Avropa İttifaqı Azərbaycana tam dəstək verəcək Siyasət

Avropa İttifaqı Azərbaycana tam dəstək verəcək

Avropa İttifaqının (Aİ) EU4Energy Proqramının dəstəyi, Energetika Nazirliyi, Avropa Komissiyası, Beynəlxalq Enerji Agentliyi, bir sıra dövlət qurumlarının nümayəndələri və ekspertlərin iştirakı ilə Azərbaycanda uzunmüddətli enerji strategiyasının hazırlanması metodologiyasına dair seminar keçirilib.
Energetika nazirinin müavini Samir Vəliyev ölkəmizdə enerji strategiyasının hazırlanmasının metodologiyası ilə bağlı Avropa Komissiyasının dəstəyini yüksək qiymətləndirib. Nazir müavini deyib ki, energetika sektoru qarşısında mühüm hədəflər Strateji Yol Xəritəsində müəyyənləşdirilib və bu, enerji strategiyası ilə bağlı sənədin hazırlanması üçün baza rolunu oynaya bilər.
Azərbaycanla Avropa İttifaqı arasında enerji əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluğunu ifadə edən enerji və iqlim üzrə proqram meneceri Nataliya Miolato isə deyib ki, Aİ tərəfindən uzunmüddətli enerji strategiyasının hazırlanmasına tam dəstək veriləcək.
Bildirilib ki, sənəd hazırlanarkən ölkə üçün strateji hədəflər, inkişaf meyilləri, enerji resurslarının dinamikası, enerji təhlükəsizliyinin təminatı, enerji istehlakının strukturunda dəyişikliklər, bərpaolunan enerji mənbələri, beynəlxalq tendensiyalar, iqlim siyasəti kimi məsələlər nəzərə alınmalı və digər ölkələrin təcrübəsindən istifadə edilməlidir.
Tədbirdə enerji sahəsində strateji sənədlərin hazırlanmasına dair Avropa İttifaqı ölkələrinin təcrübəsi və enerji strategiyalarının təhlili, enerji sektorunun modelləşdirilməsi mövzularında təqdimatlar dinlənilib. Neft-qaz və elektrik enerjisi sektorları üzrə prioritetlər və strateji məqsədlərlə bağlı müzakirələr aparılıb.