri bərpa etməsi mümkün deyil. Türkiyə zamanında mövqeyini açıqlayıb. İkincisi, nəzərə almaq lazımdır ki, Suriyada hakim güc Bəşər Əsəd deyil, ruslardır. Ruslar Bəşər Əsədin arxasından çəkilən kimi Suriyada xaos yarana, Əsəd hər şeyini itirə bilər. Bu səbəbdən Türkiyə Bəşər Əsədlə deyil, ruslarla müzakirələr aparır.
İkincisi, Astana prosesi çərçivəsində Suriyanın yeni konstitusiyasının hazırlanması razılaşdırılıb. Bu mənada ara mərhələdə Bəşər Əsədin orada qalmasına Türkiyə göz yuma bilər, amma Bəşər Əsədlə barışmaq, yəni minlərlə insanı öldürən diktatorla bir araya gəlmək ağlabatan deyil".
Onun fikrincə, Suriyada proseslər davam edəcək: "u xəmir hələ çox su aparacaq. Suriyada olan oyunçular bundan sonra da orada qalacaq. Maraqlar tələb etdiyi üçün indiki şərtlərdə maraqlı tərəflər orada iştirakını davam etdirəcək.
Bəşər Əsədin hava hücumundan müdafiə qüvvəsi Rusiyaya məxsus və göyərtəsində 15 hərbçinin olduğu təyyarəni vurması faktı Moskva-Dəməşq arasında problem yaratmayacaq: "Müharibə bölgəsində belə hallar olar. Əlbəttə, Bəşər Əsəd buna görə cəzasını ala bilər. Lakin münasibətlər sıradan çıxmayacaq. Nəzərə almaq lazımdır Bəşər Əsədin silahlı qüvvəsi İsrailə məxsus qırıcıları hədəfə alarkən səhvən rus təyyarəsini vurub".